Dan ulduzu

Son güncelleme: 10.04.2011 00:21
  • Dan ulduzu

    noimage

    Uzundan da uzun insan ömrü...məsafəsinə görə deyil, mahiyyətinə görə ...unudulmaz səslər...sayına görə deyil, seçimi etmiş şəxsin incədən də incə zövqünə görə...ötən əsrin ortalarının musiqi çevrəsində əsl inqilab etmiş repertuar....heç mahnılara görə də deyil...ifa zamanı musiqinin hər çalarının insan qəlbinin əlçatmaz dərinliklərinə nüfuz edərək, onu titrətməsi, oynatması, yandırması, duyğulandırmasında səmimidən də səmimi bir ab-havanın hökm sürdüyünə görə....Bütün bu möcüzəni yaradan isə o idi. Başını ehmalca sağa doğru əyərək, Azərbaycan musiqi sənətində əsl dan ulduzu tək qaranlıq stereotipləri, ştampları, çərçivələri dağıdaraq, ətrafa işıq saçan kollektivini qıyqacı nəzərlərlə süzərkən, çöhrəsində əsl ulduz təbəssümü parlayan Gülarə Əliyeva.

    60-cı illərin ortası. Dünyada bir - birinin ardınca çeşidli, bəzən azərbaycan musiqi duyumu üçün anlaşılmaz janrların özünə dinləyici auditoriyası qazanmaq uğrunda çarpışdığı zaman. Və Zevin küçəsində, mayası elə sənətlə yoğrulmuş bir ev. Pianonun şirmayı dilləri üzərində ele hey dönə-dönə gəzişərək, istənilən dinləyici zövqünü təmin edə biləcək, onun ruhunu oxşayacaq qızıl ortanı tapmağa cəhd edən narahat bir insan. Gecələri gündüzə qatan Gülarə xanım ideal not vərəqələri deyil, hər bir do-da, si-də, lya-da qəlb, duyğular, səmimilik axtarışına çıxmışdı. Hərdən çətinə düşəndə, qeyri-ixtiyari illərin hökmünü yararaq, geriyə qayıtmağı da bacarırdı. Bu keçmişin fövqündə isə nə az, nə çox, Üzeyir Hacıbəyov dühasının balaca 10 yaşlı Gülarənin ifasına tamaşa etdikdən sonra, başını tumarlayaraq, onun işıqlı gələcəyinə inandığını deməsi dururdu. Gülarə xanım inadla «yox, səhv edə bilmərəm» - deyib, yenə sevimli piano dünyasına dalır, ona sığınaraq, axtarır, axtarırdı. Nəhayət ki, 1968-69-cu illərdə bu proses öz bəhrəsini verməyə başladı. Yeni səslər, xüsusi olaraq, ansambl üçün yazılmış mahnılar və virtuoz ifası ilə seçilən kollektiv. Razılaşaq ki, uğur qazanmaq üçün bundan da peşəkar seçim etmək mümkün deyildi. Və Gülarə Əliyeva bunu bacardı.

    O dövrün musiqi çevrəsində yeniləşən tək Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova, Yaşar Səfərov və digər istedadlı müğənnilərin olduqca qısa müddət ərzində əsl dan ulduzu tək sübhü yararaq, fəzaya doğru tuşlanması deyildi. Gülarə xanım hər şeyi dəqiq ölçüb-biçmişdi. O yaxşıların yaxşısını yığaraq, doğrudan da ideal heyət yaratmağı bacarmışdı. Müğənnilərin səhnə mədəniyyəti, ritmikası, libasları, ifa tərzləri ansamblın ümumi aurası elə o qədər vahid tandem təşkil edirdi ki...Və bütün bunların başında duran sanki əsl estet zövqü ilə ən qiymətli muncuqları yığaraq, bənzərsiz, bərq vuran dəst yaratmağa müvəffəq olmuş zərif çöhrəli, lakin dəmir iradəli Gülarə xanım Əliyeva idi. Dan ulduzunun ilk əməkdaşlıq etdiyi bəstəkar Oqtay Kazımi, tamaşaçılar və dinləyicilər tərəfindən xit tək sevilən ilk mahnısı isə Cabir Novruzun sözlərinə yazılan «taleyim mənim » mahnısı oldu. O dövrün radio müsabiqələrinin şəksiz liderinə çevrilən bu nəğmə dan ulduzunun uğurlu taleyinə yol açdı. Tofiq Quliyev, Cahangir Cahangirov, Emin Sabitoğlu, Ramiz Mirişli, Elza İbrahimova...Dan ulduzunun hər yeni təqdimatı, ifası hadisəyə çevrilir. Əslində sonradan da bu uğurun səbəbini açmağa çox cəhd edəcəklər. Lakin bu sehrə dalanlar, yeganə açarın Gülarə Əliyeva fenomenində olduğunu yaxşı anlayırdılar. O təpədən dırnağa yaradıcı insan idi. Və elə dan ulduzunu da ali ansambl kimi deyil, əsl sənət məktəbi kimi yaratmağı bacardı.

    Dan ulduzu instrumental ansamblı Azərbaycan estrada və milli musiqi sənətinin Avropaya inteqrasiya mərhələsində danılmaz rol oynadı. Kanon, tar, ud... və fleyta, skripka, violençel, royal, qoboy....bu elementləri birləşdirmək üçün virtuoz sənətə malik olmaq lazım idi. Və hər bir musiqiyə, mahnıya, nota ürəyini qoymaq. Bu qəlb isə tək bacarıqlı, istənilən, hətta həssas qulaq üçün belə sezilməz falşı yanılmadan tutan musiqiçinin deyil, həm də olduqca ansamblın bütün üzvlərinə münasibətdə qayğıkeş ananın, mərhəmətli insanın köksündə döyünürdü. Gülarə xanım ürəyinin bütün atəşini, sevincini, əzəmətini ansamblın çiçəklənməsi. Azərbaycan musiqisinə töhfə verməsi naminə usanmadan xərcləyirdi. Və bu sənət yanğısı, odu-alovu o qədər gur oldu ki, hətta bu korifey musiqiçi həyatdan köçdükdən sonra belə Dan ulduzu sönmədi. Buna ansamblın ixtiyarı da yox idi.

    İllərin sınağından çıxmış Dan ulduzu yenə də parlayır. Bu işığın ötən əsrin tamaşaçı, dinləyici yaddaşlarına həmişəlik həkk olmuş kəskin parıltıdan fərqləndiyi qənaətində olanlar da var. Təbii ki, bu belə də olmalıdır. Çünki zaman acımasız gedir və zövqlər də dəyişir. Ansambl da elə Gülarə xanımın nə vaxtsa bu qədər arzusunda olduğu sənət işığını daim olimpdə saxlamaq uğrunda çalışır. Və bu gün, geriyə boylanmaq lazım deyil ki, nostaljiyə qapılaraq, Gülarə Əliyevanın o füsunkar, mülayim, qəlbə sirayetedici baxışlarının sehrinə düşmək üçün onu axtarasan. O buradadır. Lap yanımızda. Bu gün Azərbaycan musiqisinin hər çalarında, hər notunda, hər səsində onun izi yaşayır. Çünki o özü bu sənəti yaşadanlardan idi.
#10.04.2011 00:21 0 0 0