Quran Simvolizmi

Son güncelleme: 11.05.2014 23:01
  • Quran simvolizmi və klassik Şərq poeziyasında Gözəlin vəsfi.

    İrfani şeirin mühüm istiqamətlərindən birini Gözəlin vəsfi təşkil edir. İlahi eşqi tərənnüm edən aşiq-ariflər Uca Varlığın vəsfi zamanı vəhdəti-vücuda müvafiq ilahi təcəllini özündə əks etdirən insanı, xüsusilə gözəl qadını təsvir və tərənnüm ediblər.

    Bəzən bu təsvir və tərənnümdəki mistik əhvali-ruhiyyə və incə mənalar gündəlik həyatın adi axınına bənzər bir tərzdə, insan cəmiyyətinə xas ehtiras və boyalarla təsvir olunub.

    İbn Ərəbi fəlsəfəsində Mütləq varlığın qadın gözəlliyi vasitəsilə dərki öz poetik təcəssümünü onun “Tərcümani Əşvaq” (Ehtirasların izahı) əsərində tapıb. Şərqin böyük mistiki bu əsəri Məkkədə rast gəldiyi fars gözəli Nizama həsr edib. İbn Ərəbi “Tərcümani Əşvaq”da dönə-dönə vəsf etdiyi Nizama həmin əsərin müqəddiməsində təriflər yağdırdıqdan sonra bildirir ki, bu əsərdə xatırladığım ad və üzərində göz yaşı axıtdığım oba ona (Nizama) aid olsa da, mən bununla sufilərin tutduğu yola müvafiq ilahi anlamları, ruha xas açıqlamaları, uca münasibətləri nəzərdə tutmuşam.

    Onun fikrincə, qadına olan məhəbbət irfanın fəzilətləri cərgəsindədir. Çünki o, Peyğəmbərin sünnəsi olmaqla yanaşı həm də ilahi bir eşqdir. İbn Ərəbiyə görə, öz ad və atributları ilə varlıqlarda təcəlli edən Allahın ən mükəmməl təcəllisi gözəl qadın simasında reallaşıb. Təsadüfi deyil ki, İlahi Substansiyanı bildirən “Zat” sözü də ərəb dilində məhz qadın cinsindədir.

    İlahi eşqin tərənnümü Mütləq Gözəlin vəsfi ilə sıx vəhdət təşkil etdiyindən Sufi poeziyasının ilk nümunələrindən Gözəlin üz cizgilərinin təsvirinə xüsusi əhəmiyyət verilib. Bu sahədə ilk nümunələrdən biri kimi Əbu Bəkr əl-Şiblinin (861-945) aşağıdakı şeirini göstərə bilərik:

    Onun gözlərində sehr və cadu vardır,

    kimi istəsə öldürür, kimi istəsə dirildir.

    O öz baxışları ilə aləmləri əsir edir,

    sanki dünya onun köləsidir.

    Əli-ayağı qandallı edam kürsüsünə aparılan əl-Hüseyn ibn Mənsur əl-Həllac da Mütləq Varlığı sanki dostcasına qınayan bir tərzdə aşağıdakı şeiri söyləyib:

    Haqsızlıqdan uzaq olan həmpiyalə dostum

    Bir qonaq kimi məni dəvət edib salamladı.

    Piyalə məclisdə hərlənərkən o,

    Cəllad kötüyünün və qılıncın

    gətirilməsini buyurdu.

    Orta çağlar Sufi şeirinin mühüm bir qolunu təşkil edən Azəri-türk poeziyasında gözəlin üz cizgilərinin – saçların, gözün, qaşın, kipriklərin, yanağın, xalın, buxağın, dişlərin və s. təsviri ilə bağlı mükəmməl obrazlar sistemi yaranmışdır. İrfani şeirin məziyyətlərindən biri bu cür təsvirlərdə Müqəddəs Qurana müraciət edilməsi, onun ayət və hökmlərinin İlahi varlığın mücəssəməsi olan insan simasında axtarılmasıdır.

    Klassik şeirimizdə Gözəlin vəsfində Qurandan bəhrələnmə özünü iki istiqamətdə göstərir:

    Birincisi, insan simasında müqəddəs yazı – ərəb əlifbasının müəyyən hərfləri və ayrı-ayrı Quran ayələri oxunur;

    İkincisi, insan simasının cizgilərinin təsvirində Quran qissələri ilə bağlı obrazlara müraciət edilir.

    Aida Qasımova, professor

    alıntı

    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/771360-islam-dini-ve-azerbaycan.html#post5113074
#11.05.2014 23:01 0 0 0