İslamın 65 il əvvəl qələmə aldığı şeir ele bil bu gün yazılıb. Sanki naxələf qonşularımızın son 20 ildə şəhər və kəndlərimizi viran qoymasına, körpələri və qocaları min bir işgəncə ilə qətlə yetirməsinə şairin nifrətini, doğma Azərbaycana sevgisini ifadə edir.
Azərbaycanın nəğməkar şairi, əməkdar incəsənət xadimi İslam Səfərli sağ qalsaydı, 85 yaşı tamam olardı. Təəssüf ki, o, az ömür sürdü. Buna baxmayaraq İslam bütün varlığı ilə Vətənə, torpağa, elə, obaya bağlı idi.
Ağ bir şərit kimi uzanıb gedir
Dumanlı, çiskinli, günəşli yollar.
Bəzisi həyatdan usanıb gedir
Mənimsə yollarda hekayətim var.
El özü qoruyar axarlı şeri,
Dağlar quzey qarı dərində saxlar.
Bağrıma basmasam hər qarış yeri,
Torpaq özü sirrini dərində saxlar.
Elə şerin özü lirik bir nəğmə təsiri bağışlayır. Azərbaycanı qarış-qarış gəzən şair gözəl paytaxtımızın da vurğunu idi. Təsadüfi deyil ki, onun yaradıcılığında Bakı, mavi Xəzər, Abşeronun təkrarsız mənzərələrinin tərənnümü xüsusi yer tutur:
Qayıdıb xoş güzərdən,
Günəş qalxır Xəzərdən.
Sevgilim keçən yerdən
Bütün şəhər yeriyir.
Bakı, sabahın xeyir!
Bu poetik misralar "Bakı, sabahın xeyir!" şeirindən götürülüb. Paytaxtımızın himni kimi dildə, dodaqda gəzir, mavi ekranda, radio dağalarında səslənir. "Ana", "Mən qartalam", "Pıçıldaşan ləpələr", "Dan ulduzu, bir də mən", "Gəncliyimi gəzirəm", "Nə vaxta qaldı", "Duman", "Sevgilim əsgər gedir", "Xəzərim", "Vətənim var" və başqa şeirləri buna misaldır.İslamın ürəkdən süzülüb gələn təkrarsız şeirlərinə bir çox görkəmli bəstəkarlarımız, sevimli müğənnilərimiz təkrar-təkrar müraciət ediblər. Cahangir Cahangirov, Səid Rüstəmov, Arif Məlikov, Emin Sabitoğlu, Nəriman Məmmədov, Ramiz Mirişli və başqa bəstəkarlarımız İslamla mahnı üzərində işləməyi xoşlayırdı. Görkəmli bəstəkarımız Ramiz Mirişli deyir: "Allah rəhmət eləsin İslam Səfərliyə. Onunla işləmək mənə xüsusi zövq verirdi. Asan işləyirdim. Şeri musiqiyə yatımlı idi. Sözləri ütüləmək, hamarlamaq, yonmaq lazım gəlmirdi. Birlikdə xeyli mahnı yazmışıq gərgin zəhmətin bəhrəsidir. Elə buna görə də mahnı əbədi şöhrət qazanıb. İslamın sözlərinə bəstələnmiş və bir-birinə bənzəməyən, yaddaqalan, insanı valeh edən mahnılar çoxdur... İslamla uzun illər yol yoldaşı, dostu olmuşam. Yeni yazdığı şeirlərinin ilk dinləyicisi də men olmuşam. O, səmimi, saf, mərd adam idi. Yalanı xoşlamaz, sözü üzə şax deyər, heç nədən, heç kimdən çəkinməzdi. Qardaşım əsl Vətəndaş idi. Elin-obanın dərdini çəkmədən, dara düşənə, ehdiyacı olana etməkdən zövq alardı. Ömürünün axırına qədər özünə, öz insani kefiyyətlərinə xilaf çıxmazdı. Bizə də yaxşılıq etməyi, imkansıza əl tutmağı tövsiyə etdi. İslam ailə üzvlərinə, yaxınlarına tapşırmışdı ki, gecənin nə vaxtı olursa-olsun, məni soruşan varsa çağırın. Gələn adamın yəqin ki nəyəsə ehtiyacı var. Buna görə də İslam uzun illərdi ki, xalqın xatirindən çıxmır.
Azərbaycanı canından da çox sevən şair qarabağlı dostlarını bizdən çox sevirdi. Onun yazıçı Əlfi Qasımovla dostluğu hamıya nümunəydi. Qarabağı Azərbaycanın tacı sayırdı. Bu da dahi Üzeyir Hacıbəyovun İslama atalıq qayğısından irəli gəlirdi. İslamın 65 il əvvəl qələmə aldığı şeir ele bil bu gün yazılıb. Sanki naxələf qonşularımızın son 20 ildə şəhər və kəndlərimizi viran qoymasına, körpələri və qocaları min bir işgəncə ilə qətlə yetirməsinə şairin nifrətini, doğma Azərbaycana sevgisini ifadə edir. Oxuculara qardaşımın bəzilərinə qəribə görünə biləcək xasiyyəti barədə bir neçə kəlmə: Şair əlifbamızdakı "A" hərfini bütün həriflərdən üstün tutardı. Həmişə deyərdi ki, "Azərbaycan" və "Ana" sözləri ən müqəddəs kəlmələrdir. Ailəmizdə və yaxın qohunlarımızda dünyaya göz açan körpələrə "A" hərifi ilə başlanan adlar qoyardı: Araz, Azər, Aytən, Azad, Ayaz, Asəf, Arzu, Anar, Aynur və s.İslam həmişə deyərdi ki, "Mən canım qədər sevdiyim torpağın vurğunuyam. Həyatı tez tərk edecəyəm. Sizə start meydanını qoyub gedirəm. Bu meydanı mənə layiq qoruyun, gələcək nəsillərə layiqincə çatdırın. Çünki, biz dahi Nəsirəddin Tusi nəslindənik!"
Hidayət Səfərlinin məzəli xatirələrindən- Əllinci illərin söhbətidir. O zaman Azərbaycan Dövlət Universitetinin rektoru akademik Yusif Məmmədəliyev idi. O, son dərəcə xeyirxah, ürəyi yumşaq bir insan kimi tanınırdı. Biz tələbələr onu özümüzə ata bilirdik. O isə bizi övlad.
İndi radionun qocaman jurnalistlərindən sayılan, prezident təqaüdüçüsü Hidayət Səfərli üçüncü kursda oxuyurdu. Belə bir qayda var idi: "üçü" olan tələbəyə təqaüd vermirdilər. Hidayət də hansı fənnənsə "üç" alıbmış. fikir, xəyal içində rektorluğun qarşısından keçərkən birdən qapı açılır. Yusif Məmmədəliyev harasa tələsirmiş, onu görüb ayaq saxlayır:
- Ay İslam, xoş gördük, - deyir, - yəqin mənim yanıma gəlmisən. Mənə görə nə qulluq?
Hidayət hiss eləyir ki, Yusif müəllim onu qardaşı - şair İslam Səfərli ilə səhv salıb.
Hidayət də Hidayətdir. fürsəti fövtə vermir:
- Hörmətli professor, deməyə də utanıram.
- Yox, utanma, de.
- Bizim Hidayət burda, jurnalistika şöbəsində oxuyur. Bir üçü var, qorxuram təqaüddən düşsün. Gəlmişəm ki
Rektor onu içəri dəvət edir, çay gətizdirir. Köməkçisi Qəmər xanıma deyir ki, filologiya fakültəsinin dekanı (o zaman jurnalistika şöbəsi filologiya fakültəsinin tərkibində idi) Muxtar Hüseynzadəni çağır.
Hidayət özünü itirir, bilmir neyləsin. Bir neçə dəqiqə sonra dekan qapı ağzında görünür.
- Professor, məni çağırtdırmısınız?!
Hidayət üzünü yana çöndərir ki, dekan onu görməsin. Yusif Məmmədəliyev deyir:
- Muxtar müəllim, bizim keçmiş məzunumuz, hörmətli şairimiz İslam Səfərlinin qardaşı Hidayət Səfərlinin təqaüd məsələsini həll edin.
Muxtar müəllim "baş üstə" deyib, dabanı üstə geri dönür. Hidayətin elə bil üstündən dağ götürülür. Sevincdən, həyəcandan bilmir neyləsin, təşəkkür belə etmədən yel kimi qapıdan çıxır.
O, Yusif Məmmədəliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə gedənəcən bir daha bu həndəvərdə görünmür.
"Bağışlayın,
sizi ölüm gözləyir"