"Vəziyyət Annan planının qəbul olunduğu dövrdəkindən də pisdir"
"Suriyada Annan planı yerinə yetirilmir və gərginlik tərəflərin planı qəbul etdiyini açıqladığı dövrlə müqayisədə çox artıb".
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bu sözlər BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Jan Mark Quhennonun BMT İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda əksini tapıb. Sənəddə Əsəd rejiminə və müxalifətə qarşı ittihamlara yer verilib.
Quhenno Suriya ordusunun ölkə ərazisində insan haqları pozuntularını davam etdirdiyini bildirib və vəziyyətin həyəcan verici səviyyədə olduğunu qeyd edib.
BMT təmsilçisi Əsədə bağlı qüvvələrin zorla evlərə girdiyini və silahsız insanları vəhşicəsinə qətlə yetirdiyini diqqətə çatdırıb. Eyni zamanda sənəddə müxaliflərin də ələ keçirdikləri əsgərlərə işgəncə verdiyi və onları öldürdüyü vurğulanıb.
Qeyd edək ki, hesabat BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin şənbə günü Cenevrədə keçirəcəyi toplantıdan əvvəl təqdim edilib.