Avtomobil ancaq kişilərə məxsusdurmu

Son güncelleme: 22.05.2013 07:27
  • Avtomobili kimler idarre ede biler - Avtomobil ancaq kişilərə məxsusdurmu

    Son illər dünyada qadın sürücülərin sayı getdikcə artmaqdadır ki, bu, cəmiyyətdə heç də birmənalı qarşılanmır.

    Əslində, qadınların avtomobil idarə etməsini qəbul etməyənlərin əksəriyyətini kişilər təşkil edirlər ki, bunun da müxtəlif səbəbləri var. İngiltərədə 3 min kişi arasında aparılan sorğuya görə, kişilərin üçdə biri qadınların idarə etdiyi avtomobillərdə özünü təhlükəsiz hiss etmir. Onların fikrincə, qadınlar avtomobil idarə edərkən 10 xətaya yol verirlər. Bunlara əsasən diqqət pozğunluğu, əyləcə gec və sərt basmaq, avtomobili birdən sürətləndirmək, digər avtomobillərə çox yaxınlaşmaq, siqnal verməmək, hədsiz sürətli idarə etmək kimi amilləri daxil edirlər. Lakin araşdırmaya görə, yol qəzalarının 88 faizi məhz kişi sürücülər tətəfindən törədilir. Həmçinin motosiklet qəzalarının da 97 faizini kişilər törədirlər. Lakin bununla yanaşı, ingilis qadınlar avtomobildə sürətə üstünlük verirlər. Alkoqollu qadın sürücülərin də sayı artmaqdadır. Ancaq qadınların kişi sürücülərə nisbətən daha ehtiyatlı və qanunlara hörmətlə yanaşdığı məlum olub.

    Bu gün qadın sürücülərin getdikcə artdığı ölkələrdən biri də Türkiyədir ki, burada sükan arxasına keçən 23 milyon sürücünün 20 faizi qadındır. Nəticədə hazırda onların sayı 5 milyona çatıb. Beləliklə, əgər 2003-cü ildə qadın sürücü sayı bütün sürücülərin 15 faizini təşkil edirdisə, hazırda 20 faizə yüksəlib. Onu da qeyd edək ki, bəzi ölkələrdə qadın sürücülərə xüsusi diqqətlə yanaşılır. Məsələn, Çində qadın sürücülər üçün xüsusi avtopark yaradılıb. Belə ki, Çinin Şıciacuanq şəhərində açılan park sadəcə qadın sürücülərə xidmət edir. İlk aylar pulsuz xidmət göstərən xidmət sahəsi müxtəlif rənglərlə bəzədilib. Qeyd edək ki, Çinin bəzi əyalətlərində, həmçinin Yaponiyada qadınlar üçün xüsusi metro vaqonları, Rusiyada qadınlara məxsus bənövşəyi taksilər var.

    Kişilər və qadınlar hansı avtomobillərə üstünlük verirlər?

    Kişilər avtomobil seçərkən əsasən markasına görə qərar verirlər. Sonra mühərrik gücünə, nə qədər benzin istifadə etdiyinə, qiymətinə, dözümlülüyünə və ən sonda isə rənginə və daxili quruluşuna baxırlar. Qadın sürücülərin istəklərinə gəldikdə isə onlar üçün avtomobilin markası, mühərriki deyil, necə göründüyü, rəngi, daxili quruluşu önəmlidir. Məsələn, qadınlar tünd avtomobilləri o qədər də sevmirlər. Ən çox sevdikləri rəng isə ağdır. Eləcə də qadınlar avtomobildə baqajın geniş olmasına diqqət edirlər ki, hər qadın sürücü üçün baqaj eyni zamanda qarderob deməkdir. Burada qadınların əsasən ehtiyat ayaqqabıları və geyimləri yer alır.

    Mütəxəssislərin fikrincə, qadınların avtomobildən istifadəsinin əsas səbəbi iqtisadi amillərlə bağlıdır. Digər səbəb kimi isə qadınların iş həyatına qoşulması göstərilir. Yəni ictimai nəqliyyatda bir çox çətinliklərlə üzləşən qadınların qazandıqları vəsaitə ilk aldıqları məhz avtomobil olur. Bəzi qadınların avtomobil sahibi olmaq istəyi o qədər güclüdür ki, hətta bütün maaşının hamısını ona sərf edirlər.

    Araşdırmalara görə, dünyada avtomobil sahibləri olan qadınlar arasında ilk yeri avtomobillərini atalarının aldığı tələbələr, yaşı 25-dən az olan sürücülər tutur. Onlar ən çox “Nissan Micra”, “MINI Cooper”, “Audi A3”, “Peugeot 107” istifadə edirlər. İkinci qrup isə iş həyatına daxil olan, tıxac problemi yaşayan qadınlar olur. Bunlar əsasən daha az benzin istifadə edən, park etməsi asan olan avtomobilləri seçirlər. Onlar əsasən “Opel Corsa”, “Ford Fiesta”, “Honda Jazz”a üstünlük verirlər. Digər qrup isə əsasən şirkət avtomobillərindən istifadə edir. Dördüncü qrup iqtisadi vəziyyəti yüksək olan qadın sürücülərdir. Onlar xüsusilə ciplərə üstünlük verirlər. Əsasən, “Mercedes”, “Audi” və “BMW X3”ü seçirlər. Maraqlıdır ki, “BMW X3”ün istifadəçilərinin 50 faizindən çoxu qadındır. Son qrupa isə kütləvi nəqliyyat vasitələri idarə edən qadınlar daxildir. Onların sevdiyi avtomobillər isə kiçik, avtomatik çarxlı, içi geniş və rahat avtomobillərdir.

    Ağır yol-nəqliyyat hadisələrini kimlər törədir?

    Ölkəmizdə də son illər avtomobil idarə edən qadın sürücülərə çox rast gəlinir. DİN-in Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, ölkəmizdə hazırda 40 mindən artıq qadın sürücü var. Şöbə rəisi deyir ki, sürücünün qadın və yaxud kişi olmasının heç bir fərqi yoxdur: “Qaydanı pozanda istər qadın, istərsə də kişi olsun, cəza ehtimalı var. Ancaq kişilər qadınlara nisbətən daha cəld və qıvraq olduqlarından ola bilər ki, bəzi situasiyalarda kişilər ehtimal vəziyyətdən çıxa bilirlər. Ancaq qadınlarda bir az zəriflik, qorxu olduğundan haradasa ehtimal vəziyyətlərdə cəld tərpənə bilmirlər. Onu da qeyd edim ki, qadınlar avtomobili kişilər kimi yüksək sürətlə idarə etmirlər və ona görə də qadınların törətdiyi qəzalar əsas etibarilə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri olur. Son bir neçə ildə sürücü qadınlar tərəfindən ağır yol-nəqliyyat hadisələri qeydə alınmayıb”.

    K.Əliyev deyir ki, ölkəmizdə ictimai nəqliyyatda, taksidə də çalışan qadınlar var, ancaq onların sayı məhduddur: “Subyektiv fikrim odur ki, qadınlara rəva bilməzdim ki, avtobus, yük maşınları kimi iri nəqliyyat vasitələrində peşəkar sürücü kimi çalışsınlar. Mən demirəm ki, onlar buna layiq deyillər, yaxud yaraşmırlar. Hər halda ağır peşə olduğundan rəva bilməzdim ki, iri nəqliyyat vasitələrində sürücülük peşəsini seçsinlər”.

    “Ancaq kişilər avtomobil idarə etməlidir” fikrinə gəldikdə isə şöbə rəisi bildirdi ki, avtomobil qadınlara daha çox lazımdır, nəinki kişilərə: “Qadınların avtobus marşrutlarından istifadə etmələrindənsə, öz şəxsi avtomobillərində getmələri daha yaxşıdır”.

    Sürücülük vəsiqəsindən istifadəyə gəldikə isə bildirildi ki, bu gün sürücülük hüququ olmayan qadınlara da rast gəlinir və sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə kifayət qədər qadın da məsuliyyətə cəlb olunub: “Amma hər halda sürücülük hüququ olmayan kişilər qadınlardan daha çoxdur. Bir il ərzində 6 qadın sürücülük hüququ olmadan idarə etdiyinə görə, inzibati məsuliyyətə cəlb edilib. 2012-ci ildə qadınlardan vəsiqəsiz-sərxoş vəziyyətdə 1 nəfər, nişanlama xəttinin tələbini pozan 212 nəfər, 128 nəfər təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə məsuliyyətə cəlb edilib”.

    Kişi sürücülər qadınların avtomobillərini sıxışdırır

    Qadınların avtomobil idarə etməsinə müxtəlif peşə sahiblərinin fikrinə gəldikdə isə millət vəkili Aydın Mirzəzadə deyir ki, qadınların avtomobil idarə etməsinə normal baxıram: “Amma bu gün avtomobil axınının təşkilində müəyyən problemlərimiz var. Ona görə də qadınların maksimum ehtiyatlı və səbirli olmasını istəyirəm. Bir fikri də təsdiq edirəm ki, avtomobil heç də ancaq kişilərə məxsus deyil. Yüngül minik avtomobillərinin ən təhlükəsizi və müasiri qadınlarındır”.

    “XXI Əsrin Qadınları” İctimai Birliyinin rəhbəri Mahirə Əmirhüseynova da qadınların avtomobil idarə etməsini müsbət qarşılayır: “Nə qədər qadın sürücülərin sayı artıq olsa, qəzaların da sayı bir o qədər azalar. Çünki qadınlar sükan arxasında çox az hallarda spirtli içkidən istifadə edirlər, kişilərlə müqayisədə daha diqqətlidirlər. Adətən yolda gedərkən müşahidə edirik ki, sağdan-soldan avtomobilləri sıxışdırmaqla sürücüləri çaşdırırlar. Ancaq qadınlarda belə əlamətlər müşahidə edilmir. Mənim fikrimcə, normal sükanı idarəetmə bacarığı, qabiliyyəti qadınlarda da var. Adətən kişilər qəbul etmirlər, ancaq kişilərlə müqayisədə qadınlar avtomobili idarə etməkdə liderdirlər”.

    Birliyin rəhbəri qeyd etdi ki, son vaxtlar baş verən qəzalara nəzər saldıqda heç bir hadisədə, ölüm faktında heç bir sürücü qadın olmur: “Yaxud hansısa adi bir qəza baş verəndə də kişilər tərəfindən törədilir və onlar günahı qarşıdakı qadın sürücü olduqda onun üzərinə yıxırlar. Qadınlar sürücülüklə bağlı detallara daha çox riayət edirlər. Çox sevindirici haldır ki, yeganə bu sahədə gender bərabərliyini qoruyub saxlaya bilirik. Şəhərdə qadın sürücülərin sayı çoxdur və kişilərlə bərabər olmasa da, o saya çatmaq üzrədir”.

    Artıq 20 ilə yaxındır ki, sürücülük vəsiqəsi olan və avtomobil idarə etdiyin deyən M.Əmirhüseynova qadınların problemlərlə də qarşılaşdıqlarını deyir: “Məsələn, Azneft meydanından “İçərişəhər” metrosu istiqamətində üzüyuxarı qalxarkən avtomobillər çalışırlar ki, sıxışdırsınlar. Sürücü qadın olduqda isə çaşdırmaq üçün manevrlər işlədirlər və sürücü özünə əmin olduqda özünü itirmir. Xam sürücü olduqda çaşa bilər. Bir də “İçərişəhər” qapısı qarşısında avtomobil saxlamağa icazə verilmədyi halda 3 zolaq sağda, 3 zolaq solda dayanacaq kimi düzəldilib və oradan bir maşın çətinliklə keçir. Dövlət Yol Polisi buraya diqqəti artırsa, yaxşı olardı”.

    Nigar Abdullayeva
#22.05.2013 07:27 0 0 0