Maksimalist - Xuraman Hüseynzadə

Son güncelleme: 01.07.2012 15:00
  • sən şəhvəti sevgi bildin
    yatağını paylaşdığın qadınlarla
    ürəyini paylaşa bilmədin
    qollarını açdığın qadınlara
    ürəyini aça bilmədin
    sevmədin
    mənə qədər...
    sən qadınları yoldan çıxardıqca
    onlar səni adamlıqdan çıxardı
    onları soyundurduğun kimi
    həqiqəti soyundura bilmədin
    həqiqət çılpaq olanda daha gözəl olur
    amma-
    sevə bilmədin
    mənə qədər...
    qadınlar bir-bir həyatından
    çəkildikcə
    sükutu çəkdin ciyərlərinə
    tənhalığa söykədin üzünü
    elə bildin həyat budur
    özün demişkən,
    həyatın oldu xak ilə yeksan
    ey maksimalist oğlan
    boynuna al ki
    sən məni sevəndən sonra
    anladın
    bir qucaq qadın
    yumruq boyda ürəyindəki
    sevgidən
    kiçikdir...

    12.06.12
#01.07.2012 15:00 0 0 0