İçəri Şəhərdə Qız Qalası Beynəlxalq İncəsənət Festivalı başlayır

Son güncelleme: 24.05.2010 15:38
  • Heydər Əliyev Fondu, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” art qalereyasının təşkilatçılığı ilə mayın 26-da “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalına start verilir.

    Qoruq İdarəsindən Lent.az-a verilən məlumata görə, Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim abidələrindən olan Qız Qalasının daha geniş çevrədə tanınması və populyarlaşdırılması məqsədini daşıyır.

    Layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrinin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.

    26-28 may tarixlərində İçəri Şəhərə Qız Qalasının qarşısındakı meydana gələn hər kəs bu yaradıcılıq prosesini izləmək və rəssamlarla canlı təmasda olmaq şansı əldə edəcək.

    Festivalın yekununda rəssamların işindən ibarət sərgi təşkil olunacaq.
#24.05.2010 15:38 0 0 0