Kimlər övladlığa uşaq götürə bilməz

Son güncelleme: 01.07.2013 08:44
  • Övladlığa uşaq götürme haqqında - Kimlər övladlığa uşaq götürə bilməz

    Ailədə yaşamaq və tərbiyə olunmaq uşağın əsas hüquqlarından biridir. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Övladlığa götürmə də uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir.

    Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Vasif Həsənov Lent.az-a bildirib ki, Azərbaycanda övladlığa uşaq götürülməsi Ailə Məcəlləsi və “Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 20 sentyabr 2000-ci il tarixli Qərarı ilə tənzimlənir. Qaydalara görə, valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotunu 3 yaşına qədər uşaqlar üzrə Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə isə Təhsil Nazirliyi, ümumi uçotunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir. “İlk öncə qeyd edim ki, uşaqları övladlığa götürməyi arzu edən Azərbaycan vətəndaşlarının uçotu onların yaşadığı yerin qəyyumluq və himayə orqanı tərəfindən aparılır. Azərbaycan vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Ailə Məcəlləsinin tələbinə görə, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan ərazisində daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları övladlığa götürmədikdə icazə verilir. Bu halda, övladlığa götürməyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə övladlığa götürmək yolverilməzdir. Övladlığa götürmə məhkəmə tərəfindən həyata keçirilir. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin övladlığa götürülmə barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır”, hüquqşünas qeyd edib.


    Övladlığa götürmək hüququ olan şəxslər


    V.Həsənovun sözlərinə görə, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər. Lakin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş və səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər. Nazirlər Kabinetinin 15 avqust 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş xəstəliklər siyahısında olan xəstəliklərdən birinə tutulmuş şəxslərə də uşaq övladlığa götürməyə icazə verilmir.

    “Bu xəstəliklər aşağıdakılardır:

    Vərəm (aktiv və xroniki), bədxassəli onkoloji, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion, ruhi xəstəliklər, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri”.

    Həsənovun sözlərinə görə, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Lakin, ögey ata (ana) uşağı övladlığa götürəndə yaş fərqinin olması tələb edilmir: “Valideynləri olan uşaq yalnız onların razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin notariat qaydasında yazılı razılığı tələb olunur. Valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Həmçinin, valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq valideyn, himayəçi, qəyyum, tərbiyə müəssisəsinin rəhbərinin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə isə onun razılıq verməsi zəruridir”.

    Vəkil deyir ki, qanunvericilik övladlığa götürmə sirrini də qoruyur. Belə ki, övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Onun sözlərinə görə, övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: “ Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə: xroniki alkoqolik və narkoman olduqda övladlığa götürmə ləğv olunur. Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir”.

#01.07.2013 08:44 0 0 0