Yönümü işığa tutub gedirəm,
Gecənin içindən səhər boylanır.
Arzum bir ağacdır qollu-budaqlı,
Bol-bol çiçək açır, bəhər boylanır.
***
Yox yerdən cah-cəlal qurmuşam, nədir?
Kədərin boynunu vurmuşam, nədir?
Xəzinə üstündə durmuşam, nədir?
Ləli şəfəq saçır, gövhər boylanır.
***
Tanrım yaş qoyduqca yaşımın üstə
Bir daşım qalmadı daşımın üstə.
Qoyub əllərini qaşının üstə
Gözümdən qəm baxır, qəhər boylanır.
***
Dünyanın qəribə işləri çoxdur,
Kimə naz-balışdır, kimə də oxdur.
Insan bu mənanı necə oxudu,
Pətəyə bal qoyub, zəhər boylanır.
***
Xəyallar ovçutək pusur bərəni,
Ağlamaq bu yerdə tutur Kərəmi.
Xırman yabıları alıb dövrəmi.
İçimdən bir dəli kəhər boylanır.
***
Qabar əllərini ha döy dizinə,
Kasıb, gözəllərin dəyməz gözümə.
Bir rəis qızının idbar üzünə
Neçə kənd, neçə də şəhər boylanır.
Ərəfatda
şeytan daşladılar,
namaz qıldılar.
Oldular tamam-dəsgah
mömin bəndə.
Kimi döndü şəhərə,
kimi əlində təsbeh
qayıtdı kəndə.
Bir sözlə,
oldular hacı.
Deputat da vardı içlərində,
nazir də.
Piştaxta arxasında
qulaqkəsənlər də vardı
aralarında,
lap elə içkini təzə
tərk edənlər də.
Xülasə, fağırlar da vardı
aralarında.
Xalam demiş, "bərkgedənlər" də.
Aylar keçdi,
illər dolandı, bu səfərdən
hamı yenə
köhnə işindəydi.
Külək yenə
həmin səmtə əsirdi.
Deputat vəd verirdi,
nazir nəzir yığırdı,
piştaxtanın arxasındakı
qulaq kəsirdi.