Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq!
Həyatımızda elə xatirələr var ki, zaman keçdikcə yaddan çıxmaq əvəzinə daha da şirinləşir, daha da gözəlləşir. Və heç bir varlıq o xatirərləri bizim yaddaşımızdan silə bilmir. Bu, bizi illər sonra uşaq olmağa sövq edən məktəb illəri xatirəsidir. Hamımızın yaddaşında orta məktəb illəri ilə bağlı acılı-şirinli, gülməli-kədərli, hamıdan gizlətdiyimiz, bəzən də hamının bilməsini istədiyimiz anlar var. Biz də bu məqsədlə tanınmış şəxsləri bir neçə anlıq da olsa, məktəb illərinə qaytarmaq istədik. Beləliklə Lent.az-ın “Məktəb illəri” rubrikasının ilk qonağı bütün şagirdlərin himninə çevrilən, hamının yaddaşında silinməz izlər buraxan “Məktəb illəri” mahnısının ifaçısı, əməkdar artist Lalə Məmmədovadır.
Bu mahnı mənim üçün bir vizit kartı oldu
İfa etdiyim “Məktəb illəri” mahnısının yaranma tarixçəsi də çox-çox əvvələ təsadüf edir. Məktəb illəri vaxtımda Rafiq Babayev adına studiyasında işləyirdim. Səyavuş Kərimi ilə bir yerdə çalışırdıq. Daha sonra orada bizim gözəl bəstəkarımız Aygün Səmədzadə ilə tanış oldum. Bu mahnını xüsusi olaraq, mənim üçün yazdı. Buna görə də Aygün xanıma çox minnətdaram. Çünki bu mahnı mənə bir vizit kartı oldu. Mahnının doğrudan da çox təsirli sözləri var. Sonra bu mahnını 190 nömrəli məktəbin direktoru rəhmətlik Sona xanım eşitdi və dedi ki, bu mahnıya klip çəkdirəcək. Özü də o klipdə çəkildi. Bu, mənə böyük sevinc vermişdi.
İndi bu mahnını oxumaq çətin olar mənə...
İllər keçdikcə insanın həyata baxışı dəyişir. Mən bu mahnını oxuyanda 19-20 yaşım var idi . Düşünürəm ki, indi bu mahnını oxumaq mənə çətin olar. Amma sözsüz ki, bu mahnını hər dəfə oxuyanda məktəb illərinə qayıdıram. Çox çətin bir dövrdə təhsil aldığımız məktəb illərini xatırlayıram.
Bir məktəbə cəmi ay yarım getdim
Birinci sinfə 1985-ci ildə getmişəm. İlk məktəbim 129 nömrəli məktəb olub. Bizim evin yaxınlığındakı məktəb təmirdə olduğu üçün başqa məktəbə gedirdim. Bir ay yarımdan sonra məktəbimi dəyişdim. İlk müəlliməm Səriyyə müəllimə olub. Sonrakı məktəbdə isə Solmaz müəllimədən dərs almışam. Məktəb illəri ilə bağlı çox şeyləri xatırlayıram. Amma hərdən fotolara baxanda yadıma düşür. Çox istərdim ki, illər sonra yenə bir yığışaq. Mən əminəm ki, sinif yoldaşlarımın qəlbində xoş hisslər buraxmışam. Çünki, biz təmiz uşaqlar olmuşuq. Bəlkə də xətirlərinə dəydiyim insanlar olub. Amma inanıram ki, onlar məni xoş xatirələrlə yada salırlar.
Müəllimlərimizin çoxu məni musiqiçi kimi görmürdü...
Çox yaxşı oxumuşam. Bu sarıdan bir problemlərim olmayıb. Məktəbi yüksək qiymətlərlə bitirmişəm. 10 il sinif nümayəndəsi olmuşam. Demək olar, bütün fənləri yaxşı oxuyurdum. Amma biləndə ki, hansı ixtisası seçəcəyəm, o zaman daha çox humanitar fənlərə üstünlük verdim. 14 yaşımdan efirə çıxırdım. Məktəbin sonuncu illərində yavaş-yavaş tanınmağa başlayırdım. Məndə heç vaxt “ulduz” xəstəliyi yaranmayıb. Amma həqiqətən görürdüm ki, sinif yoldaşlarım mənimlə fəxr edir. Elə müəllimlərim var idi ki, məni musiqiçi kimi görmürdülər. İstəyirdilər, başqa peşəyə yiyələnim. Amma necə deyərlər, niyyətin hara mənzilin ora. Baxmayaraq, hələ çox gənc idim. Amma daxilimdə özüm üçün musiqini seçəcəyimi müəyyənləşdirmişdim. Fənlərdən azərbaycan dili, ədəbiyyat, tarix , coğrafiya, astronomiya fənlərini yaxşı oxuyurdum. Hər bilik olimpiadasında iştirak etmişəm. Evdə diplomların sayı bilinmir.
Gələcəyimi düşündüm, tüklərim biz-biz durdu...
Məktəb illərindən yadımda bir neçə xatirələr qalıb. Sinfimizdə bir nadinc qız var idi. Bir dəfə fizika müəlliməmiz Südabə müəllimə bu qıza “sənin gələcəyini düşünəndə mənim tüklərim biz-biz durur” dedi. Dərsin ikinci saatında müəllim şagirdlərin adını çəkirdi. Sinfimizdə süpürgə, xəkəndaz qoymaq üçün şkaf var idi. Bir də gördük, şkaf açıldı, içindən bu qız çıxdı. Saçlarını dik yuxarı qaldırmışdı. Dedi “müəllimə mən özüm öz gələcəyimi düşündüm və özümün də tüklərim biz-biz durdu...”
Hər gün dərsə gecikirdik...
272 saylı məktəbin direktoru Nadir müəllim idi. Bizim məktəb evimizin yaxınlığında yerləşirdi. Amma buna baxmayaraq çox zaman dərsə gecikirdik. Həmişə böyük bacılarım birinci məni yedizdirib, geyindirirdilər. Sonra da özləri tez-tələsik hazırlaşırdılar. Qapıdan çıxan kimi bir də eşidirdik ki, məktəbin zəng çalınır. Məyus halda gedirdik dərsə. Direktorumuz zəngdən sonra gələn şagirdləri buraxmırdı. Gecikən şagirdləri danlayırdı. Biz də yaxşı oxuyan şagirdlər idik deyə, bizi dərsə buraxmamaq günah olardı. Ona görə də çox danlaya bilmirdi. Deyirdi “həəə Məmmədovalar, yenə gecikmisiniz? Nə deyirsiniz, bəlkə məktəbi evinizin qabağına çəkək...”
Deyilənə görə, çox xoşagələn qız olmuşam ...
Hər bir insanın ilk sevgisi olur. Amma mənim ilk sevgim musiqiyə olub. Ağlım kəsəndən beynimi yalnız musiqi zəbt edib. Yalnız musiqini düşünmüşəm. Uşaqlıqdan məni sevənlər çox olub. Düzdür, elə çox gözəl qız deyildim. Amma deyilənə görə, xoşagələn qız olmuşam.
Avaraçılıqdan mənə eşq elan etdi...
İlk sevgi etirafını birinci sinifdə almışam. Bu etiraf öz parta yoldaşım tərəfindən gəlib. Düzünü deyim, mən birinci sinifdə məktəbə vaxtımı keçirmək üçün gedirdim. Çünki artıq oxumağı bacarırdım. Uşaqlar isə hələ onda düz xətlər çəkməyi öyrənirdilər. Mən artıq qəzet, kitab oxuyurdum. Deməli, bu parta yoldaşım da məni kimi idi. Bəlkə də elə avaraçılıqdan mənə eşq elan etdi. Hətta bir məktub da yazmışdı: “Lalə, mən səni sevirəm” .
Gəldim evdə dedim, vay bu nə tərbiyəsiz uşaqdır belə. Məktəb vaxtı çox idi məni sevənlər. Təbii ki, mən o qədər önəm verməmişəm. Anam həmişə deyirdi ki, hansısa bir hərəkəti edəndə həmişə ailənizi fikirləşin. Sizə əziyyət çəkən, sizi böyüdən, cəmiyyət içində olan valideynləriniz var. Elə etməyin ki, onların başı aşağı olsun. Bu sözlər bizim qulağımızda, beynimizdə o qədər qalmışdı ki, heç ali məktəbdə oxuyanda da bu barədə düşünmürdük. Mənim oğlan dostlarım da olub, onları ailəm normal qarşılayıb. Oturub çay içmişik. Yəni belə şeylərə bizim ailədə normal baxılıb. Amma bizim ilk məqsədimiz yaxşı oxuyub, ali məktəbə daxil olmaq olub. Bilirəm ki, məni sevən o insanların qəlblərində hələ də varam. Aralarında eləsi var idi, sevgisini etiraf edirdi, sonra kənardan nəzər salırdılar. Bir də görürdük ki, başqa sinfin oğlanı mənə baxanda gedib dava salırdılar. Diqqət göstərirdilər. Bu hal xoş gəlirdi mənə. Çünki istənilən yaşda sevildiyini bilmək hər bir qadına xoş gəlir.
Müəllim olandan sonra onları başa düşdüm
O vaxtdan bəri müəllimlərimlə görüşməmişəm. Bəlkə müəllimlərimiz bu yazını oxuyandan sonra görüş təyin edərlər. Əslində bu təklifi onlardan gözləyirəm. İstəyərdim, bir görüş keçirilsin. Əgər bu görüş təşkil olunarsa, məmnuniyyətlə görüşərəm. Özüm müəllim olandan sonra daha çox anladım müəllimlərimizi.
Həmişə mənə qarşı qısqanclıq hiss etmişəm
Doğrudur, sağlam rəqabət olması yaxşı haldır. Amma paxıllıq hisslərini daha çox görürdüm. Mən bir şeyə əminəm ki, Allah-taala istedadlı insanları milyonlar içərisindən fərqləndirir. Mən də hər zaman seçilmişəm. Çox maraqlıdır ki, mən həmişə seçilirdim. Heç nə etmirdim, amma 100 adam içərisindən seçilirdim. Deyə bilmərəm, bu fiziki görkəmdən idi. Yox, məndən də gözəl qızlar vardı. Hərdən özüm də təəccüblənirdim ki, bu nə haldır belə. Deməli, susmaqla da insanların diqqətini özünə çəkmək olur. Mən məktəb illərində belə şagirdlərdən olmuşam...
Mən qar qız idim, o şaxtababa ...
Bizim məktəb illərimiz çox ağır vaxtlara düşüb. Həmin vaxt müharibə illəri idi. O döyüşlərdə mənim sinif yoldaşlarım həlak olub. Daha sonra metroda baş verən terror hadisəsində məktəb yoldaşımız həlak oldu. Biz məktəb vaxtı yeni il şənliyi keçirmişdik. Mən onda qar qız idim, o da şaxtababa. Onun həlak olması da mənə çox pis təsir etdi. Məktəb illərini xatırlayanda nostalji hisslərdən çox dünyasını dəyişən uşaqlar gözümün qarşısına gəlir. Ona görə də şən xatirələrim yoxdur.
Deyirdik, görəsən, ölənlər arasında kimlər var...
Biz məktəbi 1995-ci ildə bitirdik. Həmin vaxt bilirsiniz ki, çox çətin dövr idi Hər gün xəbəri izləyirdik, qəzet oxuyurduq. Məktəbli uşaq idik, amma hər gün ölüm xəbərləri eşidirdik. Adları oxuduqca da qorxulu həyəcan keçirirdik Elə düşünməyin ki, biz orta məktəbdə deyib-gülmüşük. İnanın, gülməyimizi də unutmuşduq. Biz inanmırdıq ki, bu hadisələrin sonu olacaq. Hər gün bir işğal olunmuş rayondan xəbər alırdıq. Ölkədə çox dərəbəyilik idi. Mən indiki gəncliyə niyə həsəd aparmayım? Onlar hər yerdə rahat gəzə bilirlər. Heç vaxt qorxmurlar ki, onları yoldan ötən kimsə güllə ilə vurar və ona kimsə yiyə durmaz. Amma biz o qorxularla keçirmişik məktəb illərimizi...