- Adın nədir, qəşəng bala?
- Qərib.
- Qərib?
- Bəli, Qərib! Xeyir ola?
- Kim bu adı qoyub sənə?
- Atam-anam.
- Haralısan?
- Bu kənddənəm, obadanam.
- Atan, anan haralıdır?
- İkisi də buralıdır.
- Adın niyə Qərib olsun
Onda quzum?
- Qəribədir də, necə deyim,
Necə yozum?
On yaşım var.
Bir də ki mən tək deyiləm,
Kəndimizdə
Çoxlu-çoxlu adaşım var.
- Nahaq yerə.
Axı qərib deyilsən sən.
- Yox Qəribəm. Atam canı,
Anam canı...
Danışdıqca aşıb-daşır
Bir uşağın həyacanı.
Bu vaxt kimsə haray çəkir.
Qərib! Qərib - deyə-deyə.
Qərib mənə “Sağ ol!” – deyir,
Qərib dönür bir şimşəyə.
Adın niyə Qərib olsun
Ay bu elin oğul barı,
Vətənimin, ay sabahkı
Qoruqçusu, xilaskarı?!
Bizdən küsüb, inciməzmi
Bu doğma yurd, ana torpaq?
Ataların, anaların
Qoyduqları ada bir bax!
Əsrlərin arxasından
Tənələsin Qorqud Dədə
Qoy onları.
Tənələsin öz yurdunda
Övladına “Qərib” adı
Qoyanları.