Bismilləhir-Rahmənir-Rahim!
Artıq Rəcəb ayını yaşayan əziz müsəlman bacı və qardaşlar!
Hicrətdən 23 il öncə, Rəcəb ayının 13-də, Məkkə şəhərində, Kə’bə evində Əmirəlmö’minin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
Həzrət Rəsulullahdan (s) nəql edirlər: «Gördüm ki, behiştin qapısına yazılmışdır: “ALLAHdan başqa mə’bud yoxdur, Mühəmməd(s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır”».
Digər mübarək hədisdə Həzrət Rəsuli - Əkrəmdən (s) nəql edirlər: «Ey Əli can! İmanın sənin ətin və qanınla qarışması, mənim ətimə və qanıma qarışması qədərdir».
Mövlamız, intizarında olduğumuz, bəşərə nicat verəcək mübarək İmamımız Həzrət Mehdi Sahib-əz-zəmanın (ə.f) etdiyi dualardan birində deyilir: «İlahi!...Əmirəlmö’mininə, Peyğəmbərin (s) varisinə, dəstəmazdan nurlananların rəhbərinə, vəsilərin sərvərinə salam göndər !».
Ey Əli (ə) aşiqləri!
Ey Rəsul-Əkrəmin (s): «Əli ibni Əbi Talib (ə) İslamı qəbul etməkdə ümmətin ən öncülüdür, onların ən elmlisidir, onların içində ən imanlısıdır…və o, məndən sonra İmam və xəlifədir» vəsiyyətinə sadiq olan və gündəlik həyatlarında bu Peyğəmbər (s) göndərişini rəhbər tutanlar!.
Sizləri əziz Peyğəmbərimizdən (s) sonra bəşəriyyətin ən əşrəfi, ALLAH evində dünyaya gələn və ALLAH evindəcə də İlahiyə qovuşan, «Elm şəhərinin qapısı», Zülfüqar sahibi, kamillik təcəssümü - Əmirəlmö’minin Həzrət Əlinin (ə) mübarək mövludu münasibətilə təbrik edirik!
Həzrət Əli (ə) belə münacat edirmiş: «İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim».
Bəs elə isə bu böyük və məsuliyyətli ada - Əli (ə) davamçısı adlanmaq şərəfinə layiq olmaq üçün əlimizdən gələni edək! Uca ALLAHdan hər birimiz üçün, xalqımız üçün, bütün ümmət üçün Əli şücaəti, Əli kamilliyi, Əli dönməzliyi, Əli mətinliyi, ən əsası da Əli (ə) kimi yalnız ALLAHa tapınmağı diləyirik! Uca ALLAH bu işdə hər birimizə tofiqlər inayət etsin, inşəallah! AMİN!