Yuxuda Azan

Son güncelleme: 23.08.2011 13:48
  • yuxuda azan görmək
    İslam hüquqçuları Hz.Peyğəmbərin həyatını və gətirdiyi dinin hökmlərini iki mərhələyə -Məkkə və Mədinə dövrlərinə ayırırlar. Qurani-Kərimin üçdə birinə yaxını Allah tərəfindən Məkkə dövründə vəhy edilib. Bu dövrdə nazil olan ayələrin əksəriyyəti iman və əxlaqla əlaqəlidir. İslamın bünövrəsi də bu dövrdə qoyulub. Bu mərhələdə İslam dininin əsas şərtlərindən biri olan namaz Allah tərəfindən müsəlmanlara əmr edilmişdi. Bu yazıda İslamın əsas və vacib şərtlərindən biri olan namaza dəvət sayılan azan haqqında söhbət açacağıq.


    Azan müsəlmanları birliyə dəvət edir

    Azan müsəlmanlara gündəlik namazları bir yerdə qılmaları və namaz üçün yığışmalarının vaxtının gəldiyini elan etməkdir. "Azan" sözü ərəb dilində "bildirmək, elan etmək, dəvət etmək" mənalarına gəlir. Azan oxuyana "müəzzin", oxunan yerə isə "mizənə" deyilir. "Azan" sözü Qurani-Kərimdə ancaq "Tövbə" surəsinin 3-cü ayəsində "bildiriş, elan" mənasında işlədilir: "Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildirişdir!" ("Tövbə" surəsi, 3). Lüğətdəki mənasına uyğun olaraq isə Quranın 7 ayəsində ("Bəqərə" surəsi, 279; "Əraf" surəsi, 167; "Həcc" surəsi, 27 və s.) qeyd edilib. Müəzzin sözü "carçı, çağıran" mənasında Quranın "Əraf" surəsinin 44-cü və "Yusuf" surəsinin 70-ci ayələrində qeyd edilir. Azan haqqında Həzrəti Peyğəmbərin çoxlu hədisləri var.
    Namaz qılmaq Məkkədə Allah tərəfindən bütün müsəlmanlara əmr edildiyi halda, Hz.Peyğəmbərin Mədinəyə hicrət etməsinə kimi namaz vaxtlarını bildirmək və müsəlmanları namaza dəvət etmək üçün heç bir üsuldan istifadə edilmirdi. Namaz qılmaq üçün əsas şərt olan qüsl və dəstəmaz əmri artıq gəlmişdi, amma namaza çağırışla bağlı heç bir vasitə yox idi. Müsəlmanlar namazlarını azansız qılırdılar. Azanın Məkkə dövründə icra edilməməsinin əsas səbəbi kimi həmin ərəfədə müsəlmanların müşriklərə nisbətən daha zəif olmaları, hətta Allahın evi hesab edilən Kəbənin də müşriklərin əlində olması göstərilir.

    Namaza çağırışla bağlı müxtəlif fikirlər...

    Müsəlmanlar Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qalandan sonra axırda Allah Rəsulu da mühacirlərə qoşuldu. Mədinədə ilk məscid inşa edildi. Şəhərdə hicrətin birinci ilində müsəlmanlar bir-birilərini "əs-salah, əs-salah" (namaza, namaza), yaxud "əs-salatu cəmlətun" (namaz bir yerə yığandır, namaz üçün yığışın) kimi sözlərlə namaza çağırırdılar. Bu da namaza çağırış üçün kifayət etmirdi. Uzaqda olanlar bu səsi eşitmədikləri üçün camaatla birlikdə qılınan namaza çatmırdılar. Müsəlmanların bir yerə yığışmaları üçün əsas səbəblərdən biri olan camaat namazı istənilən formada icra edilmirdi. Namazın vaxtının gəldiyini xəbər vermək üçün hansısa vasitəyə, işarəyə ehtiyac yaranmışdı. Rəsulullah (s) müsəlmanları namaza çağırmaq üçün bir neçə üsuldan istifadə etmək məsələsini səhabələri ilə müzakirə edirdi. Səhabələr dünyagörüşlərinə uyğun olaraq münasib saydıqları bəzi fərqli fikirlərini təklif etdilər. Nakusdan (xristianlar tərəfindən indiki zəngin əvəzinə istifadə edilən alətdir) istifadə edilməsi, boru üfürülməsi, od yandırılması, yaxud bayraq asılması kimi müxtəlif fikirlər səsləndirildi. Həzrəti Peyğəmbər zəngin çalınmasının xristianların, boru çalınmasının yəhudilərin, atəş yandırmağın isə məcusilərin adəti olduğu üçün qəbul etmədi. Bayraq asmaq təklifi də münasib bilinmədiyi üçün müsəlmanlar yekdil fikrə gələ bilmədilər.

    Azan yuxuda görüləndən sonra qəbul olunur

    Abdullah bin Zeyd bin Saləbə də başqa səhabələr kimi kefsiz olaraq evinə qayıdır. Hadisənin davamını Abdullah bin Zeyddən dinləyirik: Mən də namaza çağırış üçün bir nəticə əldə edilmədiyi üçün kədərli halda evə qayıdandan sonra yatmışdım. Yuxuda yaşıl paltarlı bir nəfər mənə yaxınlaşdı və bir divarın üstündə dayandı. Əlində bir zəng var idi. Ondan əlindəkini mənə satıb - sata bilməyəcəyini soruşdum. Həmin şəxs də mənə əlindəki zəngi nəyə görə istədiyimlə maraqlandı. Namaz üçün istifadə edəcəyimizi bildirdim. Yaşıl paltarlı adam: "Mən sənə bununla bağlı daha xeyirli bir şey versəm, olmaz?", - dedi. Mən müsbət cavab verəndən sonra qibləyə tərəf döndü və 4 dəfə "Allahu əkbər" (Allah ən böyükdür), 2 dəfə "Əşhədu əllə iləhə illəllah" (şəhadət edirəm ki, Allahdan başqa tanrı yoxdur), 2 dəfə "Əşhədu ənnə Muhəmmədən rəsulullah" (şəhadət edirəm ki, Muhəmməd Allahın elçisidir), 2 dəfə "Həyyə aləs salah" (haydı, namaza gəlin), 2 dəfə, "Hayyə aləl fəlah" (haydı, qurtuluşa gəlin) və 2 dəfə də "Allahu əkbər" (Allah ən böyükdür), «Lə iləhə illəllah» (Allahdan başqa tanrı yoxdur) sözlərini oxudu (Qeyd edək ki, sabah (sübh) namazında "Hayyə aləl fəlah"dan sonra "əs salatu xayrun minən nəum" (namaz yuxudan xeyirlidir) sözü əlavə edilir). Səhər açılan kimi Abdullah Allah Rəsulunun yanına gələrək yuxusunu ona danışdı. Həmin gecə başqa səhabələr də oxşar yuxular gördüklərini Hz.Peyğəmbərə danışdılar. Azanın sözlərində dəyişikliklər yox idi. Rəsulullah (s) səhabələrinə qulaq asandan sonra Abdullah b. Zeydə: "Yuxuda gördüyünü Bilala öyrət, azanı o oxusun. Bilalın səsi daha gurdur", - buyurdu. Namaz vaxtı girəndə Bilal icazə alaraq Nəccaroğullarına məxsus bir qadının evinin damına üstünə qalxaraq gur səsi ilə İslamın ilk azanını oxudu (Buxari, "Azan", 1; Müslim, "Salah", 1). Beləliklə, azan hicri təqvimin 1-ci ilində (622-ci ildə) müsəlmanları namaza dəvət etmək məqsədilə qəbul edildi.

    Allah azanla bağlı nə buyurur?

    Namazın vaxtlarını bildirmək üçün oxunan azanın hansı formada oxunması və azanın sözləri ilə bağlı Qurani-Kərimdə heç bir ifadə yoxdur. Ancaq azanın müsəlmanlara Allah tərəfindən dolayısı ilə öyrədildiyi bildirilir, əks təqdirdə Allah əmr etdiyi namaza bu cür çağırışı qadağan edər və ya başqası ilə dəyişdirərdi. "Maidə" və "Cümə" surələrindəki ayələr azanın Allahdan gəldiyinə dəlalət edir: "Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır" ("Maidə" surəsi, 58), "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" ("Cümə" surəsi, 9). Bu ayələrdə qeyd olunan "çağırıldığınız zaman"dan məqsəd azandır.
    Məkkədə isə azan hicrətin 8-ci ilində şəhər müsəlmanlar tərəfindən fəth ediləndən, müsəlmanların qibləsi olan Kəbə bütlərdən təmizlənəndən sonra oxundu və müsəlmanlar birlikdə namazlarını qıldılar. Beləliklə, Məkkədə azan İslamın insanlara təbliğ edilməsindən 21 il sonra eşidilməyə başladı.

    Azanda fikir verilməli məsələlər

    Azan mütləq bütün müsəlmanların başa düşəcəyi müştərək ibadət dilində oxunmalıdır. Azanın İslam əxlaqı ilə yaşamağa maksimum səviyyədə çalışan adamın icra etməsi məqsədəuyğun hesab edilir. Azan oxuyan adamın səsi gözəl və valehedici olmalıdır, yoxsa bu insanlaı namaza çağırmaq yox, uzaqlaşdırmaq olar. Azan fərz namazdan əvvəl oxunan iqaməyə nisbətən yavaş və aramla oxunmalıdır.

    Mikrafonla və maqnitafonla azan oxumaq olarmı?

    Həzrəti Peyğəmbər azan məsələsini səhabələri ilə müzakirə edəndən sonra insanları namaza çağırmaq vəzifəsini səsi gur olan Bilala həvalə etmişdi. Azanın daha çox adam tərəfindən eşidilməsi üçün hündür yer seçilmişdi. Hətta sonralar bu məqsədlə məscidlərin yaxınlığındakı dama çıxmağın əvəzinə minarələr inşa edildi. İlk minarə Muaviyənin hakimiyyəti dövründə Misirə rəhbərlik edən Muslimə tərəfindən Amr məscidində tikilmişdi. Sonrakı dövrlərdə də hər millət öz mədəniyyət və sənət zövqünə uyğun olaraq fərqli minarələr inşa etmişdilər. Müasir dövrümüzə kimi müəzzinlər həmin minarələrə qalxaraq azan oxuyardılar. Hazırda "hündür yer" dövrümüzün texnologiyasının gətirdiyi səs gücləndirici vasitələr olan reproduktorla əvəzlənməyə başlayıb. Reproduktorla azan oxuyan müəzzin bunu məscidin içində yerləşdirilən mikrafon vasitəsi ilə oxuya bilər. Azan insan səsi ilə oxunmalıdır. İnsan səsinin daha da uzaqlara çatdırılması üçün istifadə olunan alətlər də bu məqsədə xidmət etdiyi üçün məqsədəuyğun hesab edilir. Ancaq bu gün bəzi məscidlərimizdə maqnitafona kaset qoyaraq, CD playerə və ya DVD-yə disk qoyaraq azanın oxudulması doğru deyil, çünki burada faktiki olaraq insan yoxdur. Azan isə canlı insan səsi ilə oxunmalıdır. Həmçinin kasetin yığması, diskin sıradan çıxması azanı dinləyən kənardakı insanlara gülünc gələcəyi kimi, bu cür hallar ikrah hissi də oyada bilər.

    Azana edilən əlavələr

    Əksər məscidlərimizdə azanda "hayyə aləl fəlah"dan sonra "hayyə alə xayril aməl" (haydı, əməlin xeyirlisinə gəlin) sözləri əlavə edilir və iki dəfə oxunur. Bu cümlənin ikinci xəlifə Həzrəti Ömər tərəfindən müsəlmanların daha çox namaza qapanıb, cihadı tərk etməmələri üçün çıxarıldığı iddia edilir ki, bunun da heç bir əsli yoxdur. Həmçinin azanda oxunan "Əşhədu ənnə Əliyyən vəliyyullah" (şəhadət edirəm ki, Əli Allahın dostudur (vəlisidir)) və ya "Əşhədu ənnə Əliyyən əmirəlmömininə haqqən" (şəhadət edirəm ki, Əli inananların həqiqi dövlət rəhbəridir) sözləri heç bir məzhəbin ən mötəbər hesab edilən mənbələrində mövcud deyil. Bu sözlər nə Həzrəti Peyğəmbərin, nə Həzrəti Əlinin, nə də ondan əvvəlki üç xəlifənin dövründə oxunub.

    Nəticə olaraq...

    Azan insanlara yeganə hakim gücün Allah, rəhbərin Hz.Muhəmməd olduğunu bildirir. Allahı tanrı, göndərdiyi peyğəmbərini özlərinə rəhbər qəbul edən müsəlmanlara Allaha birlikdə ibadət etmələri üçün namaza dəvət edir. Bu çağırış inananların birlikdə və bərabər olduqlarını, zülmün yerinə Allahın ədaləti ilə əvəzləmək üçün həmişə hazır olduqlarını göstərir və onlara güvən verir. Azan həm namaza, həm də İslama dəvətdir. Azan vasitəsilə insanlar namaza çağrılır, İslamın əsas prinsipini təşkil edən Allahın varlığı və birliyi, Hz.Muhəmmədin Onun elçisi olduğu açıqlanır.
    Şərqdən Qərbə kimi namaz vaxtları müxtəlif vaxtlarda qılındığı üçün günün hər saatında dünyanın hər yerində azan oxunur. Azanlardakı Allahın birliyi və Muhəmmədin peyğəmbərliyi hər an dünyanın hər tərəfində elan edilir. Dünyada həmişə şəhadət kəlmələri eşidilir. Bir sözlə, azan İslama dəvət, bu dinin əsasını təşkil edən namaza çağırış, qurtuluşa çağırışdır.
#23.08.2011 13:48 0 0 0