Suçiçəyi hər hansı bir yaşda ortaya çıxa bilən, əsasən də uşaqlarda təsadüf olunan, hava damcı yolu ilə keçən infeksion xəstəlikdir. Mövsümlə əlaqədar, əsasən, məktəb yaşlı uşaqlar arasında təsadüf olunan bu xəstəliyin inkubasiya dövrü 14 gün ilə 21 gün arasında olur. Əsasən, məktəbyaşlı uşaqlar arasında yoluxma halı aşkarlanarsa, valideynlər yaxşı olar ki, xəstəliyin digər uşaqlara yoluxması ehtimalını nəzərə alaraq, onları məktəbə göndərməkdən çəkinsinlər.
Bəs, görəsən, hazırda məktəblərdə suçiçəyi riskinə qarşı hansı tədbirlər görülür? Bununla bağlı vəziyyət necədir? Mövzunun aktuallığını nəzərə alıb Lənkəran Şəhər 7 saylı orta məktəbə baş çəkdik. Məktəbin İbtidai siniflər üzrə direktor müavini Yavər Zülfuqarova bildirdi ki, elə bir neçə həftə bundan əvvəl məktəbdə şagirdlərdən ikisi suçiçəyi xəstəliyinə yoluxsa da, vaxtında həkimlərin müdaxiləsi sayəsində şagirdlərin vəziyyətində sağalma müşahidə olunur.
Yavər Zülfuqarova bildirdi ki, məktəbdə yaradılmış tibb məntəqəsində vaxtı-vaxtında şagirdlər müayinə olunaraq, onların səhhəti ilə əlaqədar müvafiq qeydlər aparılır.
Lənkəran Şəhər Uşaq Sağlamlıq mərkəzinin şöbə müdiri Şöhrəddin Ağayevin bildirdiyinə görə, bu il uşaqlar arasında 20 suçicəyi faktı qeydə alınıb. Şöbə müdiri suçiçəyi xəstəliyi zamanı immun sistemi zəiflədiyindən uşaqları bir müddət qorumağı, zəngin vitamin qəbulunu vacib hesab edir.
Qeyd edək ki, hal-hazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlansa da, bu peyvənd, hələ ki, uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməyib.