SƏhidlƏr xiyabanında ana harayı

Son güncelleme: 11.04.2010 23:59
  • Ana

    Yer üzünü gəz, ey külək,
    Uğultunu kəs, ey külək!
    Yatan qızım oyanmasın,
    Burda asta əs, ey külək!

    Külək

    Soyuq qəlbli bəyəm mənəm,
    Qansızları bəyənmənəm.
    Bu məbədə çatan kimi
    Həzin layla deyən mənəm.

    Ana

    Biz görmüşdük yenə, çinar
    Səslən dönə-dönə çinar.
    Tez pöhrələn, kölgə sal ki,
    O vurğundu, sənə çinar

    Çinar

    Dərin köklü bir çinaram,
    Sən yanarsan, mən yanaram.
    Səhər-axşam bu məzara
    Mən keşikçi dayanaram.

    Ana

    Sellər, sular axır, torpaq,
    Nə ağırsan, ağır torpaq.
    Qızım donar soyuqdan ki,
    Üstünə qar yağır torpaq!

    Torpaq

    Mən torpağam, sor nəyim var,
    Mərd kəslərdən diləyim var,
    Ağlama, anam, ağlama,
    Mənim isti ürəyim var.

    Ana

    Sənə ana dedim, dünya,
    Nə qədər qəm yedim, dünya.
    Söylə, mənim Ceyhunumu
    Niyə, qoydun yetim, dünya?

    Dünya

    Bəd ay oldu, bəd il oldu,
    Müqəddəslik batil oldu.
    Gül nəvəmi yetim qoyan
    Qatil oğlu qatil oldu.

    Ana

    Qəzəb səsim qoy ucalsın,
    Yerə, göyə səda salsın!
    Ey nəvəmi yetim qoyan
    Sənin nəslin yetim qalsın!

    Nebi Xezri
#11.04.2010 23:59 0 0 0