Hikmət sahiblərinin zahidlərin dediklərindən

Son güncelleme: 09.09.2011 00:01
  • Dahilerden hikmetli sözler - Dini yazılar

    Behişt narahatçılıq və əziyyətlər qapısının arxasında, cəhənnəm isə şəhvət və ehtiraslar qapısının arxasındadır. Allahın məhəbbəti qəzəblənən zaman həlim olmağı bacaranlara vacibdir. Mən mükəmməl sözlərlə məb`us (peyğəmbərliyə təyin) olunmuşam. (Yəni elm, əxlaq və hikmətlə dolu olan sözlərlə) Qiyamət günü insanların hər biri öz niyyətlərinə uyğun müəyyən olarlar.Həzrəti Məhəmməd s.a.s peyğəmbər


    Peyğəmbər (s) şərab barəsində on kəsə lənət edib: (şərab əldə etmək məqsədi ilə) ağac əkənə, ona qulluq edənə, üzümünü sıxana, şərabı içənə, paylayana, daşıyana, təhvil alana, satana, müştərisinə və pulunu yeyənə.İmam Məhəmməd Baqir (ə)

    Bir gün bir kişi İmam Sadiqin (ə) hüzuruna gəlib dedi: "Atam-anam sənə fəda olsun, mənə mövizə et." Həzrət (ə) buyurdu: "Əgər Allah-təala ruziyə zamindirsə, qüssələnmək nə üçün? Əgər ruzi bölünübsə, hərislik nə üçün? Əgər Qiyamət haqq-hesabı həqiqətdirsə (haram yolla) dövlət toplamaq nə üçün? Əgər Allah infaqın əvəzini verəcəksə, simiclik nə üçün? Əgər Allahın əzabı atəşdirsə, günah nə üçün? Əgər ölüm haqdırsa, (günah və batil işdən ötrü) sevinmək, şadlanmaq nə üçün? Əgər, əməllər barədə Allaha səhih hesabat veriləcəksə, özünü aldatmaq nədir? Əgər Sirat körpüsündən keçmək haqdırsa xudpəsəndlik nə üçün? Əgər hər şey müqəddər olunubsa, qəmlənmək nə üçün? Əgər dünya fanidirsə, ona e`timad nə üçün?


    "Qəsəsül-ənbiya" kitabında Peyğəmbərin (s) me`racı barədə uzun və müfəssəl bir hədis nəql olunub. Biz onun bir hissəsini nəql edirik:
    -Ey Məhəmməd! İstə ki verim.
    -Pərvərdigara! boynumuza ağır və bizi əldən salacaq yük qoyma. Çünki mümkündür biz onları (ağırlığı səbəbindən) həll etməkdən boyun qaçıraq və bu günahın nəticəsində Bəni-İsrailə etdiyin kimi öz halallarını bizə haram edəsən.
    Xitab oldu:
    -Çətinlik və sıxıntını sənin ümmətinin üzərindən götürdüm. Allah dininizi sizdən ötrü asanlaşdırmış, sizin üçün asayiş və rahatlıq istəmişdir. Bəni-İsrailin boynunda on ağır vacibat var idi:
    1. Günah etdikləri zaman halal yeməklər onlara haram olurdu. Bu barədə Qur`anda belə buyurulur: "Yəhudilərin özlərinə etdikləri zülm nəticəsində onlardan ötrü halal etdiyimiz pak-pakizə yeməkləri onlara haram etdik."
    2. Əlli rəkət vacib namazları var idi.
    3. Zəkatları mallarının dörddə-biri qədər idi.
    4. Əgər cunub, ya heyz, yaxud da nifas halında olub su tapmasaydılar, o halda da gərək su tapana qədər gözləməli idilər. Çünki onlardan ötrü sudan başqa bir paklayıcı qərar verilməmişdi. (Lakin İslamda torpağa təyəmmüm etmək də paklayıcı qismindədir)
    5. Məsciddən başqa bir yerdə namaz qılmaq haqları yox idi.
    6. Oruc tutan zaman əgər məğrib namazını qılsaydılar, yaxud onları yuxu aparsaydı, növbəti gecəyə qədər bir şey yeməyə haqları yox idi. (Yalnız, məğrib namazından qabaq, yaxud yatmamışdan qabaq yemək yeyə bilərdilər).
    7. Namazdan sonra və yatandan sonra Ramazan ayında cima onlara haram idi.
    8. Sədəqələri qəbul edilməsəydi, bu onların rüsvayçılığına səbəb olardı. Çünki qəbul olunduğu halda atəş gəlib onun (yə`ni onların sədəqələrinin) bir hissəsini yandırar, qalan hissəsi ilə yoxsullara paylanılardı. Əgər, sədəqələri qəbul edilməsəydi, o zaman yanmırdı və sahibi camaat arasında rüsvay olurdu.
    9. Paltarları nəcis olsaydı, həmin hissəni kəsib atmaqdan başqa çarəsi yox idi.
    10. Günahları onların biabırçılığına səbəb olurdu. Çünki gecə günah etsəydilər, səhər çağı qapıları üzərinə yazılmış olurdu.
    Bu on məsələ Musanın (ə) dininin ən çətin hökmlərindən idi. Bu hökmlər İslam Peyğəmbərinin (s) duası ilə bu ümmət üzərindən götürüldü. Bunun əvəzində on asan hökm müəyyən olundu. Xitab olundu:
    Ey Məhəmməd! Sənin dualarına görə günah səbəbinə halalları sənin ümmətinə haram etmədim və Bəni-İsrailə haram etdiklərimi sənin ümmətinə halal etdim.
    Bu barədə Qur`anda belə buyurulur: "Adı və əlamətləri Tövratda və İncildə göstərilmiş məkkəli Peyğəmbər onları yaxşı işlərə sövq edir və pis işlərdən çəkindirir. Pak-pakizə şeyləri onlara halal, çirkinlikləri isə haram edir."
    Ey Məhəmməd! Sənin etdiyin dualar səbəbinə ümmətindən ötrü əlli rükət namazı vacib etmirəm və Öz fəzl və kərəmimə əsasən torpağı sənin ümmətindən ötrü paklayıcı qərar verdim ki, qüsullu halda olub su tapmadıqları təqdirdə pak torpaqla təyəmmüm etsinlər.
    Bu barədə Qur`anda buyurulur: "Əgər xəstə, ya cunub, yaxud səfərdə olsanız, yaxud hər hansı bir səbəb üzündən dəstəmaz, yaxud qüsul almalı olsanız, su tapmadığınız halda torpağa təyəmmüm edin.
    Ey Məhəmməd! Sənin duanın bərəkətinin səbəbinə sənin ümmətindən ötrü onların məscidlərdən başqa yerdə qıldıqları namazlarını batil qərar vermədim. Harda namaz qılırlarsa qılsınlar, Öz fəzl və kərəmimlə onların bu namazlarını qəbul edərəm.
    Ey Məhəmməd! Sənin duanın bərəkəti səbəbinə Ramazan ayında namazdan və yatdıqdan sonra yeməyi sənin ümmətinə haram etmirəm və Öz fəzl və kərəmimlə sübh azanına qədər yemək-içməyi onlara mübah edirəm.
    Ey Məhəmməd! Sənin duanın bərəkətli səbəbinə Ramazan ayının gecələrində yaxınlıq etməyi sənin ümmətindən ötrü mübah edirəm.
    Ey Məhəmməd! Sənin ümmətinin sədəqələrini onların rüsvayolma səbəbi etmirəm.
    Ey Məhəmməd! Suyu sənin ümmətindən ötrü paklayıcı qərar verdim. Sənin ümmətinin Bəni-İsrail kimi paltarlarının nəcis olmuş yerlərini kəsmələrinə ehtiyac yoxdur (həmin hissəni su vasitəsi ilə paklaya bilərlər.)
    Ey Məhəmməd! Sənin ümmətinin günahlarını qapıları üzərinə yazmaram və onları biabır etmərəm. Öz fəzl və rəhmətimlə onların günahlarını mələklərin və digər məxluqatın gözündən gizli saxlayaram."



    Beş şeyə heç kəs etiraz etmir: Simicin aramlığı yoxdur, paxıl heç vaxt ləzzət görməz, küsəyən adamın vəfası olmaz, yalançının comərdliyi, ağılsızın da alicənablığı olmaz.İmam Sadiq (ə)


    Həzrət Musa ibn Cəfər (ə) buyurub: "Həzrət Əli (ə) "Özünün dünyadakı bəhrəni yaddan çıxarma" ayəsinin təfsirindən buyurub: "Yəni, bədənin sağlamlığı, asudə vaxt, cavanlıq və fərəhindən axirətindən ötrü istifadə etməyi unutma."


    Həzrət Riza (ə) buyurub: "Var-dövlət beş xüsusiyyət olmasa toplanmaz: "Möhkəm simiclik, uzun-uzadı arzular, hərislik, qohumlarla əlaqəni kəsmək və dünyanı axirətdən üstün tutmaq."

    Bir nəfər İmam Həsənə (ə) ərz etdi: "Mən günah qarşısında acizəm, günahdan çəkinməyə qüdrətim çatmır. Mənə moizə edin." Buyurdu: "Beş işi yerinə yetir, ondan sonra hər nə günah istəyirsən et; Allahın ruzisini yemə, elə bir xəlvət yer tap ki, Allah səni orada görməsin, Allahın qüdrət və hakimiyyətindən kənara çıx, Əzrail gələn zaman onu özündən uzaqlaşdır və cəhənnəmin mə`muru səni oda tərəf çəkmək istəyərkən sən getmə. Əgər bu işləri yerinə yetirmə qüdrətinə maliksənsə hər nə qədər istəyirsən günah et."

    İmam Məhəmməd Baqir (ə) buyurub: "Atam mənə tapşırdı ki, hətta yol yoldaşı da olsa beş dəstə insanla dostluq və yoldaşlıq etmə:
    1. Fasiqlə; Çünki fasiq səni bir tikəyə, hətta, bəlkə ondan da aza satar. Soruşdum: Atacan tikədən də kiçik nədir? Buyurdu: Heç, bəlkə də çata bilməyəcəyi tikənin tamahına.
    2. Simiclə; Simic ən çətin anlarında əlində olanı səndən əsirgəyər.
    3. Yalançı ilə; Yalançı ilğıma bənzəyir. O, uzağı sənə yaxın, yaxını isə uzaq göstərər.
    4. Axmaqla; Axmaq sənə xeyir vermək istədiyi halda zərər verər.
    5. Qohumları ilə yola getməyən kəslə. Çünki, Allah Qur`anda üç yerdə onlara lə`nət edib.


    Allah-təala beş xüsusiyyət mənə və beş xüsusiyyət də Əliyə (ə) verib; mənə mükəmməl sözlər, Əliyə isə mükəmməl elm əta edib, mənə peyğəmbərlik, Əliyə (ə) isə imamlıq verib, mənə Kövsər hovuzunu, Əliyə (ə) isə Səlsəbili bəxş edib, mənə vəhy göndərib, Əliyə (ə) isə ilham, məni göyə apardı, Əlidən (ə) ötrü isə göyün qapılarını açıb gözləri önündən pərdələri götürdü.Həzrəti Məhəmməd s.a.s

    Baxmayaraq ki, behiştin ətri beş yüz illik məsafədən hiss olunur, ancaq üç dəstə insan onu hiss etməz; minnət qoyan simic, şərab içən və aqq-valideyn (yəni, valideynlərin hüququnu tapdalayıb onlara zülm edən).Həzrəti Məhəmməd s.a.s


    Əgər Allah bir bəndəyə xeyir vermək istəsə onun dünyaya olan rəğbətini azaldar, ona din elmi verər və ona eyiblərini göstərər. Hər kəsə bu üç xüsusiyyət verilsə ona həm dünya, həm də axirət xeyri verilib.Həzrəti Məhəmməd s.a.s.

    Alıntı..
#09.09.2011 00:01 0 0 0