Ellər Uzanili Qalan Ata

Son güncelleme: 08.06.2010 08:38
  • Ağdabana gedirdim. 1992-ci il aprelin 7-si idi. Orda bacımgil yaşayırdı. Bir-iki günə kimi anamın cüməsində kəsmək üçün mal almalı, bir də bacımın balalarına baş çəkməli idim. Kənddə avtobus işləmirdi. Bağlıpəyəyədək Çərəkdar avtobusu ilə getdim. Onsuz da Ağdabana maşın çətin düşəydi. Odur ki, piyada yola düşdüm. Çoxdan tanıdığım cavan bir oğlan yoldaş oldu mənə, meşə yolu ilə üzüyuxarı. Bu, Vidadi idi. Məni tək buraxmırdı. Bir Xeyli yol getdikdən sonra Vidadinin qayıtmağını xahiş etdim.
    Qardaş niyə belə tə`kid eliyirsən ? Xeyli vaxtdı görüşmürdük, tapışmışıq. Bəlkə heç belə bir günümüz bir də olmadı?-deyib, xeyli yol getdik, Çox təkiddən sonra onu qaytardım.
    Amma heç ağlıma da gəlmədi ki, doğurdan da Vidadi ilə son görüşümüzdür. Bir gün sonra isə Vidadi piyada getdiyimiz o yolda yağı gülləsinə tuş gəldi. Mən isə ...
    .. Camal o axşam elə bil ki, tamamilə dəyişmişdi - mehribanlaşmışdı. Elə bil ki, neçə ilin ayrısı ilə görüşürdü. Uşaqlarının başına fırfıra kimi fırlanırdı. Bütün bunlar mənə qeyri-adi gəlirdi. Axşamdan deyib-gülən ailə səhərə yaxın tamamilə təlayümə düşdü..
    .. Səhər saat altının yarısı olardı. Axşamkı deyib-gülməkdən əsər əlamət qalmamışdı. Hamımız elə bil donub qalmışdıq. Ermənilər Çapar tərəfdən kəndə hücum eləmişdilər. Təhlükə əjdaha kimi ağzını açıb günahsız qocalara, qadınlara, körpələrə qarşı ildırım sürətilə gəlirdi.
    .. Bacımın 6 yaşlı qızı Ülviyyə nədənsə daha çox qorxur və vahimə içində qışqırırdı. Nə qədər elədimsə onu sakitləşdirə bilmədim. Anası onu məndən alıb bayıra çıxdı. Kənddəki fəryaddan qulaq tutulurdu. Həmayə içəri qayıtdı.
    - Can qardaş, bu nə bəlaydı düşdük, neyləyək, hara qaçaq, necə qaçaq?..
    .. Camal bizdən əvvəl çölə çıxmışdı. Həmayə Camalın çöldə olduğuna ürəklənib:
    - İbrahim, mən Ülviyyəni götürdüm, sən də Təbrizlə Hüsniyyənin əlindən tut, arxamca gəl - deyib çıxdı.
    Ülviyyənin fəryadı ara vermirdi. Anası onu bağrına basaraq, evin yanından axan çay aşağı qaçdı. Ana hey balasının üstünə qışqırır: "ağlama, səsini çıxarma, sus.." - deyə özlərini yağı gülləsindən gizləməyə çalışırdı. O, birdən Ülviyyənin səsi üçün darıxdı. Qışqırdı:
    - Ülviyyə! Ülviyyə! Ağla, bala, ağla, səsini çıxart, qorxma.
    Ana bu dəfə yalvardı, çox sızıldadı, amma baladan səs çşxmadı. Birdən barmaqlarının arasından süzülüb sinəsini isidən qanı gördü. Balanı düşmən gülləsi susdurmuşdu. Ananın taqəti kəsildi, dizləri əsdi.
    Camal Həmayənin Ülviyyə qucağında sanki sürünə-sürünə gəldiyini və birdən dayandığını gördü. Birdən Ülviyyənin qanına bulaşan ananın əlləri göründü. Ülviyə isə başını anasının çiyninə söykəmişdi. Qışqıraraq əllərini uzadıb Ülviyyənin köməyinə çatmaq istəyən Camalı yağı gülləsi elə əlləri uzanılı yerə sərdi. Ana balanı atasının qucağına vermək istədi, amma artıq nə ata vardı, nə də bala.
    Qardaşının və o biri balalarının hara üz tutmasından xəbəri olmayan ananın səsi dərələri götürmüşdü:
    - İ..b..ra..hiiimm! Hüs..niiyəə! Təbriiizz..!
    Ana balalarını axtarır, haraylayır, Ülviyyə ilə atası Camalın isti qanları isə torpağı qana boyayırdı...

    Biz Ağdabana faciənin səhərisi gün çatdıq. Onda Ülviyyənin və atası Camalın qanlı meyidi qucaqlaşıb torpağa sarılmışdı. Elə bil ata balanı, bala atanı kimsəyə vermək istəmirdi. Bu dəhşətli hadisəni fotolentə köçürən Famil Hüseynoğlunun əlləri sözünə baxmırdı. O gün kimlərə nə qaldısa, bizə ürək ağrısı, Ülviyyənin və Camalın göz yaşı ilə çəkilən qanlı şəkili qaldı...
    Ülviyyə 1986-cı ildə anadan olmuşdu. Atası Camal Haqverdi oğlu Alıyev 1942-ci ildə.
    Həmayə isə iki balası ilə Kəlbəcərdə ata evində ömrünə yazılan qara bəxtilə baş-başa vferib.
    Bu yazını yazıb qurtarmışdım, telefon zəhg çaldı. İbrahim idi:
    - Bilirsinizmi, o vaxtı yadımdan çıxartmışam, bununla ikinci dəfədir ki, Həmayənin ailəsi dağılır. Böyük oğlu Talehin atası da rəhmətə getmişdi. Onda Talehin 12 yaşı vardı. İndi Təbrizin 12 yaşı var. İstəsəniz bunları da əlavə edərsiniz.
#08.06.2010 08:38 0 0 0