Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-29-da Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində iştirak edəcək.
APA-nın Avropa Birliyinin (AB) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sammit Avropa Birliyi Şurasının prezidenti Herman vam Rompeyin sədrliyi ilə keçiriləcək. Tədbirdə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu da iştirak edəcək.
Sammitə AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, AB-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Avropa Parlamentinin prezidenti Martin Şults da qatılacaq.
AB-nin "Şərq tərəfdaşlığı" proqramı üzrə tərəfdaş ölkələrdən isə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Ermənistan prezidenti Serj Sərkisyan, Ukrayna prezidenti Viktor Yanukoviç, Moldovanın baş naziri Yuri Lyanke və Belarusun xarici işlər naziri Vladimir Makeyin sammitdə iştirakı dəqiqləşib.
Sammit çərçivəsində Azərbaycan prezidentinin bəzi ikitərəfli görüşləri də nəzərdə tutulur. Fransanın xarici ticarət naziri, Azərbaycan-Fransa hökumətlərarası komissiyanın həmsədri Nikol Brik komissiyanın dünən Bakıda keçirilən VII iclasında ;urnalistlərə açıqlamasında bildirib ki, sammit çərçivəsində Fransa prezidenti Fransua Olandla azərbaycanlı həmkarı İlham Əliyevin görüşü baş tutacaq.