157 - 158

Son güncelleme:
  • ( Yahuda Skaryotun dirilişi - Misstik hekayə )



    - Mən hardayam , məni hara aparırsan ?

    - Cəhənnəmə ...

    Ağzından laxtalanmış qan fışkıran Nut, qayığın avarlarını əvəz edən ağ ilanların köməkliyi ilə , ilkinliyə aparan sona tələsirdi ...

    Gecədir , ulduzsuz , aysız gecə . Üfunət qoxuyan bataqlıqda qayıq dayanmadan şütüyür .

    - Bu nədir , mən ki qurşağa qədər qan içindəyəm ?! Sən kimsən , məni hara aparırsan ? Bu nə qandır , bu qayıqda mən nə edirəm . hardayam , hara gedirəm ?

    Nut , köz kimi qızarmış dilini bayıra çıxardanda ,dilinin lap uc tərəfindən bir çimdik torpaq qabararaq şişib , göbəyi kəsilməmiş körpəyə çevrildi . Körpə qırışığını aça - aça zarıyaraq dilləndi :

    - Bu qayıq bizim taleyimizdir , bu qan bizim qanımızdır . Biz lap yaranışdan işığı yox , qaranlıq zülməti seçdik ... Biz bulutların ayrıldığı , İsanın taxtdan endiyi , İsrafilin suru çalındığı ana gedirik ...

    Birdən , qaranlığın qanadlarının altından peyda olan nəhəng , gözəl , cazibədar , uzun saçlı qadın qayığın üstünə şığıdı və qayiğin uc tərəfində oturub əlləriylə çılpaq bədənini tumarlaya - tumarlaya qayıqdakıları qəmzəli baxışlarıyla süzdü. Qadının gözlərindəki ehtiras insanın ruhunu məst edirdi.Qadın gözlənilməz bir çevikliklə qəfildən Nutun dilində ki körpəni qaparaq uça - uça oxumağa başladı ,

    Lili lili La Lilit.

    Lili lili La Lilit.

    - O ... O qadın kim idi ?... Bütün bunlar nə deməkdir ? Yalvarıram , yalvarıram məni rahat buraxın !

    - O qadın adəmin birinci arvadıdır .

    Nutun ağzından bayıra çıxardığı dili Lat bunu deyib xüsusi bir avazla qaranliğa səsləndi :
    - Ya məş - ərəlcinni vəl insi inistətə - tum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu . La tənfuzunə illa bisultan .

    - İlahi !

    Pəncərələrdən süzülən ay , kazarmadakı qaranlığın üzünü azacıq işıqlandırırdı . Yatanların fısıltısı , sayıqlamaları , - Bu yer ... Yox bu yer mənlik deyil ... Bu nə yuxuydu müqeddes İsa ?!

    O, etrafa bir daha nəzər salaraq ehmalca yatağından qalxdı . Ayaqlarına toxunan daş döşəmənin soyuqluğunun fərqinə varmadan gözləri ilə pəncərələrdən düşən hamarlanmış ay işığına nəzər salanda , beyninə gələn ilk fikri dodaqları pıçıldadı ,

    - İçərinin havası çox boğunuqdur , gedim bir az bayırda təmiz hava qəbul edim .

    Ayaqlarını sürüyə - sürüyə qapıya doğru irəliləyəndə , kazarma növbətçisi onu görcək qarşısını kəsərək , dişlərini ağardıb onu məsxərəyə qoyurmuş kimi soruşdu :

    - Əsgər,silahının nömrəsi neçədir ?

    - 157 , 158 .

    - Hə , ağıllanmısan , bir də unutma . De görək hara gedirsən gecəquşu , bəlkə bir az əylənək ?

    - Hava almağa .

    Gecənin alatoranlığında zəyif işıqdan yaranan növbətçi əsgərin kölgəsi , sağ əli ilə qurşağının altını sığallayırdı . O bir də təkrar etdi :

    - Səni əyləndirim , hə , razısan ?

    - Yox, istəmirəm , keyfim yoxdur ...

    O , növbətçi əsgərə əhəmiyyət vermədən çıxışa tərəf gedəndə , zəyif tıkqıltı səsləri onun baxışlarını qeyri - iradi olaraq səs gələn istiqamətə yönəltdi .
    - Bu nə səsdi ? Həyəcanlanaraq duruxdu ... O , durduğu yerdən ürkək addımlarla addımlayaraq zirzəminin qapısına yaxınlaşıb ürəyi üşünə - üşünə dilləndi :- Orda kim var ?

    - ...

    - Orda kimsə var ?

    Böyük qıfıl asılmış dəmir qapının arxasından səs eşidildi :

    - Həqiqətlər qapı arxasındadı , yaxın gəl , mən sənə həqiqətləri deyəcəm ...

    Qəfil , vahiməli qışqırıq , hərbi hissənin yuxuda olan və ya olmayan sakinlərinin tüklərini ürpərtdi . Gecənin qaranlığında gözləri mürgü döyən ay qorxaraq qara bulutların arxasında gizləndi ...

    1943 cü il . Alman zabiti , A . C - nin günlüyündəki qeydlərdən .

    - 1. ci ay , 5. ci gün , səhərüzü 7 tamamdan etibarən əsir düşmüş yahudi əsilli rus zabiti susqunluğunu pozdu .

    - Mənim bildiyim yalnız və yalnız , İsanın Allah olmamasıdır .

    - Sən bizi lap gic yerinə qoymusan .

    - And olsun bir olan Allaha ki , İsa çarmıxa çəkilməmişdir , Yahuda günahsızdır .

    - Əzizim A. C , görünür qonağımıza bu bir neçə gündə göstərdiyimiz qayğı öz nəticəsini verməkdədir . – O , kinayə ilə gülüb əlavə etdi :

    - Əclaf , mən səni öldürsəm arvadın kişisiz qalıb , özünü ... bəlkə danışasan ?! Danış !

    Onun gözləri , partlamış qaşından süzülən qanın altında , taqətdən düşüb dərinliyə çökmüşdü . Udğunub azacıq gülümsündü . Sonra , sevgi dolu baxışlarla ətrafa nəzər saldı .
    - Sən gülürsən ?! Sən gülürsən alçaq , əclaf murdar ... küçüyü sən mənə gülürsən ?! Sən bizi ələ salırsan ?!

    E . M . dəliyə dönmüşdü . Mən , onu sakitləşdirmək istəyirdim . O isə , mənə əhəmiyyət vermədən , sol əli ilə əsirin hulğumundan yapışaraq , gözünü qan örtmüş öküz kimi fınxıra – fınxıra əsiri boğurdu . Heç bir müqavimət göstərməyən əsir isə xırıltılı səslə deyirdi :

    - O zaman Allah belə buyuracaq :

    - Ey Məryəm oğlu İsa ! Sənmi insanlara demişdin – Allahla yanaşı , məni və anamı da özünüzə Tanrı bilin !

    - Burax onu E . M eşidirsən ?! O , nəsə deyir ,ondan əl çək , özünü ələ al !

    E . M mənə əhəmiyyət vermədən ,- Bu əclaf ölməlidir ! O bizi gic hesab edir ?!

    1991 ci il , 1 - ci gün səhərüzü 5 - ə 7 dəqiqə işləmiş , dəhşətli bir qışqırıq hamını yuxudan oyatdı . Bu vahiməli qışqırıqdan cəmi 1 dəqiqə sonra , 1 – ci gün , səhərüzü 5 – 8 dəqiqə işləmiş ikinci dəhşətli qışqırıq , hərbi hissənin zabit və əsgər heyyətini ayağa qaldırdı ...

    - Mən silahı təmizləyib sonra güllələri darağa yerləşdirdim ... sonra darağı silaha qoydum . Sonra bütün əsgər yoldaşlarımı qışqıran gördüm . Onlar , gözlərini bərəldib qışqırırdılar . Əsgər yoldaşlarımın əllərindəki silahlar ağ ilanlara çevrilmişdi . Amma mənim silahım ağ ilanlara çevrilməmişdi . Birdən , ilanlar qanadlanıb uçmağa başladılar . İlanlar uçuşurdular ... Qəfil tükdən də nəzik bir səs qulaqlarımı batırdı , göydə uçuşan ağ ilanlar öldü . Əsgər yoldaşlarım yerin dibinə batdılar ... Başımı qaldırıb göyə baxanda , günəşi qan – qırmızı gördüm ... bulutlar qaralıb lopa – lopa torpağa tökülürdü , adam boyu boyda qara yağış yağırdı ... mənsə eləcə dayanmışdım ... Əlimdə silahım ... Mənlə hər şey normal idi . Bilirsiz , mən qorxurdum , ürəyim əsirdi . Amma nədənsə mənə elə gəlirdi ki , bütün bu olanlar sanki olmalıymış . Elə bil mən baş verən bütün bu hadisələri lap çoxdan gözləyirdim .

    - Siz , dörd əsgər yoldaşınızı öldürmüsüz , yeddisini isə yaralamısız .

    - Mən heç kimi öldürməmişəm cənab tədqiqatçı .

    - Yaxşı ... Bəs siz əsgər yoldaşlarınızı güllə - boran etməmişdən bir neçə gün əvvəl , əsgər yoldaşınız Klaudyo Şimidlinin müəmmalı ölümünü xatırlayırsız ?

    - Hə ... O , ölməmişdi , yanında biri də vardı ... Mən onları zirzəmidə gördüm , ikisi də yanaşı dayanmışdı ... əsgər yoldaşım Klaudyo Şimidlin , tanımadığım biri ilə yanaşı dayanmışdı . Naməlum adam lüt – üryan idi . O , şəhadət barmağından axan qanla , divara nəsə yazırdı . Nə yazdığını başa düşmədim , qəribə bir yazı idi . Klaudiyo Şimidlin , onun yazdıqlarını oxuyurdu . Sonra O , yazıların altından rəqəmlər yazdı . Hə , mən o yazıları gördüm , mən o rəqəmləri xatırlayıram ... 1 , 5 , 7 , 1 , 5 , 8 ...

    - O , nə yazırdı , bu necə bir yazı idi ? Hansı həriflərlə yazırdı ? Xatırlamağa çalışın !

    - Mən o hərifləri , ilk dəfə idi ki görürdüm , hansı dildə olduğunu bilmədim . Amma rəqəmlər mənə tanış idi . O rəqəmlər Şimidlinin silahının nömrəsi idi . O , qalx komandasından əvvəl oyanmışdı , mən kazarma növbətçisiydim . Şimidlin hava almaq üçün bayıra çıxanda , zarafatca ondan silahının nömrəsini soruşdum . O da mürgülü – mürgülü silahının nömrəsini dedi – 157 , 158 . Sonra mən ona təmiz hava qəbul etmək üçün bayıra çıxmağa izin verdim . O , ayaqlarını sürüyə - sürüyə çıxıb getdi . Ancaq çox keçmədən dəhşətli bir qışqırtı eşitdim . Qorxdum ... Sonra anladım ki , bu səs Şimidlinin səsidir . Kazarmanın çölə açılan qapısına tərəf qaçanda , zirzəmiyə düşən dar pillələrin nura boyandığını gördüm . Sonra ... sonra zirzəmiyə endim . Orda dəmir qapı olmalıydı ... Üstündə böyük qıfılı olan dəmir qapı ... Mən o qapını dəfələrlə görmüşdüm , üstündəki köhnə böyük qıfılıda ... Amma nə qıfıl var idi , nə də dəmir qapı . Zirzəmidən , göz qamaşdıran işıq süzülürdü bayıra . Mən içəri boylananda , Şimidlinin silahının nömrəsini naməlum adam şəhadət barmağından axan qanla oxuya bilmədiyim yazıların sonuna yazırdı . Sonra mən növbətçi rəisə gördüklərimi məruzə etmək üçün geri dönüb getmək istəyəndə , ayağım ilişdi və yıxıldım ... bu dəhşətli idi ... Şimidlin , zirzəminin girişində yerə uzanmışdı , gözləri bərəlmişdi , ağzından köpük axırdı ... Qorxudan qışqırıb hamını oyatmaq , hamını səsləmək istədim . Səsim boğazımda düyünləndi . Sonra ... sonra bütün gücümü toplayıb var quvvəmlə qışqırdım ... göz qamaşdıran işıq yox oldu . Qapı da , qapının üstündəki köhnə qıfıl da yerində idi ...

    O danışdıqca gözləri , üzü , daha da məsum görkəm alırdı . Titrəyən barmaqları göm – göy idi . Hərdən - bir dərinliyə dalıb yox olan gözləri , birdən geniş açılan göz qapaqlarının altından tədqiqatçı xanımın boynundan asdığı xaçda ilişib qaldı . Xəstənin halı dəyişildi . Sol gözü qıyılaraq üzünün sol yanağı əsməyə başladı . Sonra ağzını geniş açan xəstə sanki boğulurmuş kimi dərindən nəfəs aldı . Xanım tədqiqatçı cəld ayağa qalxıb həkimləri səsləmək istəyəndə , 116 saylı ruhi xəstəxananın 117 nömrəli palatasında bayaqdan onun suallarına təmkinlə cavab verən ruhi sarsıntıya məruz qalmış əsgər B . S , qəfil tədqiqatçının qolundan tutaraq dedi :

    - Xahiş edirəm , həkimləri çağırmayın , mənə diqqətlə qulaq asın .

    Tədqiqatçı mayor miss Jasmin Qrandval qorxduğunu biruzə verməyərək ,

    - Buyurun , mən sizi dinləyirəm , amma bir az sakitləşməyə çalışın . Zəhmət olmazsa qolumu buraxıb , yerinizə əyləşib sakitcə danışın .

    B . S , titrəyən dodaqlarını miss Jasmin Qrandvalın sağ qulağına yaxınlaşdırıb pıçıltıyla dedi :

    - Ey Məryəm oğlu İsa , sənmi insanlara demişdin Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin ? İsa cavabında deyəcək : - Sən pak və müqəddəssən , haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz ! Əgər mən bunu demiş olsaydım, sən mütləq bilərdin . Sən mənim ürəyimdə olan hər şeyi bilirsən . Mən isə , sənin zatında olanları bilmirəm . Şübhəsiz , qeybləri bilən ancaq Sənsən ! Mən onlara , yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm - Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin !



    - Yəni bütün hadisələr , artıq ruhi xəstə olduğu həkimlər tərəfindən də təstiqlənən B . S – nin söylədiyi kimi zirzəmiylə bağlıdır ?

    Bu gəncin keçmişi təmizdir , ömründə bir dəfə də olsun məhkum həyatı yaşamayıb . Narkotik alüdəçisi də deyil ...

    Hərbi hissədə baş verənlər bir çox vəzifəlilərin həyatını zəhərlədi . Hərbi hissə komandiri və digər vəzfəlilər vaxtından əvvəl istehfa verməli oldular . Yuxarı dairələr və hərbi tribunal , bütün bu olanlara görə əsgər B . S – ni günahlandırırlar . Bəs zirzəmi , axı nədən uzun illər bu zirzəminin qapısı bağlı qalıb ? Sanki belə bir yerin mövcudluğundan hamı xəbərsizmiş ... Ən maraqlısı isə , əsgər B . S - nin muqeddes İsayla bağlı söylədikləridir . Bəs onun cəfəng uydurmaları ... ağ ilanlar , Şimidlinin silahının nömrəsini şəhadət barmağından axan qanla divara yazan zirzəmidəki lüt kişi ... Bütün bunlar nə deməkdir ? Mən zirzəmini ən azından 20 dəfə araşdırmışam , amma orda quru torpaqdan , soyuq divarlardan başqa heç nə yoxdur ...

    Miss Jasmin Qrandval , öz – özünə verdiyi sualların içində boğulurdu . O , hərbi hissənin həyətində gəzişirdi . Dərin düşüncələrə qapıldığından , artıq gecə olduğunu hiss etməmişdi . Və yalnız indi nəzərlərini yerdən çəkib başını qaldıraraq sinəsində çarpazladığı qollarını yorğun halda yanına salıb , ətrafa göz gəzdirdi .

    O , bu gün ruhi xəstəxanadan bir başa hərbi hissəyə yollanmış , bir neçə əsgəri və zabiti yenidən dindirmiş , zirzəminin altını üstünə çevirmişdisə də , heç bir nəticə əldə etməmişdi .

    Jasmin Qrandval ətrafa göz gəzdirəndə , özünü kazarmanın girişi önündə gördü . Miss Qrandval , qəti addımlarla kazarmaya daxil olaraq ayaq üstə mürgüləyən növbətçi əsgərin yanından keçib , zirzəmiyə enən pillələrin önündə dayandı . Gözlərindəki yenilməzlik ifadəsi , köhnə dəmir qapıya meydan oxuyurdu . O , sol əlinin barmaqlarıyla boynundan asdığı xaçı bərk – bərk dodaqlarına sıxaraq öpüb dedi :

    - And olsun bu müqəddəs xaça , and içirəm ki , mən bu işi sona çatdıracam , bütün bağlı düyünləri açacam ...

    Tədqiqatçı mayor , Jasmin Qrandval zirzəminin ortasında dayanaraq gözlərində qəzəb sağa – sola baxırdı . O , deyirdi :

    - Axı burda nə var ? Hanı divardakı qanlı yazılar ?! Hanı o naməlum adam , hanı ?! Hardasan , çıx ortaya ?! Məni eşidirsən , mən həqiqətləri bilmək istəyirəm !

    O , öz – özünə deyindiyi anda birdən :

    - Mən sizə həqiqətləri deyəcəm , miss Jasmin Qrandval !

    Tədqiqatçı nəfəsini udub , qulaqlarındakı eşitmə zərlərini , səs gələn istiqamətə yönləndirdi . Naməlum adam , təxminən dörd addımlıq məsafədə onun arxa tərəfində dayanmışdı . Jasmin , başını yavaş – yavaş sağ çiyninə tərəf döndərərək geri çevriləndə , özü ilə üz – üzə dayanan uzun boylu lut – üryan naməlum kişi , zəncirindən sağ əlinin şəhadət barmağına keçirib salladığı xaça baxırdı .

    - Bu əşya sizə məxsusdur mis Qrandval .

    Jasmin Qrandval sol əlini üşünə - üşünə yaxasına çəkəndə başa düşdü ki , ona anasından yadigar qalan müqəddəs gümüş xaçlı boyunbağı naməlum adamın şəhadət barmağından sallanır .

    - Özünü birtəhər ələ alan Jasmin Qrandval udğuna - udğuna dilləndi :

    - Siz kimsiz ?

    - Mən , İsanı 30 axçaya satan günahsız Yahudayam . Cismi Allahın izni ilə İsaya bənzədilən , cahil insanların çarmıxa çəkdikləri Yahuda İskaryotam .

    Özünü Yahuda Skaryot adlandıran şəxs , bu sözləri dedikdən sonra , sağ əlinin şəhadət barmağına zəncirini keçirib salladığı xaçı kinayəli bir şəkildə gülümsünərək yerə atdı . Jasmin Qrandvalın şiddətlə döyünən ürəyi dilini lal etmişdi . Onun qorxu dolu baxışları , Yahudanın havada asılı qalan müqəddəs xaçlı boyunbağını sürüşdürərək yerə atan sağ əlinin şəhadət barmağına zillənmişdi . Barmağın ucundan qan süzülürdü . Yahuda , divara yaxınlaşaraq barmağından axan qanla yazmağa başladı . Sonra üzünü Jasminə tutub dedi :

    - Sənə hikmət verildi oxu !

    Jasmin Qrandval , ömründə birinci dəfə gördüyü həriflərlə yzılmış yazını xüsusi bir avazla oxumağa başladı :

    - Onlar , Məryəm oğlu İsa Məsihi öldürdük , - dedilər. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Bu, onlara belə göründü. Bu barədə fikir ayrılığına düşənlər şəkk-şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir. 157 , 158 .

    Müəllif : Göylərin dili günəş közərib məşriqdən hər doğulduğu gün , göbəyi kəsilməmiş körpələr dil açaraq , Allah ! - deyib gileylənərlər ...

    Günəş , laxtalanmış qanı isitdi . Fəqət , yenicə doğulan hər bir körpə ilkinliyə aparan sona tələsdi . Gecənin ruhu körpələri oğurlayıb onlara analarının laylalarını unutdurdu . Əvəzində onların içlərindəki nəfislərini öz şər nəğmələriylə , öz laylalarıyla böyütdü . Şər nəğmələrlə böyüyən körpələr , iblisin əsgərləri oldular . Onlar , “ Öldürməyəcəksiniz ! “ deyildiyi halda , öldürdülər ... daha doğrusu belə zənn etdilər . Zənnə qapılanlar dünyanı dəyişdirmək istəyən daxillərindəki itələmələrin qurbanına çevrilərək , miflər , əsatirlər , bütlər yaratdılar ... İnsanların yaratdıqları hər şey , dünyanı dəyişdirmək üçündür .

    Dünya , bataqlıqda üzən bir qayıqdır . Göylərdən yer üzünə endirilən mələklər bu bataqlığa soxulub bacardıqları qədər Allahın qələbəsi üçün dünyanı günahalardan qorumağa çalışarlar.

    Müəllif : ELçin Aslangil
0 0 0