O, özünün və yaxınlarının təhlükəsizliyinə zəmanət verilməsini, paytaxtdakı silahlıların küçələrdən yığışdırılmasını tələb edir
Müxalifətin qurduğu müvəqqəti hökumətin Qırğızıstan prezidenti Kurmanbəy Bakiyevin 1 gün ərzində Bişkekə qayıtması ilə bağlı ultimatumu nəticə verib. Lent.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Kurmanbəy Bakiyev bu gün keçirdiyi mətbuat konfransında Bişkekə qayıtmağa hazırlaşmadığını söyləyib.
O bildirib ki, müvəqqəti hökumətin üzvləri öz təhlükəsizliklərini təmin edə bilmirlər, hansısa ultimatumdan danışmaq yersizdir. Kurmanbəy Bakiyev müvəqqəti hökumətin baş naziri Roza Otunbayevanı danışıqlar aparmaq üçün Cəlalabad vilayətinə dəvət edib və onun təhlükəsizliyinə zəmanət verib. Qırğızıstan prezidenti deyib ki, hökumətin xüsusi əməliyyatından qorxmur və müvəqqəti hökumət ölkənin cənubunda əhalinin narazılığının qarşısını ala bilməz.
Bununla belə, Kurmanbəy Bakiyev istefaya getməyə hazır olduğunu da dilə gətirib: "Əgər mənim və yaxınlarımın təhlükəsizliyi təmin edilsə, istefaya getməyə hazıram. İkincisi, qayda-qanun yaradılsın və paytaxtda silahlı şəxslərin gəzməsinin qarşısı alınsın".
Qırğızıstan prezidentinin qardaşı, Dövlət Mühafizə Xidmətinin rəhbəri Janış Bakiyev isə mətbuat konfransında müvəqqəti hökumətin prezident barədə verdiyi həbs qərarını mənasız adlandırıb: "Mən indi 5 nəfər yığaram və onların həbsi barədə sanksiya verərəm".
Onu da qeyd edək ki, müvəqqəti hökumət Kurmanbəy Bakiyevlə danışıqlar aparmaq niyyətində olmadığını bəyan edib. Müvəqqəti hökumətin aparat rəhbəri Edil Baysalov növbəti dəfə vurğulayıb ki, əli qana batmış diktatorla danışıq aparılmayacaq.
Müvəqqəti hökumət Qırğızıstan prezidenti haqqında cinayət işi açıldığını da bildirib. Ancaq cinayət işinin hansı maddələr üzrə açıldığı bildirilməyib.