Həmsədrlər Dağlıq Qarabağa dair məsləhətləşmələr aparacaq

Son güncelleme: 31.08.2016 17:26
  • noimage

    Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrləri növbəti məsləhətləşmələr keçirəcəklər.

    APA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsləhətləşmələrin sentyabrın 8-də Moskvada keçiriləcəyini bildirib.


    O bildirib ki, görüşdə Qarabağ nizamlanması ilə bağlı aktual məsələləri müzakirə olunacaq: “Mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcək”.

    M. Zaxarova əlavə edib ki, söhbət mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən gedir. O qeyd edib ki, bu görüşün əsas məqsədi üç ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır.

    Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

    1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

    Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

    1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

    Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

    alıntı..
#31.08.2016 17:26 0 0 0