Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) təşkilatçılığı ilə Azərbaycandan bir qrup Qarabağ müharibəsi əlili və veteranı, aprel döyüşlərinin iştirakçıları mayın 17-dən 23-dək Türkiyədə səfərdə olublar.
Lent.az-ın verdiyi məlumata görə, Türkiyə Müharib Qazilər Dərnəyi və Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin dəvətilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin də iştirakı ilə gerçəkləşən səfərin ilk günü - mayın 17-də Türkiyə qaziləri ilə geniş tərkibli görüş keçirilib.
Dərnəyin İstanbul şöbəsinin sədri qazi Ahmet Kendigel hər sahədə olduğu kimi qazilər, tərxis olunmuş hərbçilər və keçmiş döyüşçülərlə bağlı ictimai fəaliyyətdə də Türkiyə-Azərbaycan dostluq və qardaşlığının önəmini vurğulayıb. TOHGMİB-in sədri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli indiyədək bu əməkdaşlığın bəhrəsi olaraq bir neçə səfərin təşkilatçısı olduqlarını, Azərbaycan və Türkiyənin keçmiş hərbçilərinin, vətən uğrunda can qoyaraq döyüşmüş qəhrəman əsgər və zabitlərimizin bir araya gətirilməsi, ortaq tarixi və müasir dəyərlərimizlə yaxından tanış edildiklərini bildirib. E.Həsənli Mustafa Kamal Atatürk və Heydər Əliyevin göstərdikləri yolla irəliləyərək dostluq və qardaşlıqda daha böyük uğurlar qazanılacağına inandıqlarını bildirib. Tədbirdə slaydlar nümayiş etdirilib, şeirlər səsləndirilib, xatirə hədiyyələri, medallar, fəxri diplomlar təqdim edilib. Sonra qardaş dövlətin qurucusu Qazi Mustafa Kamalın Selanikdə doğulub-böyüdüyü evin İstanbuldakı modeli - xatirə muzey ziyarət olunub. Həmin gün növbəti görüş İstanbulun Avcılar Bələdiyyə sədri Handan Toprakın və həmin rayonun kaymakamı Hulusi Doğanın iştirakı ilə təşkil olunub.
Mayın 18-də Türkiyə Silahlı Qüvvələrinin 1-ci Ordusu tərkibində olan və İstanbulda yerləşən Hasdal Motoatıcı Hərbi Hissəsində görüş olub. Günün sonunda İstanbulun Sarıyer bələdiyyəsi ərazisində salınmış Heydər Əliyev Parkı ziyarət edilib. Çıxışlardan, xatirə hədiyyələrinin təqdim edilməsindən və fotolar çəkdirildikdən sonra Hərbiyyə Əsgəri Muzeyi ziyarət olunub. Səfər çərçivəsindəki tədbirlər mayın 20-də səfər iştirakçılarının Türkiyə Müharib Qazilər Dərnəyi İstanbul şöbəsi rəhbərliyinin müşayiətilə məşhur hərb və dövlət xadimi general Kazım Karabekirin ev-muzeyini ziyarətlə davam edib. Muzey bələdçisi qonaqları eksponatlarla tanış edərək, generalın muzeydə sərgilənən şəxsi əşyaları barədə ətraflı məlumat verib. Sonra muzeyin yaxınlığındakı Kazım Karabekir Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Mayın 22-də Ankarada Türkiyə Müharib Qazilər Dərnəyinin rəhbəri, ehtiyatda olan polkovnik Mehmet Şükrü Tandoğan və qurumun idarə heyəti ilə görüş olub. M.Ş.Tandoğan Azərbaycanı Türkiyədən ayırmadıqlarını, xalqımızın müstəqillik və torpaqlarımızın azadlığı uğrunda mübarizəsini diqqətlə izlədiklərini, ölkəmizin uğurlarına çox sevindiklərini bildirib. Həmin gün Azərbaycan nümayəndələri Türkiyə Əməkli Subaylar Dərnəyində də olub, bu təşkilatın rəhbəri, ehtiyatda olan general Ərdoğan Karakuşla, qurumun idarə heyətindəki keçmiş hərbçilərlə görüşüblər. Sonra Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbir və oradakı möhtəşəm muzey kompleksi ziyarət edilib. Günün ikinci yarısında Türkiyə Müdafiə Nazirliyində görüş keçirilib, Nazirliyin tabeliyində olan sosial qurumla tanışlıq gerçəkləşib. Nümayəndələrimiz hazırda Ankarada müalicə alan azərbaycanlı Qarabağ veteranına da baş çəkiblər.