Ucur Cicekden Sevgi Mektubu Kimi - Ramiz Rövşən

Son güncelleme: 09.03.2010 09:49
  • Dekabrın 15-i Azərbaycanın böyük şairi Ramiz Rövşənin 63 yaşı tamam olur. 1946-cı ildə Bakının Əmircan kəndində doğulan Ramiz Rövşən Bakı Dövlət Universitetinin filologiya fakültəsini və Moskva Kinematoqrafiya İnstitutunun ali ssenari kursunu bitirib.

    "Bir yağışlı nəğmə" adlı ilk şerlər kitabı 1970-ci ildə çapdan çıxıb. İkinci şer toplusu ("Göy üzü daş saxlamaz") 1987-ci ildə nəşr olunub. 1999-cu ildə üçüncü kitabı - "Kəpənək qanadları" işıq üzü görüb.

    2006-cı ildə hələlik son kitabı olan "Nəfəs - kitablar kitabı"nı təqdim edib. Bu kitabda müəllif beş kitabı cəmləyib: "Göy üzü daş saxlamaz" (şeirlər və poemalar), "Kəpənək qanadları" (nəğmələr), "Bir yağışlı nəğmə" (ilk şeirlər), "Hamı oğul böyütmüşdü" (povest və hekayələr), "Ayın o biri üzü" (esselər).

    Ramiz Rövşən ədəbi aləmdə həm də nasir kimi qəbul olunub. Onun bir sıra hekayələri və məşhur "Daş" povesti bu gün də ədəbiyyatçıların təhlil obyektidir. Uzun illər kinostudiyada çalışan şairin ssenariləri əsasında bir neçə film, o cümlədən "Babamın babasının babası", "Şəhərli biçinçilər", "Süd dişinin ağrısı", "Özgə vaxt" (Hüseyn Mehdiyevlə birgə) bədii filmləri çəkilib.

    "Media forum" saytı şairin məşhur şeirlərindən birini təqdim edir.

    Sevgi məktubu kimi

    Dağlar arasında dərə
    dərindi yuxu kimi.
    Dağ-dağa duman göndərər
    sevgi məktubu kimi.

    Göydə yeddi sətir cızan
    o göy qurşağına bax.
    Kimdi onu yazan? Allah!..
    sevgi məktubu kimi.

    Bir bax bu ağ kəpənəyə,
    sanki qoşa varaqdı.
    Uçur çiçəkdən-çiçəyə
    sevgi məktubu kimi.

    ...Haçan aşar bu sümükdən,
    ətdən olan hasarı?!
    Ruhum uçar göyə sarı,
    sevgi məktubu kimi...

#09.03.2010 09:49 0 0 0