Bəzən büdrəmişəm, düzü, yanında,
Sevgidən salmışam sözü yanında.
Min dəfə keçmişəm azı yanından,
Məni görməmisən, görməmisən Sən.
Gözlərim həsrətlə dolub qalmışam,
Yolunda gül kimi solub qalmışam,
Üz-üzə gələndə donub qalmışam,
Məni görməmisən, görməmisən Sən.
İzini ömrümə düzüb keçmisən,
Keçdiyim yollardan bezib keçmisən,
Yanımdan qanqalı üzüb keçmisən,
Məni görməmisən, görməmisən Sən.
Mənəmi veribsən Sənsiz küçəni?
Alıb aparıbsan sirli gecəmi.
Yalançı yuxular aldadıb Səni,
Məni görməmisən, görməmisən Sən.
Yaxşı istəyibsən, yaman tapmısan,
Günəş axtarıbsan, duman tapmısan,
Həqiqət gəzibsən, yalan tapmısan,
Məni görməmisən, görməmisən Sən.
Dönüb boylanıbsan ötərgi səsə,
Mənəm Sənin üçün yarpaq tək əsən.
Xətrinə dəyməsin, korsan ya nəsən?
Məni görməmisən, görməmisən Sən.
Payız demirəm ki, ömrün yaz olsun.
Yüz il də, min il də Sənə az olsun.
Ölsən başdaşına bu söz yazılsın;
"Məni görməmisən, görməmisən Sən!"
Alıntı..