Şaftalı pirojnaları

Son güncelleme: 12.05.2010 01:02
  • Uşaqlıqdan sevdiyimiz şirniyyatın resepti

    Ərzaqlar:
    3-3,5 stəkan un
    60 qram kərə yağı
    2 x.q. xama
    1 stəkan şəkər tozu
    1 ç.q. vanil tozu
    2 ədəd yumurta
    0,5-1 ç.q. yumşaldıcı

    Krem üçün:
    0,5 banka qatılaşdırılmış süd
    30-50 qram qoz ləpəsi

    Süni boya maddələri:
    1 ədəd çiy çuğundurun şirəsi
    1 ədəd çiy kökün şirəsi

    Hazırlanma qaydası:
    Yumurtaları şəkər tozu ilə mikserdə çalın. Üzərinə yumşaldılmış kərə yağı, xama, vanil tozu əlavə edib, yenidən yaxşıca çalın. Sonra alınan kütləyə tədricən un (una əvvəlcədən yumşaldıcı qatın) əlavə edib, qarışdırın. Yumşaq və elastik xəmir yoğurun.
    Xəmirdən balaca "şaftalı" boyda kündələr tutun. Hər kündəni iki hissəyə bölüb yağlanmış listə düzün. Onları 190-210 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirin.
    Bişmiş "şaftalı" hissələrini sobadan çıxarıb, soyumaq üçün kənara çəkin. Sonra bişmiş hər hissənin içini qaşıqla ovub, xəmirin içinə qatlaşdırılmış süd və qoz ləpəsi yerləşdirin. Sonra hər kəsilmiş hissələri qatlaşdırılmış süd ilə bir-birinə yapışdırın.
    Üzərini bəzəmək üçün: çiy çuğundur və kökün şirələrini çəkib, ayrı-ayrı stəkanlarda yerləşdirin. Sonra bu şirə ilə "şaftalıları" rəngləyin. Hazırlanmış "şaftalılara" şəkər tozu səpin. Nuş olsun
#12.05.2010 01:02 0 0 0