Bakı Uşaq Teatrı Ərzurumda keçirilən Uluslararası Teatr Festivalından qayıdıb.
Teatrın yaradıcısı və direktoru İntiqam Soltanın Lent.az-a verdiyi məlumata görə, bir çox ölkələrin qatıldığı festival mayın 18-dən 31-ə kimi davam edib.
Uşaq Teatrı festivalda “Vətən” adlı sözsüz tamaşa ilə çıxış edib: “Məhz bu tamaşa ilə çıxış etməyimiz təsadüfi deyildi. Çünki tamaşanın nümayişi Respublika Günü ərəfəsində baş tutdu. Mən orda bu bayramın tarixi barədə danışdım. O ki qaldı tamaşaya, çox böyük maraqla qarşılandı. Himnin sədaları eşidilməyə başlayan andan, demək olar ki, tamaşanın yarısına qədər tamaşaçılar ayaq üstə baxdılar. Ancaq bir şeyə təəssüf edirəm ki, bəzi qeyri-peşəkar özfəaliyyət kollektivləri də Azərbaycan adından o cür festivallarda iştirak edirlər. Peşəkar olmadıqlarından səhnə hərəkətlərinə, etika qaydalarına riayət etmirlər. Bu cür davranışla Azərbaycan mədəniyyəti, Azərbaycan teatrı haqqında çox bəsit rəy formalaşdırırlar”.
Qeyd edək ki, Azərbaycan bayrağına və himninə həsr olunmuş Vətən tamaşasının ideya müəllifləri əməkdar artist Ayşad Məmmədov və İntiqam Soltan, rejissoru İntiqam Soltandır. Rollarda Ruslan Mürsəlov, Cavanşir Məhərrəmov, Rauf Hüseynovdur.