Erməni silahlı bölmələri dünən və bu gecə mövqelərimizi atəşə tutub. MÜdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, düşmən ordusu Ağdam rayonunun Mərzili və Yusifcanlı, Füzuli rayonunun Qorqan, Horadiz və Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.
Tanınmış iş adamı ifadəsində şəriki Əflatun Piriyevin öldürülməsinin detallarını açıqlayıb
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində "Azər-Ross" MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi sona çatıb. Bu iş üzrə şahid qismində keçənlərdən biri də Azərbaycanın tanınmış iş adamı, "Avesta" konsernin prezidenti Hacı İbrahim Nehrəmlidir. O, ibtidai istintaqa ifadəsində göstərib ki, qətlə yetirilən Ə.Piriyevi 1996-cı ildə Bakı şəhər 7 saylı Dəmir-Beton Zavodunun özəlləşdirilməsindən sonra orada işləyən mühəndis kimi tanıyib.
"Əflatun Piriyev Gürcüstandan olmaqla Vakı şəhərində yaşayırdı. Xarakter etibarı ilə kobud, çılğın bir şəxs olsa da, işində məsuliyyətli, təmiz, tapşırılan işi vaxtlı-vaxtında yerinə yetirən və ən çox inandığım, hörmət etdiyim işçi olub. Onunla ancaq işgüzar münasibətimiz olub. 2005-ci ildə Əflatun Piriyev məni həmyerlisi Məmmədov Hümbət Asan oğlu ilə tanış etdi. Söhbət əsnasında məlum oldu ki, Hümbət Məmmədov Rusiyada kommersiya fəaliyyəti ilə məşğul olur və indi öz biznesini Azərbaycanda, BƏƏ-nin Dubay şəhərində genişləndirmək istəyir. Əflatun Piriyev həmin ərəfədə hündürmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olduğu üçün onu da öz fəaliyyətinə şərik qoşmuşdu. Bu məqsədlə "Azər-Ross" MTK firmasını təsis etmişdilər. Onlar Bakı şəhəri, Teymur Əliyev küçəsi, 67/71 saylı ünvanda yerləşən ofisin 12-ci mərtəbəsini icarəyə götürmüşdürlər və hər ay kirayə pulu ödəyirdilər. İş prosesində onların hər-hansı bir işinə müdaxilə etməmişəm. Onların hər ikisi bu və ya digər məsələlərlə bağlı iş prosesində çətinlikləri olarkən köməklik göstərilməsi üçün mənə xahişlə müraciət edirdilər. İmkan daxilində təmənnasız onlara köməklik göstərmişəm. Lakin son bir ildə Hümbət Məmmədovun bəzi hərəkətləri, davranışı xoşuma gəlmirdi. Bunun üçün onu yaxına buraxmırdım. Ancaq mobil telefonuma tez-tez zəng edib müxtəlif xahişlər edirdi. Bu xahişlərin biri də o 2011-ci ilin təxminən aprel ayında olmuşdu. Məndən 135 min dollar dəyərində nisyə armatur götürdü və bir neçə gün sonra 50 min dolları qaytardı. 85 min dolları müxtəlif bəhanələr gətirərək qaytarmırdı. Bu günədək də borclu qalıb".
Hacı İbrahim Hehrəmli bildirib ki, 08.07.2011-ci ildə Türkiyəyə işgüzar səfərə gedib. İyulun 11-də isə Azərbaycandan ona mobil telefon vasitəsi ilə məlumat veriblər ki, "Avesta" konserninin 12-ci mərtəbəsində yerləşən "Azər-Ross" MTK-nın ofısinə iki nəfər naməlum şəxs gələrək təsisçilərindən biri Ə.Piriyevi öldürüblər, mühasibi Əmiraslan Əhmədovu isə yaralayıblar:
"Bu hadisə mənə çox pis təsir etdi, səfəri başa çatdırıb, Bakı şəhərinə gəldim. Əflatun Piriyevin hüzr mərasimində iştirak etdim. Mərhum Əflatun Piriyevin hüzr mərasiminə gedərkən mobil telefonuna Hümbət Məmmədov zəng edib dedi ki, niyə onunla maraqlanmıram? Ondan harada olduğunu soruşdum. Hümbət Məmmədov bildirdi ki, Nərimanov Rayon Polis İdarəsindədir, onu Əflatun Piriyevin ölüm işi ilə bağlı istintaqa cəlb ediblər. Bu işlə əlaqədar lazım olan sənədləri toplayıb verir. Həmçinin əlavə etdi ki, müəyyən öhdəliklər var, onları yerinə yetirməyə köməklik istədi. Cavab verdim ki, onun öhdəliklərinə mənim aidiyyatım yoxdur. Hümbət Məmmədov da dedi ki, əgər köməklik etməsəm başımı möhkəm ağrıdacaq. Ona dedim ki, əlindən nə gəlirsə etsin, nə bilirsə danışsın, bir daha məni narahat etməsin. Telefon danışığını bitirib yas mağarına daxil oldum. Hüzr yerində olarkən mərhumun yaxınları yanıma toplaşaraq dərd-qəmlərini bölüşdülər. Söhbət zamanı mənə məlum oldu ki, onlar bu işin sifarişçisi kimi Hümbətdən şübhələnirlər. Açığı, bu xəbər mənə çox təəccüblü gəldi, buna inana bilmədim. Onlara da məsləhət verdim ki, hadisələri qabaqlamasınlar, qoy istintaq özü araşdırmanı aparıb düzgün nəticəyə gəlsin. Bir neçə gün sonra televiziya ilə gedən məlumatlardan bildim ki, mərhum Əflatun Piriyevin ölümünü sifariş edən şəxs elə həqiqətən də Hümbət Məmmədovdur. Ancaq onun sifarişini yerinə yetirən şəxslərin kim olduğunu, onları haradan tanıdığını, bu işdə başqa kimlərin də iştirakı olduğunu bilmir".
Hacı İbrahim ifadəsində qeyd edib ki, bu hadisə baş verənə kimi H.Məmmədovda hər-hansı markalı silah, döyüş sursatı, partlayıcı maddə görməyib. O, H.Məmmədovla Ə.Piriyevin şərikliyi haqda isə istintaqa bunları deyib: "Hümbət Məmmədov ilə Əflatun Piriyev şərikli Bakı şəhərində yaşayış binasının tikintisi ilə məşğul idilər. Yaratdıqları "Azər Ross" MTK, "Azər Ross İK" MTK-nın təsisçiləri olublar. 2011-ci ilin təxminən əvvəllərində mərhum Əflatun Piriyev yanıma gəlib Hümbət Məmmədov barəsində narazılıq etdi. Dedi ki, işləməyə imkan vermir, dələduzluq edir, gizlincə evləri satıb pulunu cibinə qoyur, camaatdan aldığı pulları kassaya mədaxil etmir. Bu məsələ mənə pis təsir etdi. Çünki həmin MTK-nın təsisçilərindən biri ailə üzvüm idi. Ona görə də belə qərara gəldim ki, təsisçilərin iclasını keçirərək bu məsələni araşdıraq. Bir neçə gündən sonra Hümbət Məmmədov Əflatun Piriyev ilə yanıma gəldilər və birlikdə bu məsələni müzakirə etdik. Təsisçilərin razılığı ilə bütün səlahiyyətləri Hümbət Məmmədovdan alıb Əflatun Piriyevə həvalə etdik. Bir neçə aydan sonra Əflatun Piriyev yanıma gələrək yenə də aralarında olan narazılıqdan danışaraq Hümbətlə artıq işləmək istəmədiyini, çoxlu fırıldaqçılıq etdiyini dedi. Ondan soruşdum ki, konkret nə edir. Əflatun Piriyev dedi ki, Hümbətin kassaya 1 milyon manata yaxın borcu var, müxtəlif bəhanələrlə pulu ödəmir. Bir sözlə, Əflatun Piriyevlə Hümbət Məmmədovun arasında pul mübahisəsi vardı və onlar bir-birləri ilə yola getmirdilər. MTK-da mənzillərin satışı ilə Əflatun Piriyev özü məsul idi. Onun imzası olmadan satılan mənzillərin hamısı saxtadır. Bu hadisədən sonra eşidib bildim ki, Hümbət Məmmədov saxta sənədlər əsasında qanunsuz evlərin satışı ilə məşğul olub, pullarını da özü mənimsəyib, hətta bir mənzili bir neçə vətəndaşa sataraq fırıldaqçılıq edib".
Qeyd edək ki, ittihama görə, ötən ilin iyulun 11-i saat 13:00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. Aparılan əməliyyat araşdırmaları ilə məlum olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib. Onlar may ayının sonlarında görüşüb, qətlin ilkin olaraq 36 min dollar müqabilində həyata keçirilməsinə razılaşıblar. Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fərman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayıb hadisə yerindən qaçıblar.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 228.2-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli biliniblər.
Xalq artisti Nisə xanım Qasımova yenə sərt danışıb. Lent.az-a müsahibəsində xalq artisti bu dəfə bəzi mahnı bəstələyənlərə etiraz edib. O bildirib ki, hər mahnı yazan özünü bəstəkar adlandırmamalıdır. Xalq artisti Azərbaycanın dahi bəstəkarlarından sonra bu sahədə boşluq yarandığını deyib: "Mən Ələkbər Tağıyev kimi bəstəkarla işləmişəm. Elə bəstəkarlar var ki, onun mahnılarından örnək alır, hətta mahnılarını onun bəstələrinə bənzədir. İndi hər mahnı yazan özünü bəstəkar adlandırır. Mən daha çox aranjemançıları yaxşı musiqiçi hesab edirəm. Çünki aranjemançılar da etiraf edirlər ki, özlərini bəstəkar adlandıran bəzi müğənnilər musiqi yox, bir ovuc not gətirirlər ki, bundan mahnı düzəldin. Hərdən oturub musiqimizin tarixinə nəzər salıram. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Faiq Sücaəddinov, Eldar Mansurov kimi bəstəkarlarımızın adları gəlir. Sonra isə Elşad, Gülşad, Rəqsanə, nə bilim kimlər. Görün, biz haradan gəlib, hara gedirik? Zirvədən yuvarlanaraq aşağı düşürük. Biz o zirvələrin sayəsində daha da qalxmaqdansa, sürətlə aşağı endik".
Yaradıcılığının 40 illiyi ilə bağlı tədbir keçirib-keçirməyəcəyinə gəlincə isə Nisə Qasımova bildirib ki, sponsor olmadığı üçün o, hələlik yubiley tədbirini keçirməyəcək: "Oktyabrda qeyd etmək istəyirdim. Baxdım ki, bir qədər çətinlik var, ona görə də təxirə saldım. Fikrim var, gələn ilin fevralında qeyd edim. Bir şey etiraf edim ki, sponsoru necə axtararlar, taparlar, onunla hansı danışıqları edərlər, mən o prosesi bilmirəm. Sonra fikirləşirəm, bəzi müğənnilərə sponsorluq edirlər. Yəni, bu sponsorlar o sponsorlardandır? Yaxud da mən o müğənnilərdən deyiləm deyəmi mənim sponsorum yoxdur? Nə bilim, dəhşətə gəlirəm".
Siqareti-siqaret ardınca yandıran xalq artisti bildirib ki, onun siqaret çəkməsinin bir çox səbəbi var. 1987-ci ildən siqaret çəkdiyini deyən Nisə Qasımova bunu özünə bağışlamadığını da söyləyib: "Bir müddət Moskvada yaşadım. Vətəndən ayrı olanlar bu hissi bilirlər. 3 ildə Bakının havası, camaatı üçün darıxırdım. Sənətim üçün darıxmırdım. Amma hərdən mədəniyyət sahəmizi gözdən keçirirdim. Bu, mənə o qədər ağır gəlirdi ki... Mən Bakıya qayıdanda isə dedilər ki, Nisə Qasımova rus qadınlarından ancaq siqaret çəkmək öyrənib gəldi. Amma bilmirdilər ki, mən siqareti kefdən çəkməmişəm. Bunun çox ağır bir nədəni var. Allah-təala heç bir qadını başsız etməsin. Hər bir qadının sahibi ata, qardaş, həyat yoldaşıdır. Amma mən bu itkiləri çox tez yaşadım. O zamanlar yaşımın az olmasına baxmayaraq, mən ailədə başçı kimi olmuşam. Siqaret mənim içimdə gizlətdiyim sirləri alıb dağıdıb. Bir kəsə deyə bilmədiyim dərdi siqaretə demişəm. Oxucular bunu mənə ayıb tutmasınlar. Bilirəm ki, ayıbdır. Azərbaycan qadınına yaraşmayan bir şeydir. Amma neynəyim? Bəzən siqaret tüstüsü məni daha çox ovundurur, nəinki sözlər".
Çoxdandır, ondan müsahibə götürməyi düşünürdüm. Aparıcı Səxavət Nurun "İmza mən" verilişinin çəkilişdən sonra nəhayət onunla görüşdüm. Xumar xanım məni çay süfrəsinə dəvət etdi. Nazlı-qəmzəli, bəzən də durğun Xumar xanımla söhbətimiz baş tutdu.
Beləliklə, tanınmış müğənni Xumar Qədimovanın Lent.az-a müsahibəsini təqdim edirik:
- Xumar xanım necəsiniz, yaradıcılığınızda nə kimi yeniliklər var?
- Əvvəla deyim ki, sizə müsahibə vermək, mənə xoşdur. Çünki müsbət simanız var. Keçək yaradıcılığıma... Üzərində işlədiyim layihə çoxdur və hətta bir neçəsi tam hazırdır. İki mahnımı aranjemana vermişəm. Eksklüziv olaraq sizə deyim ki, sözləri Cəlal Qurbanova, bəstəsi özümə aid olan mahnım Türkiyədə dəyərli aranjemançılar tərəfindən aranjeman olunur. Digər bir musiqimə isə Sona Vəliyevaya sərbəst vəzndə şeir yazıb. Artıq o da hazırdır. Bir neçə keçmiş türk mahnısını yeni aranjemanda ifa etmişəm. Yəni yeniliklərdən bolam.
- Bir müddət əvvəl Türkiyənin tanınmış müğənnilərindən Kibariyə ilə Türkiyədə konsertiniz oldu, onunla duet oxudunuz. İşbirliyinizin sonu nə oldu? Ümumiyyətlə, azərbaycanlı müğənnilərin Türkiyədə uğur qazana bilməməyinin səbəbi nədir?
- Deyim ki, bizim müğənnilərdən kiminsə orada tanınmağını eşitməmişəm. Tanınmaq ayrıdır, sevilmək ayrı. Mediada tanınmaq ayrıdır, xalqın sevgisi ayrı. Tanınmaq azdır. Bu gün mən Türkiyədə sevilirəm. Türkiyədə uğur qazanmaq üçün gərək türkün ruhunu oxşayan mahnıları ifa edəsən. Bunsuz mümkün deyil.
- Gənc müğənni Ülvi Qılıncla bir neçə uğurlu duetiniz oldu. Başqa bir ifaçı ilə duet düşünürsünüzmü?
- Bəli, duet təklifləri var. Bu barədə hələ düşünürəm.
- Bilmək olarmı kimlərdi duet təklifi edənlər?
- Ad açıqlamaq istəmirəm. Duet olanda bunu hər kəs eşidəcək.
- Xanım müğənni ilə duet oxumaq istərdinizmi?
- Bəli. Ola bilər ki, xanım müğənni ilə olsun. Ürəyi olan müğənni ilə mənim duetim ola bilər. Yəni, gərək o da mahnıya ürək qoysun. Özüm kimi çılğın müğənni olmalıdır. Necə ola bilər ki, mən hayqıraraq oxuyuram, o ifaçı isə sakit. Belə duet alına bilməz. Müğənni gərək ürəklə oxusun. Anaq hələlik Azərbaycan şou-biznesində elə bir ifaçı görmürəm ki, mənimlə duet oxusun.
- Azərbaycan şou-biznesində , müğənnilərin əksəriyyətinin istər səsi, istərsə də siması bənzəyir. Sizə özlərini bənzətmək istəyənlər varmı?
- Doğru qeyd etdiniz. Azərbaycanda oxşar müğənnilər var. Ancaq Xumar Qədimovanın bənzəri yoxdur.
- Xumar xanım çəkiliş zamanı sizə bir məktub gəldi. Deyə bilərsiniz, o məktubda nə yazılmışdı?
- O məktub mənə gəldi və mən açdım oxudum. Orada nə yazılmışdı, açıqlaya bilmərəm.
- Siz məktub göndərən insanı tanıyırsınızmı ?
- Mən o insanı tanımıram. O insan cəsarətli deyil. Cəsarətli olsaydı, bu gün mənə məktubu göndərməzdi. Özü gəlib sözünü deyərdi. Ancaq belə olmadı.
Azərbaycanın xalq artisti Səməd Səmədov və müğənni Nadir Qafarzadə maraqlı açıqlamalarla çıxış ediblər.
Lent.az-ın xəbərinə görə, hər iki müğənni ATV Maqazin verilişində «qohum olacaqlarını» deyiblər. Onların qohumluqlarının səbəbkarları isə müğənnilərin itləridir. Belə ki, Səməd Səmədov öz iti ilə Nadir Qafarzadənin itini «qovuşdurmaq» qərarına gəlib: "İtimin sayəsində Nadirlə qohum olacağam. Onu da deyim ki, əvvəl Cenifer Lopez mənimlə qohum olmaq istəyirdi. O da Bakıya iti ilə gəlmişdi. Amma mən razılıq vermədim. Fikrim var ki, Nadirlə qohum olum. Biz onlara toy etmək qərarına da gəlmişik".
Nadir Qafarzadə də həmkarından heç də geri qalmayaraq, itlərini evləndirməkdə maraqlı olduğunu deyib: "Mən itimi efirə çıxarmaq istəmirəm. Çünki göz dəyir. İki dəfə itimi efirə çıxarmışam. Hər ikisi sabahı gün vəfat edib. Buna görə biz pis oluruq, ürək ağrısı keçiririk. Amma itimi Səməd Səmədovun evinə gəlin köçürəcəyəm. Biz quda olacağıq. Toyda isə dünya ulduzları oxuyacaq".
"Şeron" musiqi qrupunun rəhbəri Rüstəm Zeynallı boşanıb.
Lent.az-ın ATV Maqazin-ə istinadən məlumatına görə, müğənni ikinci həyat yoldaşından da ayrılıb. Müğənni bildirib ki, boşanmalarına səbəb həyat yoldaşı ilə aralarındakı anlaşılmazlıq olub. Müğənni iki azyaşlı uşağı olan birinci ailəsi ilə hələ də əlaqəni kəsmədiyini deyib.
Qeyd edək ki, Həcərlə Rüstəm 2008-ci il noyabrın 11-də keçirilən toy mərasimi ilə vətəndaş nikahına daxil olublar. Onların rəsmi nikahı olmayıb.
Həcər xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır.
Bir neçə il bundan öncə həm oriental rəqsləri, daha sonra müğənniliyi ilə gündəmdə olan Sevda Sanəliyeva yenidən səhnəyə qayıdır.
Lent.az-ın ATV Maqazin verilişinə istinadən xəbərinə görə, rəqqasə Sevda bildirib ki, o, tezliklə yeni bir ampuluada səhnədə görünəcək: "Həyatımda çox çətin günlər yaşamışam. Gecələri ağlayırdım.Başıma bir neçə hadisə gəlmişdi. Amma çox şükür ki, hər şey geridə qaldı" .
Rəqqasə-müğənni ailə həyatı quracağını da deyib: "Artıq vağzalı istəyirəm. Övladım olmasını arzulayıram. Bunun üçün də ailə qurmağı düşünürəm. Bunu sizə əminliklə deyirəm ki, 2013-cü ildə ailə həyatı quracağam".
Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Heyvan mənşəli qidalar çox qəbul edən insanlar həyatlarının 10 ilini itirirlər.
Harvard Universitetinin araşdırmaları bunu deməyə əsas verir. Vegeterianlarla ət yeyənlər arasındakı fərq siqaret çəkənlərlə çəkməyənlər arasındakı fərq qədərdir.
Bu nəticələrə gəlincəyə qədər Harvard Universitetinin alimləri 15 il ərzində araşdırma aparıblar. Məlum olub ki, bir dənə yumurtanın tərkibində olan xolesterin insan ömrünü bir siqaretin azaltdığı qədər azaldır. Bir gündə qəbul olunan yulaf sıyığı isə insan ömrünü idman qədər uzadır.
İnək südündən alınmış anticisimlər insanı immun çatışmazlığı virusundan (İİÇV) qoruya bilər.
Avstraliyanın Melburn Universiteti alimlərinin apardıqları sınaqlar göstərib ki, boğaz inəyə İİÇV zülalları yeridiləndə heyvanların orqanizmində anticisimlər yaranmağa başlayır. Həmin anticisimləri heyvanların südündən almaq mümkündür.
Laboratoriya şəraitində bu anticisimlər İİÇV ilə əlaqələndirilir və onlar virusun insan hüceyrələrinə daxil olmasına imkan vermir.
O da bildirilir ki, bir inək bir kiloqramadək anticisim verir. Bununla da anticisimlərin maksimum ucuz mənbəyi əldə olunmuşdur. Doğrudur, alimlər hələ onların insan üçün təhlükəsizliyini sübut etməlidirlər.
Yeri gəlmişkən, alimlər artıq həmin anticisimlərdən cinsiyyət əlaqəsinə qədər 12-24 saat ərzində vaginal istifadə üçün gel və ya krem yaratmaq istəyirlər. Bu, qadının yoluxmadan hamilə qalmağı arzu etdiyi zaman xüsusilə rahatdır.
A vitamini - A vitaminin faydası - A vitamini bütün xəstəliklərin dərmanıdır
Dünya alimləri metobolizm proseslərində mühüm rol oynayan A vitamininin imkanlarını öyrənir. Müasir tədqiqatlar göstərir ki, məhz A vitamininin çatışmazlığı immun sistemini zəiflədir və insan infeksiyalar, iltihablar, digər xəstəliklər qarşısında əlacsız qalır. A vitamini həm də ən mükəmməl antidepressantdır. Bu vitamin insan orqanizmi üçün çox əhəmiyyətlidir.
Qeyd edək ki, A vitaminin universallığı getdikcə daha çox təsdiq edilir. Onun mədə-bağırsaqda və ümumiyyətlə bütün orqanizmdə iltihabla mübarizə prosesinə təsir etməsi məlum olmuşdur. A vitamini hətta güclü antigistamindir. Alimlər immunitetin vitamindən asılı olduğunu söyləyirlər. Belə ki, immun sistemi tamamilə A vitamini və onun miqdarından asılı olan metabolik proseslərdən asılıdır. A vitaminini həm də cavanlıq vitamini adlandırırlar. Belə ki, o, dərinin, saçın, dırnaqların və daxili orqanların hüceyrə strukturuna təsir edir.
Amerikalı alimlərin etdiyi araşdırma, "PIK3CA" geninin mutasiyaya (dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması) məruz qalmış halına sahib xəstələrdə aspirinin təsirli olduğu göstərib.
"New England Journal of Medicine (NEJM)" jurnalında nümayiş olunan araşdırmaya 900-dən çox xərçəng xəstəsi qatılıb. 13 il davam edən araşdırmada, mutasiyaya sahib geni daşıyan və aspirin içən xəstələrdə xərçəngdən ölüm riskinin 82 faiz azaldığı vurğulanıb. PIK3CA geninin mutasiyaya məruz qalmamış xəstələrdə isə aspirinin həyatda qalma şansına təsir etmədiyi ifadə edilib. Elm insanları, kolon və rektum xərçənginə tutulan xəstələrdən 20 faizinin bu mutasiyaya sahib olduğunu düşünür. Araşdırmanı aparan Dr. Suci Ogino, nəticələr ümid verici olsa da daha geniş diametrli araşdırmalara ehtiyac duyulduğunu söyləyib.
İlahi, səni itirən nəyi tapıb? Səni tapan nəyi itirib? - Dinle
"Ey Rəbbimiz,
Bizlərə hər keçən dəqiqə azalan
ömrümüzün əvəzinə, hər
nəfəsdə artan iman nəsib
et...
Qurana gözünlə baxsan yazını görərsən. Ağlınla baxsan elmi gorərsən.
Ürəyinlə baxsan eşqi görərsən. Bütün ruhunla baxsan Rəbbini görərsən..
Həyatda varsa da ağlayıb gülmək, əslində gözəldir dünyaya gəlmək.
Arzulanan ən gözəl dilək, 'İmanla' yaşayıb, 'İmanla' ölmək..
Ey Musəlman;
İslamı elə Diri və sağlam yaşa ki ,
səni öldürməyə gələn səndə Dirilsin...
Torpaqdan gəlib, torpağa da qayıdacağıq.
Vacib odur ki palçığa bulaşmayaq."
Neynirəm o gözəlliyi ki, orda səcdə olmaya?
Neynirəm o ürəyi ki, orda ALLAH olmaya?
əsl eşq o eşqdir ki, ALLAH görə sevə, hörmət edə və ALLAH görə dəyər verə...
Ey nəfsim !
Səni sən edən mənəm.
Məni də mən edən sənsən..
Ya yola gəl bərabər gedək,
Ya da yoldan çəkil mən HAQQa gedim!
Ey Gecənin Sahibi!
Necə ki, qüdrətinlə gecəni gündüzlə örtürsən;
Bizim də xətalarımızı, günahlarımızı rəhmətinlə ört.
Dünyanın ən gözəl mənzərəsi nə dənizdir , nə təbiət ... Budur ən gözəl mənzərə!
Bədənin maddi və mənəvi mərkəzi olan ürək, eyni anda iki fərqli vəziyyətdə olur, insanın etdiklərindən təsirlənir. Buna görə gözəl qulluq, yaxşı işlər, ibadət və taət ürəyi nurlandırar. Günahlar, çirkin və pis işlər isə qarardır.
Quran və Sünnət ürək üçün işıqdır. Bu işığı rəhbər etmiş bir ürək ilahi fitrətə uyğun bir yol olar.
Nurunu onlardan almayan bir ürək isə qaralar, işıqsız qalar və yolunu itirər. Hər şeyə pərdələnilmiş gözlərlə baxar, görülməsi lazım olanları görə bilməz. Əlbəttə gözlər bir çox şeyi görər amma sanki heç görməmiş kimidir. Nə kainatdakı böyük nizam, min bir naxışla hər vaxt özünü göstərən möcüzəvi meydana gələr nə də ölüm ona bir şey söyləyər. İmandan, ibadətdən zövq almaz olar.Üsyanı, fəsadı gözəl görməyə başlar.
Qurani Kərimdə və hədisi şəriflərdə nöqsanlıq baxımından iki cür ürəkdən bəhs edilər. Biri mömin olmayan və inkarçılıq səbəbindən həqiqətə çata bilməyən ürək; digəri isə iman sahibi olan lakin əməllə əlaqədar əskiklər səbəbindən zəifləyən ürəkdir.
Allaha belə inanmır olsa da bütün inkarçılar İslamın həmsöhbətidir. Bu səbəbdən bütün insanlığın ürəyi bu nur ilə aydınlanmağa namizəddir. Lakin bir çoxu inkarda israr edərlər. Allah Təala bu kəslərin ürəklərini müxtəlif xüsusiyyətlərlə izah etmişdir. Kimi yerdə "qatı", kimi yerdə "möhürlü", kimi yerdə də "korlaşmış" sifəti istifadə etmişdir.
Ürək qatılığı, ilahi rəhmətin kəsilməsiylə doğrudan əlaqədardır. Haqq Təala;
"Sözlərini pozmaları səbəbiylə onları lənətlədik və ürəklərini sərt etdik."
(Maidə, 13) buyurmaqdadır.
Ayədə ürək qatılığının səbəbi olaraq lənətlənmənin göstərilməsi ürpərdicidir.
Bir başqa ayədə isə belə buyurulmaqdadır:
"Ürəkləri qatı olanların vay halına!"
(Zumər, 22)
Hz. Peyğəmbər s.ə.v. də ürəyi qatı kimsəni cəhənnəmliklərdən saymışdır:
"Cəhənnəmlikləri sizə xəbər verim mi? Onlar daş ürəkli, xəsis və qürurlu kəslərdir."
(Müslim)
Biz görürük yanğılı, dərdli olan insanlar həmişə yaşamışlar və toplumları yaşatmışlar. Kimlərdir bu dərdlilər sırasında öndə gedənlər? Kimlərdir dərdlilərin avanqardını təşkil edənlər? Peyğəmbərlər. Peyğəmbərlər qəlb yanğısı ilə iki mühüm vəzifə üçün gəliblər. Birincisi, onlar Tovhid yanğısına malik olublar, şirki aradan aparmaq istəyiblər, onlar bütpərəstliyi aradan aparmaq istəyiblər. Onlar istəməyiblər yaranmışın əşrəfi olan insan müxtəlif nəsnələrin qulu olsun. Onlar insanın yalnız Allaha bəndəlik üçün yarandığını çatdırmağa gəlmişlər.
İkincisi, onların ədalət yanğısı olub. Onlar zalımlarla, zülmlə mübarizə etmək üçün gəliblər. Onlarda olan ikinci yanğı - ədalət yanğısı olub. İki dərdləri olub peyğəmbərlərin. Tövhid yanğısı ilə süni, yalançı mövhumatdan ibarət olan zəncirləri bircə-bircə dağıdaraq, həqiqət nurunu yaya biliblər, təkallahlığın işığını insanların beyinlərinə və qəlblərinə çatdıra biliblər. İkinci yanğı ilə köləlik zəncirlərini, zülmün zəncirlərini darmadağın ediblər.
Niyə iblis nökərləri qorxurdular Rəsulallahdan? Niyə qorxurdular İsalardan, Musalardan, İbrahimlərdən? Bu dərdli qəlblərinə görə. Onların bir dərdli qəlbi olub ki, bütləri dağıdıb. Onların bir dərdli qəlbi olub ki, insanlar arasında köləliyi dağıdıb. İnsana deyiblər sən hürsən, sən azad yaranmısan və sən azad yaranarkən kiminsə köləsi və kiminsə qulu deyilsən.
Peyğəmbərlər insana sevgidə və insana məhəbbətdə, bu yolda dərdli olmaqda ən yüksək zirvədədirlər.
Biz görürük Allah Təala Rəsuli-Əkrəmin (s) insanlara olan məhəbbətinə, insanların dərdini çəkməsinə Quranda şəhadət verir. "Kəhf" surəsinin 6-cı ayəsində biz görürük Rəsulallaha (s) deyilir: "Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!"
Yəni ey əziz Rəsul, ey əziz Peyğəmbər, insanların haqqa, səadətə qovuşmaq istəməməsindən və Qurani-Kərimə iman gətirməkdən üz döndərməsindən o qədər təəssüflənirsən və özünü bir hala çatmısan ki, az qala bax bu dərddən, bunun şiddətindən canını təhvil verəsən. Az qala həlak olasan. Biz görürük, Qurani-Kərim Rəsulallahı bu cür vəsf edir. Deyir sənin o qədər insanlara qarşı məhəbbətin var, o qədər insanlara qarşı diqqətin var, o qədər dərdini çəkirsən ki, görəsən, bu bəşər övladı haqqa gələcək ya gəlməyəcək, bu bəşər övladı səadətə çatacaq, ya çatmayacaq, bu bəşər övladı İlahi kəlamı, Allah məntiqini qəbul edəcək, ya etməyəcək - sən bu dərddən o hala çatmısan ki, az qala həlak olursan, dünyadan gedirsən. Bax Qurani-Kərim məntiqi, İlahi məntiq belə vəsf edir Rəsulallahın eşqini, Rəsulallahın dərdini.
Qara daşın yerinə qoyulmasına görə qüreyşlilər arasında yaranan ixtilaf və bununla bağlı barmaqların qana batırılması.
İbn İshaq bildirir: "Qüreyşdən olan tayfalar Kəbənin tikilməsi üçün daş toplamağa başladılar. Hər tayfa ayrı-ayrılıqda çalışırdı. [Lazım olan qədər] daş yığdıqdan sonra Kəbəni tikib başa çatdırdılar. Növbə qara daşa çatanda tayfalar mübahisə etməyə başladılar. Hər tayfa [bu] daşı özü, başqa tayfanın iştirakı olmadan yerinə qoymaq istəyirdi. Danışıqlar və müzakirələr fayda vermir, tayfalar arasında mübahisə gərginləşirdi; [sonra] mübahisə davaya çevrildi. Vəziyyət az qala müharibə həddinə çatacaqdı. Əbdüddar tayfasından olanlar qanla dolu bir qab gətirdilər; Əbdüddar və Ədiyy bin Kəb bin Lüeyy tayfaları əllərini [həmin] qaba salıb qana batırır, sonra barmaqlarının qanını yalayırdılar. [Bu hərəkətlə] onlar ölənə qədər birlikdə vuruşacaqlarına and içirdilər. [Bu səbəbdən də onlara "qan yalayanlar" dedilər]. Dörd-beş gün bu hal davam etdi. Sonra məscidə toplaşaraq [məsələni] müzakirə etməyə, bir-birlərini insaflı davranmağa çağırdılar".
Əbu Ümeyyənin Kəbəyə ilk daxil olanın hakim seçilməsini təklif etməsi. Kəbəyə ilk daxil olanın Allahın Elçisinin (s) olması
Rəvayətçilərdən bəzilərinin dediyinə görə, bu zaman qüreyşlilər arasında yaşca ən böyük olan Əbu Ümeyyə bin əl-Müğirə dedi: "Ey Qüreyş qəbiləsi! Gəlin bu mübahisənin həllini bu məscidin qapısından içəri ilk daxil olacaq şəxsin mühakiməsinə buraxaq!" Qüreyşlilər onun dediyi kimi də etdilər.Məscidə birinci Allahın Elçisi(s) daxil oldu. Məsciddəkilər onu görən kimi dedilər: "Bu ən düz danışandır. Biz razıyıq!"
Onlar mübahisə etdikləri məsələ haqqında Allahın Elçisinə(s) məlumat verdilər. Allahın Elçisi(s) dedi: "Mənə bir parça gətirin!" Parçanı gətirəndə qara daşı götürüb öz əllərilə onun ortasına qoydu və dedi: "İndi də qoy hər bir qəbilə başçısı parçanın bir ucundan tutsun, sonra hamı birlikdə parçanı qaldırsın". Elə də etdilər. Daşı öz yerinə yaxınlaşdırdıqları zaman Allahın Elçisi(s) onu öz əllərilə divara yerləşdirib məhlulla bərkitdi.
Kəbənin üstünün parça ilə örtülməsi və bunu ilk dəfə edən şəxs haqqında
Allahın Elçisinin(s) zamanında Kəbə on səkkiz arşın hündürlüyündə idi. Kəbənin üstü əvvəl "qəbati" adlanan kətan parça ilə örtülmüşdü. Sonra "bərud" adlanan qalın parça ilə örtüldü. Kəbənin üstünü ilk dəfə "dibac" (xalis ipək parca-tərc) ilə örtən Həccac bin Yusif olmuşdur".
Qurani-Kərimə Allah təalanın verdiyi adlar özü bu kitabın məkanını, məqamını və dəyərini göstərir. Bir yerdə onun hikmətli bir zikr, bir yerdə onun haqqı batildən ayırd edən bir kitab, bir yerdə onun nur olması və sairə kimi qeyd edilmişdir. Elə kitabın özündə belə buyurulub; "Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir."
(Ali-İmran, 58)
"İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir"
(əl-Bəqərə, 185).
"Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi."
(əl-Maidə, 15).