Halitoz - Halitozdan xilas olmaq üçün 20 yol hansıdır?
Halitoz və ya başqa sözlə ağızda xoşagəlməz iylər, xüsusilə, səhərlər müşahidə edilir.
Halitoz fizioloji, patoloji və psixoloji olmaqla üç qrupa ayrılır. Ancaq səbəb nə olursa-olsun, halitozdan xilas olmaq üçün aşağıdakı tədbirləri həyata keçirə bilərsiniz:
1. Dişlərinizi və dilinizi gündə ən azı 2 dəfə fırçalayın. Vəziyyətdən asılı olaraq bu rəqəmi artırmaq da olar.
2. Gündə ən azı bir dəfə diş ipindən istifadə edin. Bu, həmçinin, halitoza səbəb olan zərərli bakteriyaları məhv etmək üçün də vacibdir.
3. Diş fırçanızı quru və təmiz yerdə saxlayın və istifadə etdikdən sonra yaxşıca yuyun. Həmçinin, diş fırçanızın tükləri seyrək, sərtliyi orta, ölçüsü isə kiçik olmalıdır.
4. Hər il dişinizi təmizləmək üçün diş həkiminə müraciət edin. Dİgər tərəfdən, halitozun bir dişəti iltihabının, yoxsa bi dişəti xəstəliyinin əlaməti olduğunu ancaq diş həkiminiz müəyyən edə bilər.
5. Dişlərinizi və dişətlərinizi qoruyun. İstər diş çürükləri, istərsə də dişəti iltihabları halitozun əsas səbəblərindəndir.
6. Halitoz həmçinin bir patoloji problemdən xəbər verə bilər. Buna görə də, əgər halitoz sizdə xronikidirsə, həkimə müraciət edin.
7. Çoxlu su için. Bəzən susuzluq da ağızda halitoza səbəb ola bilər. Buna görə də, hər gün ən azı 8 stəkan su içərək halitozun qarşısını ala bilərsiniz.
8. Tərkibində su çox olan meyvə (məsələn, alma kimi) və tərəvəzlərdən (məsələn, pomidor kimi) istifadə edin.
9. Sarımsaq və ya soğandan uzaq olun, ya da sarımsaq və ya soğanı bişirərək yeyin.
10. Nanə yarpağı çeynəyin. Nanə yarpağı təbii olaraq nəfəsinizin "keyfiyyətini" yaxşılaşdıra bilər. Dİgər tərəfdən, nanə yarpağı mədə-bağırsaqlar üçün də faydalıdır.
11. Çətin həzm olunduqları üçün süd və süd məhsulları da bu problemə səbəb ola bilər.
12. Darçından istifadə edin. İstər yeməklərdə, istərsə də içkilərdə darçından istifadə edə bilərsiniz. Darçın ağız bakteriyaları ilə mübarizədə ən böyük silahdır.
13. Hər gün təzə mayalanmış qatıq yeyin.
14. Şəkər "istehlakını" azaldın. Çünki şəkər və şəkər məhsulları ağızdakı bakteriyalar üçün ideal xəzinədir. Digər trəfdən şəkər və şəkər məhsulları diş çürüklərinə səbəb olur.
15. Yeməkləri yaxşı çeynəyin. Belə olduqda tüpürcək ifrazı artır və ağızda yemək qalmaq ehtimalı azalır. Digər tərəfdən, daha çox çeynəmək, daha çox bakteriyanı məhv etmək deməkdir.
16. Qara çayın da tərkibində halitoza səbəb olan bakteriyaları zərərsizləşdirən mühüm maddələr var. Daha yaxşı nəticə əldə etmək üçün qara çayı yeməkdən sonra içmək məsləhətdir. Bəzən qara çayı yaşıl çayla da əvəz edə bilərsiniz.
17. Halitozun qarşısını almaq üçün başqa bir yol isə daha az ətdən və daha az yağdan istifadə etməkdir.
18. Ağzıaçıq yatmayın. Bu, ağzı və boğazı qurudaraq bakteriyaların artması üçün ideal şərait yaradır. Digər tərəfdən, ağızda tüpürcək ifrazı azaldığı üçün problemi daha da dərinləşdirir.
19. Siqaret çəkməyin. Siqaret çəkmək ağzın qurumasına səbəb olduğu üçün halitoza səbəb olur. Digər tərəfdən, siqaret çəkmək diş əti xəstəlikləri üçün də zəmin hazırlayır.
20. Köhnə və zədəli protezləri (və ya breketləri və körpüləri) aradan qaldırın.