İslam Dini və Azərbaycan

Son güncelleme: 11.05.2014 23:01
  • Siyasiləşdirilən, saxtalaşdırılan din.

    Məndən tez-tez soruşurlar, dinin siyasətlə əlaqəsinə necə baxırsınız, dini partiyaların, qrupların yaranması, fəaliyyəti, dindən siyasi məqsədlərlə istifadə ilahi deyimlərə nə dərəcədə uyğundur, filan-filan müsəlman ölkələri niyə filan-filan siyasətləri yürüdür və s. və i. Bu qəbildən olan sualları, narahatlıqları təbii qəbul edirəm.

    İslam dini adına iddia olunan, əslində isə teoloji baxımdan yetərincə saxtalaşdırılmış dəyərlər sisteminin siyasi amilə çevrilməsi cəhdləri və faktları çağdaş dövrümüzün gerçəklikləri sırasındadır. Bəzi ölkələrdə bu dəyərləri təbliğ edən dairələr iqtidara da gələ bilir. Bəzi bölgələrdə “islami” qruplar arasında hakimiyyət savaşları və toqquşmalar da müşahidə olunur.

    Müşahidələrimiz qısaca olaraq onu deməyə əsas verir ki, dinimizin siyasətə gətirilməsi heç yerdə tərəqqiyə xidmət göstərməyib. Çağdaşı olduğumuz gerçəkliklərdə bu daha aydın görünür.

    Biri elə cənub qonşumuz İran. “İslam” inqilabı hətta monarxiya quruluşlu şərtlər çərçivəsində belə sənaye cəhətdən inkişaf etmiş ölkələr sırasına can atan bu ölkəni son iyirmi ildə hansı duruma saldı, bu da göz önündədir. Buna milyondan çox müsəlmanın İraq-İran müharibəsinin nahaq qurbanlarına çevrilməsini də əlavə etsək vəziyyətin faciəviliyi bir az aydınlaşmış olar. Mən hələ İslam dini adına siyasət yürüdən qonşularımızın təcavüzkar Ermənistanla məhrəm münasibətlərindən danışmıram ki, bu da geniş bir söhbətin mövzusudur.

    Başqa bir nümunə. Amerika işğalı nəticəsində İraqda yaşanan siyasi reallıqlar içində dinin qısa bir zaman kəsiyində siyasiləşməsi ona gətirib çıxardı ki, ölkə vətəndaşları sünni-şiə qarşıdurmasının, təriqət davalarının nəticələrindən hələ də yaxa qurtarıb əziyyətdən xilas ola bilmirlər ki, bilmirlər.

    Dinin siyasiləşməsi İraq nümunəsindən də göründüyü kimi siyasi sabitliyin, necə deyərlər, qənimidir. Burada və bir sıra başqa ölkələrdə bir təriqətin digər təriqətə aid məscidlərini partlatması halları da var ki, dünya ictimaiyyətini dəhşətə gətirən belə faktlar siyasiləşmiş “islam”ın terrorçu mahiyyətindən də xəbər verir.

    Müstəqil Fələstin dövlətinin əsaslarının yaradılmağa başladığı bir dönəmdə fələstinlilərin uzun illər milli-azadlıq mübarizəsinin əsas yükünü üstünə götürüb də xeyli siyasi təcrübə qazanmış, böyük siyasi təbəddülatlarda yetərincə püxtələşmiş Fəth hərəkatı rəhbərliyinin dövlət quruculuğu yolunda, eləcə də Yaxın Şərqdə sülhün bərqərar olunması tədbirlərində apardığı məqsədəyönlü siyasətə maneçilik törədənlərdən biri indi İslam dini adına müəyyən siyasi kapital yığmış Həmas təşkilatıdır.

    Əlcəzairdə, Sudanda, Pakistanda, Əfqanıstanda, Hindistanda, Nigeriyada siyasi “islami” qrupların bu ölkələrdə hansı problemlər yaratdığından da xeyli danışmaq olar.

    Bu günlər Somalidə ölkənin cənubunda yerləşən Kimayo portuna nəzarət uğrunda iki “islami” qrup (“Əş-Şəbəb” və “Hizbu-l-İsləm) arasında amansız savaş gedib, ölən və yaralananların sayı yüzlərlədir.

    Türkiyədə dinimizi siyasətlərinə alət edərək səs toplayıb vəzifələrdə oturanların qüdrətli bir dövləti içəridən necə zəiflətməyə çalışdıqlarının ayrıntıları da göz önündə.

    Bütün bunlar öz yerində. Bizi məşğul edən məsələnin görünməyən tərəfidir. Bu da ondan ibarətdir ki, məqsəd və məramlardan asılı olmayaraq siyasətlərdəki “din” möhürü əslində təbii olaraq müəyyən problemlər yaşayan xalqların bir növ etimad vizasını qazanmaqdan ötrü istifadə edilir.

    Nə yazıq ki, siyasətlərə vurulan bu “din” möhürünün saxtalığını ayırd etmək sadə camaata çox zaman müyəssər olmur. Bunların arxasında dayanan qüvvələr müəyyən siyasi uğurları ilə toplumlara bədbəxtliklər də gətirə bilirlər.

    Nəriman Qasımoğlu, teoloq - alim

    alıntı

    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/771361-quran-simvolizmi.html#post5113075
#11.05.2014 23:01 0 0 0