Azərbaycanın tanınmış müğənnisinin adı cinayətdə hallanır

Son güncelleme: 27.06.2011 16:05
  • noimage

    "Elit-star" ləqəbi ilə tanınan müğənni Cəmilənin adı cinayət əməlində hallanır. Milli.Az xəbər portalının məlumatına görə, müğənninin keçmiş qonşusu onun barəsində polisə şikayət edib. Şikayətçi bildirib ki, müğənni Cəmilə tanışı ilə birlikdə yaşadığı Nizami rayonu ərazisində onun avtomobilini mənimsəyib.

    Belə ki, bir müddət əvvəl müğənni Cəmilə qonşusunun "cip" avtomobilini ucuz qiymətə tanışına alıb. Lakin pulun az bir hissəsini ödəyib və yerdə qalan məbləğin ödənməsi üçün müəyyən vaxt istəyib. Həmin şəxs müğənninin etibarına inanaraq avtomobilin altı-satqı sənədinə imza atıb. Lakin xeyli vaxt keçsə də, həmin pulları geri ala bilməyib. Sonra isə məlum olub ki, həmin maşın digər bir şəxsə satılıb.

    Nizami rayon Polis İdarəsindən Milli.Az xəbər portalına fakt təsdiq olunaraq məlumat verildi ki, müğənni ilə bağlı belə bir şikayət var. Həmin şikayət əsasında müğənni istintaqa çağırılaraq dindirilib.

    Məsələ ilə bağlı müğənninin özü ilə də əlaqə saxlamaq istədik. Lakin portalımıza onun adından prodüseri danışdı. O, xanım müğənni ilə məsləhətləşmək üçün bir az gözləməyimizi xahiş etdi. Prodüser müğənni ilə məsləhətləşdikdən sonra Milli.Az xəbər portalına açıqlama verdi:

    "Cəmilə xanımla məsləhətləşdim. Bu məlumat onu istəməyənlərin yaydığı şayiələrdir. Cəmilə xanım dedi ki, belə bir hadisə olmayıb. Ola bilsin ki, kimlərsə Cəmilə xanımın adından istifadə edir. Belə hal olmayıb".

    Anar Məmmədov
    Milli.Az
#27.06.2011 16:05 0 0 0