Daşa dəymiş bu taleyə qismətə,
Sən də günahkarsan mən də günahkar.
Təkcə mənmi layiqəm bu nifrətə?
Sən də günahkarsan mən də günahkar.
*****
Eşqinlə bir daha məni sınama,
Yenə də duz tökmə mənim yarama.
Nə olar bu qədər məni qınama,
Sən də günahkarsan mən də günahkar.
*****
Niyə o zamanlar dərdi bölmədik,
Niyə danışmadıq niyə gülmədik.
Demişdik ölərik amma ölmədik,
Sən də günahkarsan mən də günahkar.
*****
Bilmədik ki, nədir bu eşqin sonu,
Qismətin olmadı gəlinlik donu.
Anarsa həmişə deyəcək bunu,
Sən də günahkarsan mən də günahkar.
Bir kişi qocalacaq mənimlə
bir ömür boyu
bir damın altında.
Həyatımı daim
bir hüzn bürüyəcək,
bir kişi qollarım arasında
ürəyimin hərarətindən əriyəcək.
O, sən olmayacaqsan, dostum,
sən olmayacaqsan…
Onun gözlərində
sənin baxışlarını axtaracam,
dodağında
öpüşlərini.
İkinci dəfə doğulacam
başqa birinin olmaq üçün
sənin sevgində boğulacam
başqa birindən
qisas almaq üçün.
Yaşlı qadınların
“Qoşa qarıyın”,
“Bir yastıqda qocalın” kimi
qarğışlarından sonra
xoşbəxt olmağım mümkünsüz…
Qovuşacam sənə
özümü
ürəyimin şah damarından asdıqda,
qocalacam
bir kişi ilə bir yastıqda.
O, sən olmayaacaqsan, dostum,
sən olmayacaqasan.
Mən səni sevdim, dostum,
tək səni sevdim…
Səninlə qocalmaq
mümkünmü heç?
Bu, elə bir günah ki,
Sənə demərəm:
günahımdan keç!..
Sənin cənnətin
Xeyirxah ol,
spirtli içki içmə,
xəyanət etmə,
oruc tut, namaz qıl, ibadət et…
Yerin cənnət olacaq.
Yenə də
səni ayaqlayıb keçməyəcəm
ayaqlarımın altındakı
cənnətdə…