Kənddə Qalıb Neyləyim

Son güncelleme: 17.01.2014 12:34
  • Deyirsən ki, kənddə qal,
    Ev-eşiyə meyli sal.
    Ata, verim bir sual:
    Kənddə qalıb neyləyim?

    Varmı gedim zavoda,
    İşlə bizi ovuda?
    Su çiləmə bu oda,
    Kənddə qalıb, neyləyim?

    Çayxanada nərd atım?
    Öz-özümü aldadım?
    Para var ki, bal dadım?
    Kənddə qalıb neyləyim?

    Bəy çəkəndə çəpəri,
    Olum onun nökəri?
    Udummu bu zəhəri,
    Kənddə qalıb neyləyim?

    Qalıb dönüm oğruya,
    Kimsə məni doğraya.
    Sənin qəlbin ağrıya,
    Kənddə qalıb neyləyim?

    Xaricdə iş var, ata,
    İşim verər bar, ata.
    Alışarsan barata,
    Kənddə qalıb neyləyim?

    Baxıb ana-bacıya,
    Qəlbim yana,acıya?
    Yaltaqlanım Hacıya?
    Kənddə qalıb neyləyim?

    Torpaq döndü özələ,
    Keçmədi heç düz ələ.
    Çətin bu kənd düzələ...
    Kənddə qalıb neyləyim?

    Müəllif: Xanəli TOLIŞ,


    alıntı
#17.01.2014 12:34 0 0 0