"Mənə "Made in Azərbaycan" sözü lazımdır".
Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadənin Milli.Az xəbər portalına müsahibəsi.
- Zaman, məkan, hətta insanlar da dəyişir, ancaq Gövhər Həsənzadə heç dəyişmədi?
- Dəyişmirəm, çünki daxilən azəriyəm. Sonuna qədər azərbaycanlaşmayan və xəmiri yarımçıq qalan insanlar var ki, bu da çox pisdir. Peşədə yarımçıq olmaq da bir şey deyil. Nə olursan ol, ancaq mükəmməl şəkildə, bütöv ol. Bizim qəbul etmədiyimiz pis peşələr də var. İnsanların rola girməsi insana daha çox təsir edir. Həyatda ən çox zəhləm getdiyi şey qeyri-səmimi olmaqdır. Özüm çox rollara girirəm. Misal olaraq, xaricdə olanda orada deyirəm ki, Bakıda da belə gözəlliklər çoxdur. Bunu başa düşmək olar.
- Siz ən çox xarici ölkələrə səfər edən məşhurlarımızdansınız. Bilirik ki, burada sizi qane etməyən bir çox məsələlər var. Ömürlük olaraq xarici ölkəyə köçərsiniz?
- Belə bir fikrim var. Azərbaycandan köçəcəyimi bilirəm və bunu da demişəm. Planımız hələ ki, Türkiyəyədir. Azərbaycanla əlaqələri bitirmək fikrində deyiləm. Burada mövqeli iş qurmamışam və gələcəkdə də gözlənilmir. Türkiyədən iş təklifi var, hazırda bu barədə danışıqlar gedir.
- Nə təklifidir bu?
- Orada universitet kimi məktəb var, dərs deyəcəm. İstanbul şəhərini istəyirik. Bir bəstəkar kimi orada üzvəm. Özəl studiyam ilə müqavilələrim olacaq. Buradakı bəstəkarlarımıza da şərait yaradıram ki, şirkətim vasitəsilə öz mahnılarını satışa çıxarsınlar. Bakı tamaşası ilə türklər arasında fərq var. Təbii ki, dinləyicilərdən söhbət gedir. Milli kadrlara üstünlük verdiyimə görə məni qınaq obyektinə çevirsələr belə, bilirlər ki, hansısa pafos naminə istedadsız birini Avropa səhnəsinə çıxartmazdım. Mədəni ideologiyada heç kim mənimlə mübahisə apara bilməz. Çünki bunun məktəbini keçmişəm. Milli kadrların yetişdirilməsində iştirak etmişəm, Azərbaycan tamaşaçısını tanıyıram. Bunu kənardan gələn bilməz.
"Eurovision" həyəcanını isə heç vaxt yaddan çıxartmayacam. Mənə deyirlər ki, "sizin o birinci mahnı çox gözəl idi". "Day after day" musiqisinə çox ümid bağlayırdım. İndi yeni musiqi üzərində çalışıram. Ona da böyük ümudlərim var və bu əsər mənim növbəti kaprizimdir. İsraildən onu istəyiblər. İlk tamaşaçım isə media nümayəndələri olacaq. Nöqsanın harada olacağını da məhz onlar yaxşı bilirlər. Media baxışından sonra isə mahnı səhnələşdiriləcək. İlk parçalar hazır olduqdan sonra Musiqili Komediya Teatrının rəhbəri ilə müzakirə edəcəyik. Bu musuqiyə görə artıq İsrail, Moskva, İsveçrə və Türkiyədən təkliflər var. Mənə "Made in Azərbaycan" sözü lazımdır.
Hərdən deyirlər ki, ilk "Eurovision" mahnı müsabiqəsinə getdiyimə görə sonradan gələnləri bəyənmirəm. Bu, heç də belə deyil. Yalnız onu bilirəm ki, heç kim mən olmayacaq. Əsas iradım odur ki, milli musiqi səslənsin. Səfurə Əlizadə bizim bəstəmizi oxusaydı, o, mütləq birinci olacaqdı. Üzümüzün qızarmasına ehtiyac yoxdur...
Bu gün Azərbaycan bəstəkarlığı hələ də güclüdür. Məsələn İsmayıl Dadaşovun yazdığı mahnıları çox bəyənirəm. İsa Məlikov, Emil Şahin. Bunlara fikir verməsək, gələcəkləri də yaxşı olmayacaq. İndi çoxu müğənni Üzeyiri sıxışdırırlar. O yazıq neynəsin? Ona qulaq asırlar, o da oxuyur. "Süni sürətdə ortalığa salınıb"... Bəyəm o vaxtı belə ifaçılar yox idi? Bu cavan hansı sənətkarlarla birgə səhnəyə çıxıb konsert versin?
- İndi tək Üzeyir deyil ki, heç kim səhnəni kimləsə bölüşüb, konsert vermək istəmir. Axı qazancları yoxdur...
- Düz deyirlər. Heç vaxt konsertdən pul götürmürdülər, ancaq stimul alırdılar.
- Yaxşı tanıdığımız Cahangir Novruzun bir sözü var, "burada heç kim məni saxlamadı". Bu aqibət sizi də gözləyir?
- Saxlamaq üçün lazım olduğunu bilməlisən.
- Gövhər Həsənzadə Azərbaycanda lazımdır?
- Azərbaycanda varam, amma soyuducudayam (gülür). Qonaq da bilmir ki, oradayam. Mənim üçün əsas, qızımın gələcəyini layiqli şəkildə qurmaqdır. Onun həyatının daha keyfiyyətli olması üçün çalışıram. Türkiyədə hər cür şəraitim var. Sadəcə, burada meydanı tək buraxmaq olmaz.
- Demək Gövhər xanım olmasa, meydan da boş qalacaq?
- Tək qalmasa da boş olacağı mütləqdir. Bir çoxları Azərbaycandan xarici ölkələrə gedirlər. Bu proses əvvəl də olub, bundan sonra da olacaq. Çünki təlabat yoxdur. Kimsəni nəyəsə məcbur etmək olmaz. Baxmayaraq ki, bizimkilər çoxlu pullar buraxır, əlaqələr qururlar. Hətta ən pis çirkablıqlara belə batırlar ki, təki gündəmdə qalsınlar. Gündəmdə isə hər cür qalmaq olar. Gündəmdə təlabat olacaq tərzdə qalmaq daha vacibdir. Bizim sənət əhlinin çoxu bizneslə məşğuldur. Onlar çalışırlar ki, hansısa brend bir mağaza açsınlar. Guya qıraqdan baxan deyəcək ki, bunlar nə imkanlıdır... Əgər mənə burada təlabat yoxdursa, niyə də xarici ölkədə Azərbaycan üçün çalışmayım?
- Vətəniniz üçün Azərbaycanda deyil, xaricdə çalışdığınız üçün təəssüflənmirsiniz?
- Əlbəttə, təəssüflənirəm. Kim rahat olduğu yeri başqa yerə dəyişər?..
- Sənətçilərimizin çoxu xarici bəstələrə üstünlük verirlər, Azərbaycanda yaxşı bəstəkarlarımız yoxdur ki?
- Bəli, üstünlük verirlər. Çünki belə daha asandır. Tanınmış mahnıların üstünə öz səslərini yazdırıb, camaata qulaq asdırırlar. Bizim millət də toy məclislərində onlara yox, həmin tanınmış mahnıya oynayırlar. Bunun üstündə də özlərinə reytinq qazanırlar. Onu xüsusi qeyd edim ki, Elnur Məmmədov "Belə olarmı" mahnısını bir məclisdə ardıcıl 7 dəfə oxuyub. Mənim mahnılarımı Zerrin Özer də oxuyur.
Gövhər heykəl deyil, o sadəcə, Azərbaycan bəstəkarıdır. Əgər qeyd etdiyim musiqim alınsa, o zaman "Natiq" ritm qrupuna ehtiyacım olacaq. Onlar da təklifimi qəbul etsələr və sona qədər mənimlə birlikdə olsalar, o zaman çox minnətdar olaram. Onların köməyi olmasa, bu əsər alınmaz. Düşünmürəm ki, qrup təklifimi qəbul edəcək, çünki bu haqda söhbət etmişik.
- Sizə bəstələdiyiniz mahnıya görə pul ödəməyənlər çoxdur?
- Əlbəttə, çoxdur. Zaman gələcək, onların da adları çəkiləcək. O adları hər şey daha da mükəmməl şəkildə olanda deyəcəyəm... Biz kənar üçün hələ ki, azərbaycanlıyıq. Bu gün Gövhər nə edirsə, hamısını Azərbaycan üçün edir.
- Ən bahalı mahnınız hansı olub?
- Bir dəfə olub ki, o mahnını da 10 minə satmışam. Hələ də onu yadımdan çıxartmamışam. "Qəbirstanlıq" mahnı siyahım var. Elə mahnılar var ki, doğulan kimi nəfəsini itirib. İlk olaraq, fikirləşirəm ki, hansısa manhımı kiməsə satıb, pul qazanmalıyam. Bu, mənim üçün övladını satmaq kimidir. Bilə-bilə ki, həmin mahnım hit olmayacaq, maddi marağıma görə satmışam. Həmin ən bahalı mahnı qəbirstanlıq mahnı siyahımdadır.
Yeri gəlmişkən qəbirstanlığı çox sevirəm. Çünki ora gedəndə rahatlıq tapıram. Ən böyük problemim olanda ora gedib ziyarət edirəm. Bir gündə 7 pirə gedirəm. Bu, mənim xobbimdir. Hər zaman Allaha dua edirəm ki, alnıma yazılan taleyi yaşamağa kömək ol. Pulu Tanrı yetirir. Hazırda səfərə hazırlaşdığıma görə pula ehtiyacım var. Ancaq onu da bilin ki, kimsə pula görə münasibətləri korlayırsa, onun qazancı olmayacaq. Allahın bizə verdiyi istedadı xərcləyirik. Heç kəslə problemim yoxdur.
- Bilirik ki, İradə İbrahimova üçün mahnıları təmənnasız bəstələyirsiniz. Sizin üçün onu digər müğənnilərdən seçən nədir?
- O, bir az türk tembrli müğənnidir. Elə əvvəlcədən ora meylli idi. Mənim də ona yazdığım mahnılar onun stilinə uyğun olur və onda alınır. Xatirədən də çox razıyam, çünki mahnılarımı çox gözəl oxuyur. Onun diksiyası üçün, türklər demişkən, bayılıram. Siz bilirsinizmi müğənnilərimiz niyə bu gün "raskrutka" oluna bilmirlər? Çünki zövqləri yoxdur. Elə şeylər oxuyurlar ki, ancaq özləri bəyənirlər.
- Elə gənclərimiz var, yeni və gənc bəstəkarlara üstünlük verirlər. Misal olaraq, Murad Arif, şip-şirin Elçin. Sizin gənc bəstəkarlara münasibətiniz necədir?
- Muradı çox istəyirəm, çünki öz işi ilə məşğuldur. O, diskoteka, hay-küy və şou xarakterli musiqilər yazır və buna maraq göstərir. O, demir ki, mən bəstəkaram. O, deyir ki, hamını əyləndirmək istəyirəm və mən beləyəm. Hərdən mənə deyirlər ki, necə də səbrlisən. Ya da soruşurlar ki, niyə bu qədər səmimisiniz? Deyirəm, belə yaşamaq çox rahatdır. Səmimi olmaq üçün ikinci bir adam tanımıram ki, mənim qədər şəxsi hissiyatında maddiyatı qurban versin. Səmimi olaraq danışmağım üçün çox şeyləri qurban vermişəm. Maddiyatda çox böyük uğursuzluqlarım olub. Mənəviyyatımı çox qoruduğuma görə, qurbanlar vermişəm. Qız övladı olan sənət adamlarına çox ciddi yanaşıram.
- Bir çox insanlardan eşq etirafı eşitmisiniz. Bəs o etirafı eşitmək istədiyiniz adam o sözü deyibmi?
- Gözlədiyim adamdan gec olub. O söz hər zaman gecikib...
- Sevirsiniz?
- Bəlkə də sevəcəyəm. Musiqilərimə olan sevgimdən daha güclüsü yoxdur. Bəlkə uzaqdan-uzağa olan sevgi olar. Sevmək istəmirəm, çünki qorxuram. Mənə elə gəlir ki, sevgi mənim sonumdur. Bu günə qədər musiqi ilə yaşamışam. Mən sevən insanın və sevginin qulu ola bilmərəm.
- Bəs sizin qulunuz olanlar var?
- Bu günə qədər məni ağıllı sevməyiblər. Məni sevən, dəlicəsinə sevir. Hətta mənə görə vətəndaşlığını dəyişənlər də olub.
- Haradadır o insanlar?
- Demək ki, onların problemləri olub. Sevgi olsun ki, mən də nəyəsə görə vaz keçə bilim. Onlara baxıb qorxmuşam. Ən zəhlətökən sualım budur ki, nəyimi sevmisən? Bilirəm ki, sevgi doğurdan da var. Yazdığım musiqiyə görə də sevgilər mövcuddur.