II Qaregin gecə gözü ilə olsa da, erməni terroruna qurban getmişlərin məzarlarını görə bilib
Dini Liderlərin Ümumdünya Sammiti çərçivəsində Bakıda səfərdə olmuş bütün ermənilərin katolikosu II Qaregin Şəhidlər Xiyabanını da ziyarət edib. Bunu ANS-ə müsahibəsində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə deyib.
"Bütün ermənilərin katolikosu II Qareginə dedim ki, gedin Azərbaycanda bir şəhidlərə baxın, Qarabağda həlak olan şəhidlərin, orada uyuyan oğulların məzarına baxın. Onlar Şəhidlər Xiyabanına gecə ilə getmişdilər, adamlar olmayan vaxtda gedib baxmışdılar. Həqiqətən də ordakı mənzərədən çox təsirlənmişdilər",- deyə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə müsahibəsində bildirib.
Xatırladaq ki, aprelin 26-da Bakıda Dini Liderlərin Ümumdünya Sammiti öz işinə start verib. Sammit çərçivəsində Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüş olub və görüşün yekununa dair bəyannamə imzalanıb.