Şəkərli salfet və tort üçün güllər

Son güncelleme: 21.02.2012 18:30
  • Şəkərli salfet və tort üçün güllər terifi ve terkibi - Şəkərli salfet və tort üçün güllərin hazırlanması

    noimage

    Mastika (şəkərli salfet)

    Tərkibi:
    100 q marşmellou
    1 x.q. kərə yağı
    200-300 q şəkər pudrası
    qida boyaları

    Marşmellou pastila kimi, yupyumşaq konfetdir. Onu siniyə qoyub içinə kərə yağı da əlavə etməklə 15-20 saniyəyə mikrodalğalı sobaya qoyun. Marşmellounun həcmi böyüyəcək.
    50-100 q şəkər pudrası əlavə edib qarışdırın. Əgər müxtəlif rəngli fiqurlar hazırlamaq niyyətindəsinizsə, kütləni bir neçə yerə bölüb qida boyaları əlavə edin.
    Şəkər pudrasını kütlə plastilin bərkliyini alana qədər əlavə edə bilərsiniz. Mastikanı yayıb ondan müxtəlif fiqurlar kəsə bilərsiniz. Hazır fiqurları 1 sutka qurutmaq lazımdır. Üstəlik, onları soyuducuya qoymaq da məsləhət deyil. Əgər tortun üzərinə krem çəkmisinizsə və o hələ sabahadək, yaxud bir neçə saat soyuducuda qalmalıdırsa, hələlik fiqurları onun üstünə düzməyin. Bunu tortu süfrəyə verməzdən əvvəl edə bilərsiniz.

    Mastikadan artıq qalıbsa, onu sellofana büküb soyuducuya qoya bilərsiniz.

    Qızılgüllər

    Mastikadan damcıyabənzər fiqur düzəldib diş çöpünün ucuna yapışdırın. Stolun üstünə şəkər pudrası səpin. Mastikanı onun üstündə yayıb formaların köməyilə güllər kəsin. Həmin güllərin ləçəklərinin arasını bıçaqla çərtin. Ortasını azacıq su ilə isladın.

    Diş çöpünün o biri ucunu gülün ortasından keçirin. Ləçəkləri bir-bir «damcı»nın ətrafına sarın. Əgər qızılgülün çoxləçəkli olmasını istəyirsinizsə, daha bir və ya iki çiçək fiquru da kəsib eyni qayda ilə «damcı»nın ətrafında ləçəklər yarada bilərsiniz. Birləşmə yerlərini azca su ilə isladın.

    Yaşıl rəngdə mastikadan isə ulduz formalı fiqurlar kəsib, diş çöpünü ortasından keçirməkə qızılgülün kasacığını düzəldə bilərsiniz (birləşmə yerlərini su ilə islatmağı unutmayın).

    Hazır qızılgülləri, məsələn, almanın üzərinə sanca bilərsiniz. Onları 1 sutka qurutmaq lazımdır.

    Quruyanda güllərin üzərində şəkər pudrası qalır. Fırçanı yüngülcə suda isladaraq onun köməyilə pudranı güllərin üstündən təmizləyə bilərsiniz.

    Əgər gül formanız yoxdursa, ağzı dar badənin köməyilə yaydığınız mastikadan dairələr kəsin (diametri təxminən 3 sm). Yenə də mastikadan damcı formasında fiqur düzəldib diş çöpünün ucuna bərkidin. Dairələri yenidən yayıb həmin «damcı»nın ətrafına bükün. Beləcə, üst-üstə bükməklə hansı böyüklükdə istəsəniz, qızılgüllər ala bilərsiniz. Bitişmə yerlərini su ilə islatmağı unutmayın.

    Nuş olsun!
#21.02.2012 18:30 0 0 0