Azərbaycanın gənc və istedadlı dirijoru Əyyub Quliyev sentyabr ayında bir neçə ölkədə qastrol səfərində olacaq.
Səfərləri barədə Lent.az-a danışan dirijor bildirib ki, Kislovodsk və Yesentuki şəhərlərində keçiriləcək ilk konsertləri Qafqaz Mineral Suları Dövlət Filarmoniyasının 115 illik yubileyinə həsr olunub.
Sentyabrın 3-ü və 4-də baş tutacaq konsertdə Əyyub Quliyev Rusiya Akademik Simfonik Orkestri ilə birgə çıxış edəcək. Konsertin solisti Svetlana Berejnaya olacaq. Sentyabrın 6-da düzənlənəcək növbəti konsertdə isə məşhur pianoçu Nikolay Luqanski solistlik edəcək. Proqramda Şopen və Şumanın əsərləri səslənəcək.
Ə. Quliyevin sözlərinə görə, növbəti səfəri Litvanın paytaxtı Vilnüsə gözlənilir. Belə ki, dirijor konsertdə Litva Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcək. Konsertdə dünya klassikləri ilə yanaşı Üzeyir Hacıbəylinin də əsərlərinin ifa olunacağı gözlənilir.
Daha bir konsert proqramı isə sentyabrın 22-də Vyanada baş tutacaq. Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunacaq bu konsert Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Konsertdə Əyyub Quliyevlə yanaşı digər sənətçilər də iştirak edəcək.