Məlumdur ki,Həzrət Peyğəmbər -Səlləllahu Əleyhi və Səlləm - əshabına vəz edərkən məscid dirəklərindən bir xurma kötüyünə söykənər və söhbət edərdi.Bu xurma kötüyü də bunu hiss edərək nail olduğu bu haldan çox məmnun olardı.
Gün keçdikcə ,məsciddə söhbəti dinləməyə gələn əshab o qədər çoxaldı ki, tünlükdən səhabələrin bir qismi Peyğəmbərin mübarək üzünü görə bilmədilər və öz haqlı şikayətlərini bildirdilər.Buna görə də Peyğəmbərdən məscidə bir minbər düzəldilməsini və onun bu minbərdən xütbə oxumağını xahiş etdilər.Və nəhayət məscidə minbər qoyuldu.Nuri-nubüvvət ,Varlıq Nuru artıq bu minbərə çıxaraq söhbət edəcəkdi.Lakin Rəsulullahın bu yeni minbərə ilk çıxışı zamanı gözlənilməyən, möcüzəvi bir hadisə baş verdi.
Rəsulullahın əvəllər söykənib xütbə oxuduğu həmin xurma dirəyi hiss edib düşünən,hicran və həsrət içində qovrulan bir insan kimi fəryad qoparıb ah çəkərək inləməyə başladı.
Bu dərin və yanıqlı ney sədası kimi o qədər daxili dərinlikdən gələn bir səs idi ki, həmin məclisdə olan hər kəs bu fəryadı hiss etdilər.Fəryad bir səda olmaqdan çıxaraq iztirab içində inildəyən dərdli insanın fəryadına bənzəyirdi.
Bütün əshab quru bir xurma ağacının bu qədər yanıq səslə daxilindəki həsrət və iztirabını ifadə etməsi qarşısında heyrətə və dəhşətə gəldi.
Həzrəti Mövlana - qüddisə sirruh - beytlərində bu hadisəni bele ümumiləşdirir:
Həzrəti Peyğəmbər (S.Ə.S)- minbərdən endi və mübarək əlləri ilə kötüyü oxşayaraq:
-"Ey Xurma kötüyü! Nə istəyirsən? Niyə belə fəryad edirsən?Bu nə haldır?"- deyə dərin bir qayğı ilə soruşdu.
-"Ya Rəsulullah! Sənin hicranın məni yandırıb yaxdı. Mənə ağır bir qəm, kədər və həsrət verdi.Əvvəllər xütbə vaxtında sənin söykəndiyin o talehli və məsud dirək mən idim.İndi isə məni tərk etdin, minbərə qalxdın. Lakin, Ey Allah Rəsulu! Xahiş edirəm mərhəmətən məni qınama, dünyada hansı varlıq sənin bu həsrətinə dözə bilər?"
Rəsulullah (S.Ə.S)- Xurma kötüyünün dərin məhəbbəti qarşısında ona təsəlli olaraq belə buyurdu:
-"Ey Xurma kötüyü! Madam ki, belə bir ayrılığın acısından fəryad edirsən , məndən ürəyin istəyəni dilə!...İstətirsən Allaha yalvarım , səni Şərqdən - Qərbə qədər bütün insanlara meyvə yetişdirən ,yamyaşıl, dipdiri bir ağac etsin? Yaxud səni bir Cənnət fidanı ,Cənnətdə bir Sərv Fidanı etsin, sonsuz olaraq ən gözəl , ən təzə vücudlar kimi gənc və təravətli qalasan!..."
Bu qayğıya nail olan Xurma kötüyü Allah Rəsulundan yandırıb - yaxan eşqinin bir təzahürü olaraq belə rica etdi:
-"Ya Rəsulullah! Heç birini istəmirəm. Tək bir arzum sənin əlinlə fani olmaqdır. Buna görə də məni torpağa basdır, beləliklə də məni bu fani vücuddan qurtar.Çünki bir ağac nə qədər təzə və gözəl olsa da qidasını Günəşdən və Sudan alır. Halbuki, mənim həyatım sənin Nurunla bəsləndi. Sənə dəstək olmanın, sənin hərarətinlə isinməyin, səndə yanıb-qovrulmağın ləzzətini daddı.Mən bir daha bu xoş və dadlı həzdən ayrıla bilmərəm. Əbədi baqi olanı istəyirəm.Məni elə basdır və yox et ki, səndə, sənin uca Nurunun içində dirilib Əbədi olum."
"Allah Rəsulu Xurma kötüyünu torpağa basdırdı ki, Qiyamət Günü İnsan kimi dirilsin."
Bu ibrətli hadisə ilə əlaqədar olaraq Həzrət Mövlana Məsnəvisində belə nəsihətlər verir:
"Onu bil ki, Haqq Təalanın lütf etdiyi bəndə cahanın gəldi- gedər sevdalarına aldanmayıb üzünü əsl Məqsud olan Haqqa tutar."
"Ey qafil! Musanın və Əhmədin möcüzələrinə nəzər sal! Əsa necə dönüb əjdaha oldu və Xurma kötüyü necə irfan sahibi oldu və inildədi.Məhəbbətin həqiqətinibir ağacdan duy və ondan ibrət al! Həqiqi səadət və məqamların ən ucasının bədənin fövqündə və onun son nöqtəsində olduğunu bil! Bil ki, həqiqi səadət fani cəsədin oyunlarından azad olub ilahi vüsala yetişməkdir.."
Çox ibrətlidir ki, ir xurma ağacı Peyğəmbərin Şəfaətinə nail ola bilir.Onun qəlbində yer tutur.Bu ötəri dünyaya aldanmayıb kamil bir insan kimi yetişir. duası qəbul edilir. Bitki aləminin bir nümunəsi olduğu halda , insanların yetişə bilmədiyi mənəvi bir rütbəyə nail olur.
Uca Rəbbimiz hər birimizə saf və təmiz mənəviyyat,güclü bir iman nəsib etsin!
Amin!