Onların arasında klip çəkdirən də olacaq, konsert verən də, oruc tutan da
Adətən Ramazan ayında müğənnilərin fəaliyyəti məhdudlaşır. Çünki Hicr təqvimi ilə Məhərrəm və Ramazan aylarında Azərbaycanda bir qayda olaraq toylar olmur. Toylar isə əksər Azərbaycan müğənnilərinin əsas fəaliyyət sahəsi, necə deyərlrə, mövcudluq üsulu və gəlir mənbəyidir.
Bəs yaxınlaşmaqda olan Ramazan ayında müğənnilər nə iş görəcəklər? Oruc tutacaqlarmı?
Röya Ayxan bir ay boyunca istirahət mərkəzlərində konsert verməyi nəzərdə tutub. Müğənninin mətbuat əlaqələndiricisi bildirdi ki, Röya Rəhim Rəhimli ilə birgə bu yaxınlarda Nabranda konsert verəcək, amma konkret vaxt məlum deyil. Oruc tutmağa gəlincə isə mətbuat əlaqələndiricisi bildirdi ki, Röyanın özünə tətbiq etdiyi iş rejimi çox qəddardır: "Röya onsuz da bütün günü ac olur. Səhər bir stəkan kofe içir, bir də axşam saat 11-də çörək yeyir. Gecə saat 3-də, 4-də yatır".
Xalq artisti Nazpəri Dostəliyeva isə bu ayda sənəti ilə bağlı ciddi fəaliyyət göstərmək niyyətində deyil. Onun prodüseri dedi ki, müğənni yalnız oruc tutacaq, iftar süfrəsi açacaq: "Bir də avqustda aşıq albomundan iki mahnısı qalıb, o mahnılar üzərində işləyəcək".
"Aygün Kazımova xeyirxah əməlləri ilə onsuz da il boyu oruc olur" - deyə müğənninin köməkçisi Almaz Ələsgərova bildirdi ki, Aygün xanım bu ayda pulla heç bir fəaliyyət göstərmir: "Oruc tutmaq zarafat deyil ki. Oruc tutdun, gərək namaz da qılasan. Aygün Allaha hamıdan çox inanır, onun qəlbi Allah sevgisi ilə doludur".
Brilliant Dadaşova isə adətən bu aylarda Türkiyədə olur. Hər il də Ramazan ayında oruc tutur. Müğənninin mətbuat katibi Aynurə Əhmədova dedi ki, Brilliant Dadaşova ümumiyyətlə, boş aylarda Türkiyədə olur və oradakı işlərini tamamlayır.
Nadir Qafarzadənin prodüseri isə bildirdi ki, müğənni Ramazanda Ukraynada klip çəkdirməyi planlaşdırıb: "Bir rus müğənni ilə duet hazırlayacaq. Çəkdirdiyi klip Rusiya telekanalında nümayiş ediləcək. Nadir Qafarzadə bu yaxınlarda Məşhədə gedib. Ola bilsin ki, bu ay oruc da tutsun"