Pərişan səmada ulduzlar axır,
Mən aya baxıram, ay mənə baxır.
Həsrətin qəlbimi yandırır, yaxır,
Gecələr təkliyi andıran zaman...
Yaman darıxıram mən sənsiz, yaman!
Yadımdan çıxmayır o ilk görüşün,
Baxışın, sözlərin, şirin gülüşün...
Nə bir həyatıma yoxdur dönüşün,
Nə də unutmağa vermirsən aman...
Yaman darıxıram mən sənsiz, yaman!
Kaş ki, gəlişinə olaydı ümid,
İçimdə sönməzdi, qalaydı ümid,
Könlümü ovudub alaydı ümid.
Düşəydi qəlbimə bir zərrə güman...
Yaman darıxıram mən sənsiz, yaman!
Sevirəm - sən mənə yasaq da olsan,
Duyuram, bilirəm - uzaq da olsan,
Yanımdan ömürlük uzaqda olsan,
Qismətdə olmasın qəlbimə daman...
Yaman darıxıram mən sənsiz, yaman