Qraf Kaliostro demişdir: "Bıçaq və çəngəllə özümüzə qəbir qazırıq". Doğrudan da insan qidalanma ilə cavanlığını uzada da bilər, əksinə xəstəliyi və ölümü yaxınlaşdıra da. Natural gigiyenaçılar isə söyləyirlər ki, insan nə qədər dadlı-ləzzətli yeyirsə, o qədər də öz sağlamlığına qəsd etmiş olur.istər-istəməz belə bir sual doğur: necə yaşamalı? Ac yaşamaq mümkün deyil, yeyəndə də xəstəlik tapırsan...
"Qızıl orta"nı tapmaq heç də asan deyil. Bunun üçün həkimlər, herentoloqlar, diyetoloqlar, kulinarlar uzun illərdir ki, baş sındırırlar. Onda heç olmasa nəyin nə dərəcədə ziyanlı olmasını nəzərə alaq.
Diyetoloqlar, qida sənayesi mütəxəssisləri, bu sahədə çalışan peşəkarlar arasında aprılan sorğu nəticəsində zərərli qida məhsullarının reytinqi müəyyən edilmişdir. Onlar kütləvi xəstəliklərin yaranmasına səbəb olan məhsulların siyahısını tərtib etmişlər.
Araşdırma nəticəsində qida məhsullarını zərərliyinə görə dərəcələrə ayrılıb. Birinci yerə 5, ikinci 4, üçüncü 3, dördüncü 2, beşinci yerə 1 xal verilib. Verilən xalları toplayaraq zərərli qida məhsullarının reytinqi tərtib edilib.
Zərərli məhsulların reytinqi:
I yer - 12 xal
Çips
Çipslərin hazırlanma texnologiyası kanseroqen sintetik yağların və digər konseroqenlərin (akrilamid, benzopiren və s.) yaranmasına səbəb olur. Dolayısı ilə desək, çipslər xərçəngin yaranmasına səbəb olan qidalardan biridir.
Limonad
Limonadın həddən artıq qəbulu maddələr mübadiləsini pozur (şəkərin çoxluğuna görə), sintetik rəngləyicilər çox vaxt allergiyaya səbəb olur, karbon qazı isə mədə turşuluğunu artıraraq qastritə səbəb olur.
II yer - 7 xal
Fastfud - ayaqüstü yeməklər
Bu anlayış altında ilk növbədə dönər, hamburger, xaçapuri, kartof-fri və s. nəzərdə tutulur. Bu yeməklər dəfələrlə istifadə olunan bitki yağında qızardılır. Elə bu səbəbdən də onun tərkibində kanserogenlər əmələ gəlir.
III yer - 6 xalla
Ucuz kolbasalar
Çox vaxt tərkibində təbii heç nə olmur. Orqanizm üçün təhlükəsiz olduğu sübut olunmayan rəngləyicilər, aromatizatorlar və digər sintetik qatqılarla zəngin olur.
Hisə verilmiş ət və balıq
Tərkibində ən güclü kanserogenlərdən sayılan olan benzpiren olur.
Ketçup və mayonezlər
Mayonezlərdə çox vaxt kanserogen sintetik yağlar, ketçupda isə orqanizmin maddələr mübadiləsini pozan süni nişasta olur.
IV yer - 4 xal
Sənaye tullantıları ilə çirklənmiş tərəvəz və meyvələr
Sənaye müəssisələrinin, maşın yollarının kənarından yığılan, eyni zamanda gübrələrdən istifadə edilərək yetişdirilən meyvə və tərəvəzlərdə külli miqdarda benzpiren və digər kanseroqenlər toplanır.
Konservlər
Konservlərin tərkibində baş ağrıları, damarların spazmı, maddələr mübadiləsinin pozğunluğuna səbəb olan və orqanizmə zərərli təsir göstərən qlyutamat natrium maddəsi var.
V yer - 3 xal
Marqarinlər və sintetik yağlar
Çipslər kimi marqarinlər də tərkibində kanseroqen transqen yağlar saxlayır.
Tərkibində çox miqdarda yağ və şəkər olan qənnadı məhsulları
Belə şirniyyatların müntəzəm istifadəsi maddələr mübadiləsinin pozğunluğuna səbəb olan ən qısa yoldur. Taxıl məhsulları da eyni cür zərərli təsirə malikdir.
VI yer - 2 xal
Kofeinli stimulyatorlar
Bu sıraya qəhvə və energetik içkilər daxildir. Gün ərzində 2-3 fincan qəhvə içmək bir o qədər də təhlükəli deyil. Energetik içkiləri isə hər gün içmək olmaz. Bu içkilərdən həddən artıq istifadə sinir sisteminin zəifləməsinə aparıb çıxarır.
Süd isə nə qədər faydalı olsa da, bir çox insanların orqanizmi onu götürmür.
VII yer - 1 xal
Evdə hazırlanan konservasiyalar
Konservasiyalar çox vaxt texnologiyanın pozulması ilə hazırlanır, bu da ölümcül zəhərlənmələrə səbəb olur. Məsələn, botulotoksinlə zəhərlənməni buna misal göstərmək olar.
Dondurma
Tərkibində maddələr mübadiləsini zəiflədən sintetik qatılaşdırıcılar və aromatizatorlar olur.