Təbii olaraq insan hər zaman eyni əhval-ruhiyyədə ola bilməz. Mütəmadi olaraq əhval-ruhiyyə dəyişə bilər. İnsan bəzən narahat, bəzən gərgin, həyəcanlı, əsəbi, stressli ola bilər. Bu halda əhval-ruhiyyənizi yaxşılaşdıran idman hərəkətləri sizə kömək ola bilər. İdman edərək əhval-ruhiyyənizi yüksəldə bilərsiniz. Aile.lent.az sizi əhval-ruhiyyənizə uyğun edə biləcəyiniz bir neçə məşq növü ilə tanış edir.
Əsəbisinizsə - Kikboksinq
Əsəbinizi kalori yandıran kikboksa yönləndirin. Əsəbi olduqda bunun öhdəsindən gəlməyin ən yaxşı yolu kikboksla məşğul olmaqdır. Bütün əsəbi enerjinizi qum torbalarından çıxara bilərsiniz. Kikboks öyrənmək üçün isə xüsusi bir kursa da yazıla bilərsiniz.
Tələsirsinizsə - Ştanqqaldırma
Əgər kifayət qədər vaxtınız olmadığını görürsünüzsə, ştanq qaldırın. Bunun üçün bir az istilənmə hərəkətləri etdikdən sonra 3 dəqiqə ərzində ştanq qaldırın, 1 dəqiqə dincəlin və prosesi təkrarlayın. Beləcə, məhdud vaxtınızı dəyərləndirmiş olarsınız.
Başınız qarışıqdırsa - güc məşqi
Bir mövzu barədə qərar verməlisiniz. Bu halda müqavimət idmanı sizə yaxşı təsir edər. Araşdırmalar sübut edib ki, mütəmadi olaraq güc məşqləri etmək insanların zehni, diqqət cəmləmə gücünü yaxşılaşdırır.
Narahatsınızsa – Piyada yeriyin
Özünüzü gərgin və ya narahat hiss edirsinizsə piyada yeriyin. Əhval-ruhiyyəni yaxşılaşdıran idmanlar arasında ən sadə və rahatı piyada gəzməkdir. Bir neçə dəqiqə piyada gəzmək əsəbləri sakitləşdirir, özünüzü daha xoşbəxt hiss etməyi təmin edir. Xüsusilə də çöldə piyada yerimək sizə çox yaxşı təsir edəcək. Araşdırmalara görə, piyada gəzmək stressi azaldır, hətta immunitet sistemini də gücləndirir.
Yorğunsuznuzsa - Tai-Chi
Gün ərzində enerjiniz tükənibsə, günün sonunda yorucu məşq sizi daha çox taqətdən salar. Bunun əvəzinə sizi özünüzə gətirən Tai-Chi işinizə yarayar və enerjinizi artırar. Tai-Chi həm də yuxu keyfiyyətini yaxşılaşdırır, stressi azaldır, ümumi olaraq sağlamlığı yaxşılaşdırır.
Stresdəsinizsə - Velosiped
İstər evdə, istər çöldə olun velosipedə minib pedal çevirməyə başlamaq endorfin ifrazını artıraraq dəqiq və aydın düşünmənizi, beləliklə də stressin öhdəsindən gəlməyinizi təmin edə bilər. Bununla yanaşı, velosipedlə hündür yerə qalxmaq və ya velotrenajorda yüksək sürətlə pedal çevirmək özünüzə inamı artırar.
Bezmisinizsə - Qaçın
Saatlardır bir problemi həll etməyə çalışırsınız, lakin bir fikrə gələ bilmirsiniz? Bu zaman heç nə etməyin, sadəcə çıxın küçəyə və qaçın. Əgər probleminiz üçün doğru həll yolu tapa bilmirsinizsə, qaçış sizin çarənizdir. Bir çox insan qaçış əsnasında gözəl fikirlərə gəlir. Qaçış beyni rahatlandırır, çünki bütün bədən kompleks formada hərəkət edir.
Narahatsınızsa – Yoqa
Əhval-ruhiyyəni yaxşılaşdıran idmanlardan biri də əlbəttə ki, yoqadır. Narahatlıqlarınızın öhdəsindən yoqa ilə gələ bilərsiniz. Yoqa zehni sakitləşdirir. Bu idmanı edərkən bütün narahatlıqlarınız keçər. Əgər yoqa bacarmırsınızsa, kursa yazılın və ya on-line izləyərək öyrənin.
Motivasiyanız yoxdursa – Pilləkan qalxın
Pilləkan qalxmaq yalnız omba əzələlərini məşq etdirmir, eyni zamanda bütün bədənin kalorisini yandırır. Qalxdığınız pillələri sayın, sonra neçə mərtəbəyə uyğun olduğunu hesablayın. Çox az idman sizi bu qədər motivasiya edə bilər.
Kolumbiya Universitetinin apardığı araşdırmalardan birinə görə, ABŞ-da yaşayan az gəlirli ailələrə mənsub qız uşaqları yetkinlik və menstruasiya dövrü mövzusunda kafi məlumata sahibdirlər. Bu faktı bir çox ölkələrə aid etmək olar. Aile.lent.az qızlara yetkinlik dövrünün izah edilməsi ilə bağlı mütəxəssislərin fikirləri ilə sizi də tanış edir.
İlk növbədə onu bildirək ki, yetkinlik dövrü həm fiziki, həm də zehni baxımdan qadınların həyatının əhəmiyyətli dövrlərindən birdir. Bəs niyə bu dərəcədə məlumat azlığı var? Bir çox gənc qızlar ya rəfiqələri vasitəsilə, ya da özləri müxtəlif mənbələrdən məlumat əldə etməyə çalışırlar. Lakin bunların çoxu səhv və qeyri-dəqiq olur. Halbuki müasir cəmiyyətdə bu qədər məhdud məlumat mübadiləsi ağlasığan deyil.
Qız uşaqlarına yetkinlik dövrü barədə izah edilməli ilk mövzu menstruasiyadır. Mütəxəssislər bildirir ki, yetkinlik yaşı getdikcə aşağı düşür. Qızlarda cinsi yetkinlik 8-12 yaşlar arasında dəyişir. Bu səbəbdən də yetkinlik və menstruasiya dövrü ilə əlaqədar məlumatlar 6-7 yaşlarında verilməlidir. Bu yaş qrupunda olan uşaqlar isə hələ ibtidai təhsil aldıqları üçün mütəxəssislər belə qənaətə gəlir ki, onlara elə təməl biliklərlə yanaşı cinsi təhsil də verilməlidir.
Yetkinlik haqda əvvəldən məlumatlı olmaq uşağın zehni inkişafı baxımından da əhəmiyyətlidir. Bədənində yaşanan bir sıra dəyişikliklərlə əlaqədar utanmamağı öyrənmək onu bəlkə də ən çox rahatlaşdıran məsələ olar. Yetkinlik dövründə yaşanan utancaqlıq gələcəkdə bir çox səhv addımların atılması ilə nəticələnir.
Qızı ilə yetkinlik mövzusunda danışarkən anaların seçdiyi söz və ifadələr çox əhəmiyyətlidir. Bir çox anaların ən çox etdiyi səhv də menstruasiyaya "xəstələnmək" demələridir. Halbuki menstruasiya dövrü heç də xəstəliklə bağlı dəyişiklik deyil. Təbii ki, bədəndə baş verən dəyişiklikdir. Lakin menstruasiya olan qız xəstə deyil. Bu dövrün xəstəliklə əlaqələndirilməsi qız uşaqlarının özünü təcrid və pis hiss etməsinə gətirib çıxarır. Ən əhəmiyyətli məqam bu prosesin çox normal olduğunu başa salmaqdır.
Qızın anası ilə hər zaman bütün mövzularda danışa bilməsi çox vacibdir. Lakin utancaqlıq yaşana biləcəyi üçün ona əvvəlcə təməl məlumatlar verməlisiniz. Onun suallarından əvvəl isə siz mütləq özünüz də məlumatlanmalı və ya mütəxəssislə məsləhətləşməlisiniz. Fərqli qaynaqlardan bəhrələnsəniz, suallara daha doğru cavab verərsiniz.
Qızlarda yetkinliyin fiziki mərhələləri hansılardır?
- Döşlərdə gərginlik, genital bölgədə və qolların altında tüklənmə, bədən qoxusunda dəyişiklik və boy artımı
- Döşlər böyüyür, tüklər tündləşir, vaginal axıntı olur, üz və bədənin başqa yerlərində çivzə yaranır.
- İlk menstruasiya yaşanar və döş ucu ətrafı dəyişir.
Ümumiyyətlə, yetkinlik 12-13 yaşlarında yaranır. Amma 8 yaşından sonra inkişafla bağlı olaraq hər an yaşana bilər. 8 yaşından əvvəl döşlərdə böyümə və genital bölgədə tüklənmə baş verərsə, bu, erkən yetkinlik əlamətləridir. Bu vəziyyətdə mütləq həkimə müraciət edilməli və lazımi məlumat alınmalıdır.
14 yaşa çatana qədər döşlərdə böyümə baş vermirsə və ya döşlər böyüsə də, 4-5 il menstruasiya başlamırsa, bu, gecikmiş yetkinlik hesab olunur. Bu halda da mütləq həkimə müraciət edilməlidir.
Pəhriz saxladıqda imtina edilən ilk qida çörəkdir. Lakin çörəkdən tamamilə imtina etmək bəzən çoxlarına çətin olur. Bu halda isə onlar suxariyə müraciət edirlər. Suxari sevməyənlər isə lavaş və ya qara çörəyə üz tuturlar. Bəs onların kökəltmədiyi doğrudurmu? Bu haqda Aile.lent.az-ın suallarını cavablandıran dietoloq Leyla Zülfüqarlı deyir ki, ümumiyyətlə, çörək qrupuna qarşı fikirlər birmənalı deyil. Mütəxəssis çörəkdən imtina edərək suxari, lavaş, qara çörəklə qidalananların məqsədinin əslində nisbətən az kalorili çörək məhsulları qəbul etmək olduğunu bildirir. Lakin bu halda çörəyə alternativ kimi suxari yemək uğurlu seçim sayılmır: “İnsanların məqsədi hər hansı bir formada ağır karbohidratdan imtina etməkdir. Amma rasional qidalanma mexanizmi ilə müqayisə etsək, burada çox ciddi yanlışlıqlar var. İlk növbədə “suxari kökəltmir” fikrinə aydınlıq gətirək. Əgər suxari yenə də ağ undan bişirilmiş çörək növündəndirsə, onun sadəcə qurudulması nəticəsində tərkibi quruyur və bir az kalorisi azalır. Amma orqanizmə ötürülən tərkibi mürəkkəb karbohidrat olaraq qalır. Bu halda isə orqanizmin arzu etdiyi çörək məhsulu olmur”.
Burada isə belə bir sual ortaya çıxır: onda necə olmalıdır? Sualı cavablandıran L. Zülfüqarlı deyir ki, doğru çörəkdən düzgün formada istifadə edilməlidir. Doğru çörək isə tam taxıllılardır. Bu baxımdan mütəxəssis Azərbaycanda çörək istehsalından razı olmadığını da etiraf edir: “Ölkəmizdə doğru çörək istehsal edilmir. Bizdə çörək arzuladığımız səviyyədə deyil. Avropa ölkələri ilə müqayisə etsək, şəxsən məni bir mütəxəssis kimi qane etmir. Mən dietoloq olaraq Avropa ölkələrinə gedəndə ən çox çörəkdən istifadə edirəm. Sözsüz ki, tam taxıllı çörəklərdən. Yəni çörəyin tərkibi düzgün olarsa, bizim daha çox istifadə etdiyimiz məhsula çevrilməlidir”.
Dietoloq əslində insan hüceyrələrinin ən çox qidalandığı vitaminin çörəkdə olduğunu vurğulayır. Məlumdur ki, çörək qrupu da B vitamini kateqoriyasına daxildir. Məhz doğru çörəkdən düzgün istifadə edilmədiyi üçün də insanlarda B vitamini çatışmazlığı daha çox rast gəlinən problemdir: “Azərbaycanda həkimlərin məsləhət gördüyü müalicələr arasında B qrup vitaminlər və ağrıkəsicilər üstünlük təşkil edir. Niyə? Çünki biz doğru-düzgün çörək yemirik. Buna görə də bədən B qrup vitamini almır və həkimlərə üz tutanda müalicə mərhələsində xəstələrə ən çox B qrup preparatlar təyin edilir. Bu adekvatlığı biz həb şəklində təmin edirik. Lakin əslində çörəkdən düzgün istifadə etsək, buna ehtiyac qalmaz”.
L. Zülfüqarlı Azərbaycanda çörək istehsalında problem olduğunu da deyir. Bu isə insanların sağlamlığını birbaşa təhlükəyə atan məqamdır. Dünya standartları ilə ayaqlaşmayan çörək istehsalı nəticəsində qidalanma səviyyəsi də aşağı düşür: “Ölkəmizdə hələ də sovet resepti ilə çörək hazırlanır. Biz dietoloqlar əziyyətlə doğru çörək tapırıq. Amma bu, belə olmalı deyil. Avropa ölkələrində marketə girirsən, gözünün qabağında çörək hazırlanır, görürsən ki, bəli, tam taxıllı çörək bişirildi. Həmin çörəklər çox qəbul edilsə belə, orqanizmə heç bir zərəri yoxdur. Çünki tərkibi düzgün təyin edilib. Dünya səviyyəsində suxari qəbul edilmir. Tam taxılı çörəklər yeyilməlidir. Tam taxıllı çörəklər isə tam buğda, çovdar çörəyidir. Bu boyda ölkədə tam buğda çörəyi yoxdur. Bu da çox ciddi siqnalverici məqamdır. Ona görə də mən insanları başa düşə bilirəm. Çörək məmulatlarından əziyyət çəkdikləri üçün suxariyə müraciət edirlər. Biz doğru çörəyi tosterdə azca qızardaraq yeyə bilərik. Amma arıqlamaq üçün suxari yemək düzgün yol deyil”.
Bir nömrəli lignan qaynağı olan kətan toxumunun faydaları saymaqla bitmir. Mütəxəssislər gündə 30-40 qram kətan toxumu yeməyi məsləhət görürlər. Aile.lent.az kətan toxumunun faydaları ilə sizi tanış edir.
Liflə zəngin, karbohidrat nisbəti aşağı
Kətan toxumunun ən əhəmiyyətli faydalarından bir də yüksək nisbətdə müsilaj tərkibli olmasıdır. Müsilaj suda həll olunan və bağırsaq yolu üçün olduqca faydalı lifdir. Müsilaj sayəsində qidalar mədədən nazik bağırsağa sürətlə keçə bilmir. Bu da qida qatılığını artırır. Eyni zamanda kətan toxumunda olan həlledilən və həlledilməyən liflər sütun detoksifikasiyasını və yağların əriməsini dəstəkləyir; şirniyyat istəyini azaldır. Gündə ən az 30-40 qram kətan toxumu kimi lifli qidalar yeməlisiniz.
Sağlam dəri və saçlar
Sağlam dəri, saçlar və dırnaqlara sahib olmaq istəyirsinizsə, gündə 2 yemək qaşığı kətan toxumu və ya 1 yemək qaşığı kətan toxumu yağı qəbul edə bilərsiniz. Kətan toxumunda olan sağlam yağlar dəri və saçlara ehtiyacı olan yağı təmin edir. Bununla yanaşı, ehtiva etdiyi B vitamini dəri quruluğunun qarşısını alaraq çivzə, rosacea (gül xəstəliyi) və ekzema kimi xəstəliklərə yaxşı təsir edir. Kətan toxumu göz quruluğu sindromunu üçün də tövsiyə edilir. Gündə 1-2 yemək qaşığı kətan toxumu yağı qəbul edərək, dəri sağlamlığınızı dəstəkləyə bilərsiniz.
Çəkini azaldır
Aparılan araşdırmalara görə, kətan toxumu və qoz piylənmənin qarşısını alır və çəkinin azalmasına kömək olur. Kətan toxumunda olan sağlam yağlar və lif, uzun müddət tox tutaraq daha az kalori almaq imkanı verir. Həmçinin iltihabı azaldır. Çəkinizin azalmasını istəyirsinizsə, salatlarınıza, şorbalarınıza və yediyiniz istənilən qidanıza bir neçə çay qaşığı üyüdülmüş kətan toxumu qata bilərsiniz.
Xolesterolu aşağı salır
Mütəxəssislərin fikrincə, kətan toxumu yemək xolesterol səviyyəsini aşağı salır. Kətan toxumunda olan həll edilən lif, yağ və xolesterol həzm sisteminə yaxşı təsir edir.
Qluten ehtiva etmir
Qluten ehtiva edən taxılları antiiltihab kətan toxumu ilə əvəz edə bilərsiniz. Həmçinin dəniz məhsullarına allergiyanız varsa, kətan toxumu yaxşı bir Omega-3 qaynağıdır.
Antioksidant qaynağıdır
Kətan toxumu antioksidant tərkibi ilə yaşlanmanı gecikdirir, hormon tarazlığını təmin edir və sağlamlığımızı qoruyur. Antiviral və antibakterial xüsusiyyəti sayəsində nizamlı kətan toxumu yediyiniz halda soyuqdəymə və qripə daha az tutularsınız.
Həzm sağlamlığı
Kətan toxumu həzm problemlərindən əziyyət çəkənlər üçün olduqca faydalıdır. Bağırsaqlardakı iltihabı azaldır. Lif qaynağıdır. Qəbizliyin qarşısını almaq üçün 1-3 yemək qaşığı kətan toxumunu kök suyu ilə qarışdırıb içə bilərsiniz.
Menopauza simptomları
Kətan toxumunda olan lignanlar menopauza simptomları yaşayan qadınlar üçün olduqca faydalıdır. Estrogenik xüsusiyyəti olan kətan toxumu hormon müalicəsinə alternativ olaraq istifadə edilə bilərMenstruasiya nizamsızlığı yaşayanlar üçün ideal vasitədir. . Kətan toxumu həmçinin sümük əriməsi riskini də azaldır. 1-2 yemək qaşığı kətan toxumunu 1 yemək qaşığı kətan toxumu yağı ilə birlikdə qarışdıraraq qəbul edə bilərsiniz.
ABŞ-la Şimali Koreya arasında münasibətlər gərginləşib.
Xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-ın xarici işlər naziri Rex Tillerson Şimali Koreya nüvə proqramını dayandırmadığı təqdirdə həmin ölkəyə qarşı hərbi əməliyyatlara başlaya biləcəklərini açıqlayıb: “Əlbəttə, vəziyyətin müharibəyə çevrilməsini istəmirik. Yalnız görsək ki, Şimali Koreya həddini aşır, o zaman müharibə qaçılmaz olacaq”.
Bundan əlavə olaraq Cənubi Koreyanın da xarici işlər naziri Yun Byung-Se də ABŞ-a müttəfiqlik edəcələrini deyib: O, səbrlərini tükəndiyini bildirib.
Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Nazirliyinin saytına istinadən məlumatına görə, FHN Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib. Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanmış, şəxsi heyət təlimatlandırılıb.
Qreypfrut bir çox insanın sevmədiyi meyvədir. Halbuki meyvəsindən savayı qabığı da yüksək miqdarda vitamin və mineral ehtiva edir. Tərkibində bol miqdarda su və lif olduğu üçün kalorisi də olduqca aşağıdır. Aparılan müxtəlif araşdırmalar nəticəsində qreypfrutun sağlamlığa bir çox faydası aşkarlanıb.
Sürətlə arıqlamağa kömək olur
Qreypfrutun 92%-i sudan ibarətdir. Ona görə də ümumi mənada sağlamlığa çox faydalıdır. Aparılan araşdırmalar zamanı məlum olub ki, yeməkdən əvvəl yeyilən bir ədəd qreypfrut sürətlə yağ yandırmağı təmin edir.
Üstündəki sapları atmayın
Qreypfrutun qabığının iç hissəsində olan ağ saplar acı dada malikdir və çox vaxt qabıq kimi soyulub atılır. Ancaq bundan sonra atmayın. Çünki mütəxəssislər onların çox faydalı olduğunu və mümkün qədər hər kəsin yeməsini məsləhət görür. Bu saplar xüsusilə antioksidantlar baxımından olduqca zəngindir. Özünüzü gün ərzində tox hiss etməyinizi təmin edir. Bununla yanaşı, qandakı xolesterol səviyyəsini aşağı salır, hətta onurğa xərçəngi riskini belə azaldır.
İmmunitet sistemini qüvvətləndirir
Qreypfrutun tərkibində yüksək miqdarda A və C vitamini var. A və C vitaminləri immunitet sistemini qüvvətləndirən ən əhəmiyyətli faktorlardır. Qreypfrut soyuqdəymənin də qarşısını alır.
İştah nədir? Bu, insanda ac olduğu zaman yemək yeməyə olan həvəsidir.
Tam nevroloji sağlam uşaqlarda iştahasızlıq 25%, nevroloji problemi olan uşaqlarda isə 80% hallarda rast gələ bilir. Aşırı iştahasızlıq anoreksiya adlanır. Uşaqlarda ən çox 6-36 ay arasında rast gəlinir.
İştahasızlıq - uşağın böyümə və inkişafı üçün lazım olan qidalardan hər hansı səbəbə görə imtina etməsidir. Bəs bu səbəblər nədir? Ümumiyyətlə uşaqlarda 1-2 % hallarında ciddi iştahasızlıq səbəbləri vardır.
Risk faktorları bunlardır:
- vaxtından əvvəl doğulma
- ailədə ilk uşaq
- nevroloji və və ya anatomik problemlərin olması
- işləyən ana-atanın olması
- düzgün olmayan qidalanma
- baxımın düzgün olmaması
- ailə içi psixoloji problemlərin olması.
İştahasızlıq səbəblərini bu cür sıralamaq olar: orqanik, psixoloji, qidalandırma xətaları.
Orqanik: İştahasızlığın səbəbi mədə-bağırsaq sisteminin xəstəlikləri (kəskin qastroenterit, ishal, qastroezofaqal reflü və s.), onların patologiyaları ola bilər. Məsələn, udma aktının normal olmaması, ağızda yaraların və çürük dişlərin olması və s.
Xroniki xəstəliklər, məsələn, vərəm zamanı uşaqda iştahasızlıq ola bilər.
Uşaqda dəmir defisitli anemiyalar zamanı "grelin" adlı maddənin sintezinin pozulması nəticəsində iştahasızlıq əmələ gəlir. Bu defisiti aradan qaldırdıqda isə iştahasızlıq şikayəti də aradan qalxmış olur.
Psixoloji: Qidalanmaya təsir edən hər hansı bir mental xəstəliklər (autizim, bəzi psixi xəstəliklər).
Qidalandırma xətaları: Sadə də olsa, bəzi səbəblər vardır ki, onlar məhz iştahsızlığı yarada bilər. Məsələn, ananın uşağı zorla yedirtməsi, daima onun ağzının kobud şəkildə silinməsi, vaxtından əvvəl qatı qidalara başlanması, aşırı cəza verilməsi və ya qiymətləndirilməsi.
Uşaq tərəfdən hansı səbəblər ola bilər:
- hələ bu kimi qidalanma üçün tam inkişaf etməməsi,
- "neofobi" - hər hansı yeni qidanı qəbul etməkdən imtina,
- travmatik qida verdikdən sonra uşaqda əmələ gələn qaşıq qorxusu,
- uşağın hədsiz dərəcədə aktiv və ya fikrinin dağınıq olması.
Ümumiyyətlə, yemək verən zaman uşağa görə davranmaq lazımdı. Belə ki, adi uşaqda bu şikayətlər yoxdur. Onlar aktivdirlər və xəstələndikdə və ya hər hansı narahatçılıqları olan zaman iştahasızdırlar.
Çox hərəkətli uşaq. Onlar gün ərzində 2 dəfə yaxşı yeyib sonrakı hallarda isə az yeyirlər. Buna görə narahat olmaq lazım deyil.
Çox qapalı uşaqlar isə sevdikləri tərəfindən yedizdirilmələrini istərlər və qidaya qarşı çox seçicidirlər.
Diqqət əskikliyi olan uşaqlar. Onlar səssiz və sakit şəraitdə yeməyi sevirlər.
Əgər uşaq yeməyə qarşı seçicidirsə, onun da dərmanı yoxdur.
Bundan başqa uşaqlarda iştahasızlığa səbəb kimi səliqəsiz yemək yemə, televizorla yedirtmə, səs-küylü şərait, yeməyin hədsiz duzlu, istiotlu olması, böyük qaşıqla, kobud yedirdilməsi və s. göstərilir.
Uşaqda əlavə qidaya keçən zaman mütləq oturma, udma, bağını dik tutma kimi funksiyaları yerinə yetirməlidir.
1 yaşa kimi uşaqlarda son illərdə "neofobi" deyilən bir hal qeyd edilir. Hansı ki, bu halda yeni qidaları uşaq qəbul etmir və ya etmək istəmir. Bu haldan qorxmaq lazım deyil. Zamanla uşaq bu hala alışacaqdır.
Uşağın boyu və çəkisi normalara uyğundursa, o zaman uşağın yediyi ona yetir. Ümumiyyətlə, yersiz verilən vitaminlərdən qaçmaq lazımdır. Belə ki, bu zaman onların toksiki təsiri də qeyd edilir. Bundan əlavə fol turşusu və niasin preparatlarının verilməsi də uşağın iştahanı normallaşdıra bilər. Lakin sonradan yenə əvvəlki vəziyyətə qayıdacaq.
Sizin uşaqlara sevə-sevə verdiyiniz vitaminlər ağır xərçəng xəstəliyi zamanı əmələ gələn kaxeksiya üçün nəzərdə tutulmuşdur. Məsələn, omega-3, siproheptadin, megestral asetat və s. kimi tərkibli dərmanlar bu siyahıya aiddir.
Niasin adlı iştahaaçıcı dərmanın isə çox istifadə edildikdə uşaqda 2-ci tip şəkərli diabetin əmələ gəldiyi sübuta yetirilib.
İştahaaçıcı qidalara acı bibər, istiot, adaçayı, nanə, darçın, qırmızı bibər aiddir.
Uşaqlarda iştahasızlıq olduqda mütləq 1-ci növbədə orqanik və psixoloji səbəblər aradan qaldırılmalıdır. Əgər bu səbəblər qeyd edilmirsə, onda digər səbəbləri araşdırmaq və aradan qaldırmaq lazımdır. İşatahaaçıcı dərmanlardan istifadə edilməməlidir!
Uşaqlarda bağırsağın disbakteriozu tez-tez rast gəlinən və çox aktual olan problemlərdən biridir. Valideynlər uşağın qarnında köp, sancı, ishal, qəbizlik kimi simptomlar müşahidə etdikdə dərhal həkimə müraciət edir. Disbakterioz diaqnozu ilə dəfələrlə nəcisi əkdirir və həyəcan hissi ilə aşkar olunan bakteriyaları məhv etmək üçün müxtəlif preparatlar alırlar, nəticədə isə böyük bir effekt əldə edə bilmirlər. Gəlin aydınlaşdıraq, disbakterioz nə deməkdir, hansı səbəbdən yaranır və onu necə müalicə etmək lazımdır?
Bağırsağın disbakteriozu xəstəlik deyil, sindromdur, yəni hər-hansı bir səbəbdən normal bağırsaq florasının pozulması deməkdir!
Normal bağırsaq florasını əsas bifidobakteriyalar, laktobakteriyalar, bakteroidlər təşkil edirlər. Bu bakteriyalar orqanizm üçün çox vacibdirlər və bir sıra əhəmiyyətli funksiyalar yerinə yetirirlər. Onlar:
- vitamin sintezində;
- uşağın fiziki inkişafında;
- immun sisteminin fəaliyyətində;
- xəstəlik törədən bakteriyalara qarşı müdafiədə;
- xərçəng xəstəliyinə qarşı müdafiədə və digər vacib funksiyalarda iştirak edirlər.
Nəcisin əkilməsi zamanı rast gəlinən stafilokokklar, streptokokklar, bağırsaq çöpü, kandida və digər mikroblar normada yoğun bağırsaqda az miqdarda olurlar. Aşkar olunan mikrobların miqdarı normanı aşmırsa, ciddi bir problem yoxdur. Normativləri isə hər bir laboratoriya təqdim etməlidir.
Bəs hansı səbəblərdən yoğun bağırsağın disbakteriozu yarana bilər?
- antibiotiklərin qəbulu (xəstəlik törədən mikroblarla yanaşı vacib olan bakteriyalar da məhv olunur);
- mədə-bağırsaq xəstəlikləri;
- bağırsaqda qurd-parazitlərin olması;
- qeyri-rasional qidalanma (qidada şirniyyatın, xəmir xörəklərinin, ətin meyvə-tərəvəzdən, lifli qidadan üstün olması);
- immun sisteminin zəifləməsi və sairə.
İnsanda disbakterioz aşkar olunduqda, ilk öncə bu problemi yaradan səbəbi araşdırıb, aradan qaldırmaq lazımdır, yanaşı olaraq bağırsaq florasının fəaliyyətini və miqdarını normallaşdırmaq üçün preparatlar təyin etmək vacibdir. Əks halda təyin olunan müalicə qısamüddətli, yaxud effektsiz olacaq.
“Bəzən valideynlər uşağı sakitləşdirmək üçün əmzikdən və şirniyyatdan istifadə edirlər. Bundan əlavə, uşaqlara lazım oldu-olmadı kalsium preparatları verilir. Uşaqlara əmzik, şirniyyat, vitaminin özünün çox verilməsi ağız boşluğunda müəyyən fəsadlar yaradır”.
Respublika Uşaq Stomatoloji Mərkəzinin Ortodontiya şöbəsinin müdiri Bürhan Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Həkim əmziklərdən imkan daxilində istifadə etməməyi tövsiyə edib: “Bu, çənə sistemində və dişlərdə problemlərin əmələ gəlməsinə səbəb olur. Valideynlər bu problemlərdən xəbərsiz olduğu üçün əmziyə üstünlük verirlər”.
Uşaqlarda yaranan ağız boşluğu problemləri barədə danışan mütəxəssis qeyd edib ki, ağız boşluğunda olan eybəcərliklər vaxtında aşkar olunarsa, onları tez aradan qaldırmaq mümkündür: “Çənə quruluşunda olan problemləri 12 yaşa kimi aradan qaldırmaq olur. Uşaqlarda olan problemlər 10 yaşa kimi daha tez və uğurlu həll olunur. Problemlərin qarşısı vaxtında alınmadıqda sonradan cərrahi müdaxilələrə ehtiyac yaranır”.
Bütün valideynlər uşağının böyüyəndə yaxşı insan olmasını istəyir. Lakin bunun üçün ona verilən tərbiyə mühüm rol oynayır. Uşağınızı yaxşı tərbiyə etmək üçün Aile.lent.az-ın təqdim etdiyi yazını oxuyun.
Uşaqlarınızla vaxt keçirin
Uşaqlarınızla tez-tez vaxt keçirməlisiniz. Problemlərini dinləməli və onların xoşladığı işlərə maraq göstərməlisiniz. Ən əhəmiyyətlisi isə danışarkən uşağa biganə yanaşmayın, onu diqqətlə dinləyin. Bununla övladınızın şəxsiyyəti haqqında məlumat toplayarsınız. Sizin bu davranışlarınız sayəsində digərlərinə dəyər verməyi və maraq göstərməyi öyrənəcək.
Sizin üçün nə qədər qiymətli olduğunu deyin
Psixoloqların araşdırmalarına görə, bir çox uşaq valideyni üçün nə qədər əhəmiyyətli olduğunun fərqində deyil. Sizin üçün nə qədər qiymətli olduqlarını hiss etdirmək kifayət deyil, bunu onlara söyləməlisiniz. Əks təqdirdə uşağınız dəyərli olduğunu və ya sevildiyini hiss etməz.
Problemlərindən qaçmamağı öyrədin
Məsələn, uşağınız artıq futbol kursuna getmək istəmədiyini söyləsə, ondan bunun səbəbini soruşun və komanda yoldaşlarına ilə olan problemini deməsini istəyin. Əgər hələ də qərarını dəyişməsə, başqa bir məşğuliyyət tapmasına kömək edin.
Hər gün uşağınızdan hər hansı bir mövzuda kömək istəyin və kömək etdiyi üçün təşəkkür edin.
Araşdırmalar minnətdarlıq görən insanların mərhəmət duyğusunun inkişaf etdiyini, daha comərd və kömək edən olduğunu göstərib. Buna görə də uşağınıza gün ərzində kiçik işlər verin və sonda ona təşəkkür edin. Psixoloqlar uşağınızın səmimi şəkildə sizə kömək etdiyi vaxtlarda onları mükafatlandırmağı də məsləhət görür.
Uşağı mənfi duyğulardan xilas edin
Hirs, nifrət, utanma və qısqanclıq kimi mənfi hisslərdən xilas olmasında uşağınıza kömək edin. Beləliklə, onun fikirlərinin dolaşıq düşməsinin də qarşısını alarsınız. Uşağınızın özünü analiz etmə bacarığı onun gələcəkdə mərhəmətli və şəfqətli bir fərd olmasını təmin edər. Uşağınızın psixoloji tarazlığını də inkişaf etdirin. Ona dünyanın nə qədər böyük, mürəkkəb və maraqlı bir yer olduğunu başa salın. Psixoloqların araşdırmalarına görə, az qala bütün uşaqlar yalnız ailə və dostlarından ibarət olan kiçik dünyalarına maraq göstərirlər. Bu məhdud dünyanın xaricinə çıxıb, başqa insanlar və hadisələrlə tanış olmaları əhəmiyyətlidir.
Mütəxəssislər deyir ki, uşağı nəzakətli, şəfqətli və mərhəmətli bir fərd olaraq yetişdirmək asan deyil. Ancaq bu, hamımızın bacara biləcəyi bir işdir. Dünyada heç bir şey sizə bu müvəffəqiyyətin bəxş etdiyi xoşbəxtliyi verə bilməyəcək.
Bütün valideynlər xoşbəxt, özünə güvənən, hər kəsin hörmət etdiyi oğlan uşağı böyütmək istəyir. Aile.lent.az bu yazıda məhz oğlu olan valideynlərə tövsiyələr verəcək.
1. Oğluna əsla gülmə
Kişilər üçün bir qadının ona lağ etməsi travmadır. Ananın oğlan övladına lağ etməsi isə çox daha dərin yaralar aça bilər. Şalvarını tərs geyindiyi, itlərdən qorxduğu və ya məktəbdə bir qızdan xoşu gəldiyi üçün ona lağ etsəniz, bunu heç vaxt unutmayacaq.
2. Suallarına hər zaman cavab verin
Hər yaşda “çünki elə lazımdı” və ya “böyüyündə anlayarsan” kimi cavablar verməyin. Əgər cavabı bilmirsinizsə, əvvəl özünüz öyrənin, sonra ona izah edin. Cavab onun yaşına uyğun olmasa, sual barədə bir az düşünəcəyinizi deyin və zamana ehtiyacınız olduğunu söyləyin. Bu mövzuda təxmin edə bilməyəcəyiniz qədər anlayışlı ola bilərlər.
4. “Sənə demişdim” qəlibini unudun
Daha əvvəl söyləmiş olsanız və o da sizi dinləməmiş olsa belə, bu qəlibi sonsuza qədər unudun. Bu, ananın zəfərinin dadını çıxardığı bir rəqabətdir. Amma uşaq üçün bir faydası olduğunu deyə bilmərik.
5. Onu tərifləyin
"Gözəldir, amma bir az düzəlsə, yaxşı olar” yerinə yalnız "super" deyin. Uşağınız hər şeyin öhdəsindən yaxşı gələr. Böyüdüyü zaman nəyin düz edilməsini daha yaxşı biləcək.
6. Xəyallarını dəstəkləyin
Əgər bir arxeoloq olmaq istəyirsə, ona mövzuya dair kitablar alın, musiqiçi olmaq istəyirsə, ondan hansı musiqi alətində ifa etmək istədiyini soruşun. Şəkil çəkmək istəyirsə, həvəsləndirin, kursa getmək istəyirsə, yollayın. Oğlanlar bəzən iyirmi yaşlarınadək nə etmək istədiyinə əsla qərar verə bilmir.
7. Əgər ağlayırsa...
Bu, pis bir hadisədir. Problem sizə görə kiçik, amma onun üçün böyük ola bilər. Əslində onun üçün hər problem böyükdür, çünki öz dünyası kiçikdir. Əgər başına pis bir şey gəlibsə, neçə yaşında olursa-olsun onu sakitləşdirməyə çalışmalısınız. Bu, bir qaydadır. Üstəlik hər uşaq sakitləşməyə meyllidir.
8. Hər zaman onun tərəfində olun
Yalnız sözdə deyil, əməllərinizdə də onun tərəfində olmalısınız. Başqalarının yanında oğlunuz hər zaman haqlı olmalıdır. Əgər təklif və ya məsləhətiniz varsa, bunu yalnız ikilikdə olanda deyin.
Onu dünya tarixinin gəlib getmiş ən yaxşı şahmatçısı adlandırılar. Beynəlxalq Şahmat Federasiyası ilə konflikt yaşamasaydı, siyasətə qoşulmasaydı, indinin özündə belə çoxunun şahını mat qoya bilərdi, bu bakılı balası.
Şahmat oynamağa 5 yaşında başlamışdı. Atası, Bakı yəhudisi Kim Moiseyeviç Vaynşteyn Harrini Bakıdakı Qaqarin adına Pionerlər Evinə, Oleq Privorotskinin yanına gətirmişdi. Privorotski elə ilk söhbətdəcə, bu balaca vunderkindin gələcəkdə dünyaya səs salacağını anlamışdı.
9 yaşında yeniyetmələr arasında SSRİ birinciliyinə qatılmışdı. Sovet şahmatının patriarxı sayılan Botvinnikin diqqətini cəlb etmişdi həmin vaxt. 11 yaşında 18 yaşlılar arasında SSRİ çempionatına qatılmışdı. Son oyunda heç-heç etməsəydi, mükafatçılar sırasına düşəcəkdi. Dalbadal ümumittifaq miqyaslı yarışlara qatılan Harri 18 yaşında artıq özündən söz etdirə bilmişdi. Dünyanın ərazicə ən böyük ölkəsinin və həm də ən böyük şahmat dövlətinin ən yaxşı şahmatçısı olmuşdu birinci yeri tutmaqla. 18 yaşında artıq o, təkcə SSRİ çempionu deyildi. Qazanmadığı titul qalmamışdı. Avropa çempionluğundan tutmuş, ən məşhur turnirlərin qalibinədək.
Və nəhayət, 1984-cü il. Şahmat tacı uğrunda Anatoli Karpovla şahmat tarixinin ən dramatik hesab edilən finalı. 24 yaşlı Kasparov uzun mübarizədən sonra tacı Karpovdan ala bilmişdi.
Bütün bu rekordlarla yanaşı, bu gün fevralın 17-si Kasparovun həm də şahmat tarixində başqa bir rekorda imza atdığı gündür. Söhbət 1996-cı il fevralın 11-dən 17-dək bir zamanların superkompüteri hesab edilən “Deep Blue” ilə keçirilən oyundan gedir. Bu super kompüter İBM şirkəti tərəfindən yaradılmışdı.
Hələ 7 il əvvəl, kompüter texnologiyası və proqramlarının inkişaf etmədiyi dövrdə “Deep Blue” bir neçə dəfə qrossmeysterlərə görüşmüşdü. Amma hamısından da qalib çıxmışdı. Kasparov da elə həmin il kompüterlə yarışa qatılmışdı. 1989-cu ilin oktyabrında Kasparov “Deep Thought” adlı kompüteri rahatlıqla məğlub etmişdi.
10 fevral 1997-ci ildə İBM Kasparova təklif göndərir. Artıq “Deep Blue”nin təkmilləşdirilmiş versiyası yaradılmışdı. Və bu superkompüter bir saniyədə 200 milyon gedişi hesablaya bilirdi. Kasparovda isə bu gedişlərin sayı 100 idi.
İlk görüşdə Kasparov qalib gəlir. İkinci gedişdə isə kompüter. Bundan sonra iki heç-heçə qeydə alınır. Amma… Amma sonrakı iki oyunda Kasparov nəinki kompüteri, onun yaradanları, İBM şirkətini yarandığına peşman edir. 500 min dollar mükafatı cibinə qoyub, Moskvaya qayıdır.
Amma İBM Kasparovdan əl çəkmir. Bir il sonra onu şirnikləndirir. Bu dəfə mükafat fondunu 1 milyon 100 min dollara qaldırır. Kasparov bu dəfə məğlub olur. Hə, ilk dəfəydi ki, şahmat üzrə dünya çempionu kompüterə məğlub olurdu. Bu da Kasparovun tərcümeyi-halına yazılası qeyddir. Yeri gəlmişkən, Kasparov sonradan verdiyi müsahibələrinin birində uduzduğu superkompüteri nədənsə… dələduz adlandırmışdı.
Kasparov bir də kompüterlə 2003-cü ilin yanvarında qarşılaşacaqdı. “Deep Junior” adlı kompüterlə oyun bu dəfə heç-heçə başa çatacaqdı.
Kasparovun “Deep Blue”ni udması hətta teatr mövzusu da olub. 2013-cü ildə Nyu- Yorkda Metyu Çarmanını pyesinin motivləri əsasında “The Machine” tamaşası qoyulur. Pyes Kasparovun “Deep Blue” ilə oyununa həsr edilmişdi. Sonradan “Disney” şirkəti bu pyesi ekranlaşdırmışdı.
Bütün naqisliklərinə, Azərbaycan əleyhinə verdiyi bəyanatlara baxmayaraq, Kasparov bakılıdır. Azərbaycan şahmat məktəbinin yetirməsidir. Karyerasına görə, bir minnətdarlıq hissi olmalıdır. Və özü də ürəyinin dərinliyinə bilir ki, bütün uğurlarına görə məhz Bakı və bakılılara borcludur. Bəlkə nə vaxtsa bu həqiqəti də anlayar ümidiylə...
“12 yaşadək uşaqların daşınması üçün xüsusi oturacaq (avto-kreslo) tələbi avtobus və taksi sürücülərinə aid deyil”.
Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, bu qaydalar taksi xidməti ilə məşğul olan şəxsi maşınlarda və ictimai nəqliyyatlarla tətbiq edilməyəcək.
Şöbə rəisinin sözlərinə görə, şəxsi maşın idarə edən və xüsusi oturacaq istifadə etmədən azyaşlını ön oturacaqda daşıyan sürücülər inzibati məsuliyyətə cəlb ediləcək: ““Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsində qeyd edilib ki, 12 yaşadək azyaşlı uşaqların maşının ön oturacağında xüsusi oturacaq ( avto-kreslo) olmadan aparılması inzibati məsuliyyət sayılır. Və buna görə sürücü 3 bal və 60 manat cərimə ilə cəzalandırılacaq”.
V.Əsədov onu da qeyd edib ki, avto-kreslolarla bağlı bu qərar arxa oturacaqlara şamil edilməsə də, sürücü özü arxa oturacaqda daşıdığı azyaşlı sərnişinin təhlükəsizliyini təmin etməlidir: “Azyaşlı uşaqların öndə və arxada nəzarətsiz oturmağı yolverilməz haldır və təhlükəlidir. Sürücülər qorxuya düşüb ki, hamısı cərimələnəcək. Bildirim ki, arxa oturacaqda avto-kreslonun olub-olmamağından, sürücünün buna görə məsuliyyətə cəlb edilib-edilməməyindən asılı olmayaraq təhlükəsizlik qaydalarını təmin etmək sürücünün öz işidir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində konkret göstərilib ki, sürücü özünün və sərnişinlərin təhlükəsizliyini təmin etməlidir. Bir çox inkişaf etmiş ölkələrdə sürücülər arxa oturacaqlarda da azyaşlılar üçün xüsusi oturacaqlardan istifadə edirlər”.
V.Əsədov aydınlıq gətirib ki, azyaşlının arxa oturacaqda da avto-kresloda daşınması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulmayıb, ancaq sürücü təhlükəsizliyi təmin etməyi bacarmalıdır: “Bizim bu işdə məqsədimiz təhlükəsizliyi təmin etmək, yol qəzalarının sayını aşağı salmaq, qəzaların ağırlıq dərəcələrini yüngülləşdirməkdir”.
Baş Dövlət Yol Polisi İdarəsi ölkənin magistral yollarındakı vəziyyətlə bağlı məlumat yayıb. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, hazırda bütün ölkə ərazisində qarlı hava şəraiti hökm sürür. Bütün istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti müşahidə edilir, yollar açıqdır: "Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən yollarında qismən buzlaşma var. Ağsu aşırımında, İsmayıllı yolunun isə bəzi hissələrində buzlaşma müşahidə edilir, amma avtomobillərin hərəkəti müşahidə olunur".
K. Əliyev deyib ki, dünən axşamdan başlayaraq yollara qum, duz səpilməsi həyata keçirilir: "Buna baxmayaraq bəzi sürücülər qış şinləri ilə təchiz olunmamış avtomobillərlə hərəkət edirlər və yolun hərəkət hissəsində qalırlar".
Qar uçqunu nəticəsində Azərbaycan Silahlı qüvvələrin əsgəri həlak olub.
Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.
Hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
- Yaxşıyam, ana, hər şey yaxşıdır. Yox, ac deyiləm. Elə indicə yemişik. Bir azdan posta gedəcəm. Ver qardaşıma telefonu... Sən necəsən? Mən əla. Həmişəki kimi. Hava soyuqdu olmağına, amma əynimiz yaxşıdır. Hə, vaxt çatıb. Məzuniyyətə gələcəm. Nə isə, öpdüm hamınızı. Posta getməliyəm. Hələlik…
Dekabrın 28-i saat 21 radələrində zəng vurub, hamıyla danışmışdı. Nə anası, nə atası, nə də qardaşı - heç kim bir də onunu səsini eşitməyəcəkdi. Amma onun elədiklərinin səs-sorağından bir neçə gün sonra bütün Azərbaycan xəbər tutacaqdı…
***
Həzrədəyik. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailəsində.
Atası Salman kişi qarşılayır bizi. Bakıdan təzə qayıdıblar Qurbanovlar, ölkə prezidenti şəxsən qəbul edibmiş onları. Elə Çingizin Mili Qəhrəman ulduzu və vəsiqəsini də şəxsən təqdim edib onlara. İndi ən qiymətli əşyadır bu evdə.
- Düz 40 gün gözlədim. 40 gün. Sən şəhid olmuş əsgərin meyitini 40 gün saxla?! Bu şərəfsizliyin adı yoxdur. Amma ürəyimdə əmin idim ki, Çingiz bunlara od qoyub ki, belə edirlər. Bilirdim ki, balam bunlara elə belə can verməyib. Bilirdim…
Köks ötürür. Amma nə qəhərlənir, nə də kövrəlir. Çox qürurludur Salman kişi.
- 28-i axşam danışmışdıq. Posta gedəcəkdi. Səhər mən işdəydim. Televizorda ermənilərin sərhədi pozaraq təxribat törətdiyini və nəticədə Çingiz Salman oğlu Qurbanovun itkin düşdüyü barədə xəbər veriblər. Bir də gördüm, yoldaşım zəng edib, ağlayır. Dedim, niyə ağlayırsan, nə olub? Dedi, xəbərlərdə dedilər ki, Çingiz itkin düşüb. Tez qaçıb evə gəldim. Axşam saat 8 xəbərlərində yenə dedilər. Səhər tezdən hərbi hissəyə gedib, komandirlə görüşdüm. Orda bildim ki, oğlum şəhid olub, meyitini isə ermənilər aparıblar. Sən demə, dekabrın 29-u gecə yarısı erməni kəşfiyyat-diversiya qrupu sərhədimizi pozmaq istəyib. Bizim uşaqlar dərhal reaksiya veriblər. Atışma başlayıb. Ermənilər məcburən geri çəkilməyə başlayıb. Atışma vaxtı düşməni geri oturtmaq üçün Çingiz postdan çıxaraq, onları təqib edib. Nəticədə 3 erməni hərbçini öldürüb. Aralarında zabit də olub. Sonradan erməni saytları yazdı ki, Çingizin yaraladığı bir erməni də yanvarda ölüb. Çingizi isə böyründən vurmuşdular. Bilirsən, övlad itkisini Allah heç kimə göstərməsin. Mən oğlumla qürur duyuram. Onun bu cür qəhrəmanlıqla şəhid olması mənim ürəyimi dağa döndərdi. Onun dəfninə minlərlə adam gəlmişdi. Qusarda heç vaxt belə qələbəlik olmamışdı. Mən oğul itkisindən çox, ermənilərin vəhşiliyi ağrıtdı. Onun meyiti gələnə kimi nə yediyimizi bildik, nə içdiyimizi. İndi çox rahatam, çox. O ağır günlərdə dövlət də yanımızda durdu. Prezident məsələni diqqətində saxladı. Çingiz nəinki Həzrənin, bütün ölkənin başını uca elədi. Bax, balkonumuza. Azərbaycanını bayrağını asmışam. O bayraq həmişə orada duracaq. Nə qədər mən sağam. Nə qədər bu ailə burada yaşayır.
Qurbanovlar ailəsində iki uşaq böyüyüb. Çingiz və ondan iki yaş kiçik qardaşı Beytulla. Beytulla da Çingiz kimi Texniki Universitetdə təhsil alır.
- Qardaş kimi əvəzsiz idi. Çox mehriban, sirrini də ancaq mənimlə bölüşürdü. Hər ikimiz təhsil aldığımıza görə, ailəliklə köçmüşdük Bakıya. Dərsə də bir yerdə gedib-gəlirdik. Məndən iki kurs yuxarıda oxuyurdu. O qədər mehriban idi ki, hətta mənim kurs yoldaşlarım da onunla dostluq edirdi. Uşaqlığımız da elə bu kənddə keçib. Burada böyümüşük. Nə deyim, elə bir qardaşı itirdik ki... Amma mən xoşbəxtəm. Bilirsinizmi niyə? Milli Qəhrəman qardaşıyam. Bu ada görə ölməyə də dəyər!
Salman kişi də Çingizin uşaqlığından danışır. Deyir, uşaq vaxtı çox nadinc imiş. Haqsızlıqla barışmırmış. Özündən böyüklər belə nahaq iş görəndə dillənərmiş ki, siz düz demirsiniz.
- Amma dərslərini çox yaxşı oxuyurdu. Məktəb Azərbaycan dilindəydi, amma özü sərbəst şəkildə rus dilini də öyrənirdi. İdmanla məşğul olurdu. Texnik fənlərə xüsusi marağı vardı. Ona görə də Texniki Universiteti seçmişdi. Çingizin oxuduğu fakültə Müdafiə Sənayesi Nazirliyinin kurasiysındyadı. Çingiz universitetə girən il açılmışdı, xüsusi texnika və texnologiya fakültəsi. Bütün respublika üzrə cəmi 14 nəfər qəbul planı vardı. O uşaqlardan biri Çingiz idi.
Salman kişinin dediyinə görə, fakültə təzə açıldığından lazımi ədəbiyyat da yox imiş Azərbaycan dilində.
- Ona görə də bütün günü internetdə rus dilində ədəbiyyat axtarırdı. Sonrada onları konspektləşdirib Azərbaycan dilinə çevirirdi, qrup yoldaşlarına verirdi ki, imtahanlara hazırlaşsınlar. Universitetdən də gəlmişdilər, dedilər, çox istedadlı bir mühəndisi itirdik...
İltifat Qurbanovların qonşusudur. Oğluyla Çingiz dost olublar, həm də bir yerdə oxuyublar.
- Bu kəndin yetişdirdiyi nadir istedadlardan biriydi. Körpəliyi belə gözümün qabağındadır. Nadinc, dəcəl uşaq idi. Amma böyüdükcə, dəcəllikdən də əsər-əlamət qalmadı. Çox istiqanlıydı. Kənddə hamı xətrini çox istəyirdi. Özünü istədən uşaq idi. Siz bir görəydiz onun dekanı necə hönkür-hönkür ağlayırdı qəbri üstə. Eləcə də müəllimləri. Öz oğlumuzu itirdik deyirdilər. Çingiz hamımızın oğluydu. Həzrənin başını uca elədi balamız.
Salman kişinin dediyinə görə, şəhid olmasaydı, bir-iki günə məzuniyyətə gəlməliydi. On gün qalacaqdı.
- Gözaltısı vardımı?
- Məncə yox, təhsilini davam etdirmək istəyirdi. Magistraturaya girəcəkdi. Fikirləşirdim ki, bəlkə anasına deyər, amma yox imiş. Həm də bizə deyirdi ki, nə evlənmək, təhsilimi bitirim, işə girim, işləyim sonra. Keçən ilin yayında bitirdi. Dedi, əsgərliyə gedim qayıdım. Hamı əsgərliyə gedir, mən yox? Deyirdi ki, bizim qrupumuz bu sahədə Azərbaycanda ilk buraxılış olacaq. Universitetdən də demişdilər ki, hamınızın təyinatı, iş yeri hazırdır. Görünür qismət beləymiş. Nə biləydim ki, balamın diplomunu da özüm alacam. Sonuncu dəfə andiçməsinə getmişdik anasıyla. Avqust ayında. Elə son gördüyümüz də o oldu. Ancaq gələcək dərslərindən danışırdı. Planlarını cızırdı, arzularını deyirdi. “Konspektlərimdən muğayat olun” – deyib, gülürdü. Baxın, bütün şəkillərində gülür. Elə bir şəkli yoxdu əlimizdə ki, gülməsin, gülümsəməsin. Gülə-gülə getdi oğlum, həm də alqışlarla. Hamı alqışladı balamı, son mənzilinə gedəndə. Hamı, bütün Qusar, Həzrə, hər yerdən gələnlər. Mən necə ağlaya, kövrələ bilərdim bu alqışları arasında. Deyirsiz, çox qürurluyam. Əlbəttə, Çingiz kimi oğlu olan necə olmalıdır?!
Dediyimiz kimi, Qurbanovlar Azərbaycan prezidentinin qəbulunda olublar. Prezident Milli Qəhrəman qızıl ulduzunu təqdim edib Salman kişiyə.
- Prezident Çingizin məsələsini həmişə diqqətdə saxladı. Mənə dedi ki, belə gözəl övlad böyütdüyünüzə görə, sizə minnətdaram. Qayıtdı ki, dünən üç mərasimini vermisiz deyə, bu gün sizi dəvət elədim, onun halal haqqını Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim. Dedi ki, bütün Azərbaycan Çingizlə fəxr edir, onun adı əbədiləşdiriləcək. Mən də dedim ki, bu qiymət bütün şəhidlərimizə verilən yüksək qiymətdir. Dedim, mən çox xoşbəxtəm ki, şəhid atasıyam. Onu əmin etdim ki, sizin əmrinizlə bu saat da silah götürməyə, torpaqlarımızı azad etməyə, oğlumun, şəhidlərimizin qisasını almağa hazıram.
Həzrə kənd məktəbində isə Çingizin oxuduğu sinifdə onun əyləşdiyi partaya qərənfillər düzülüb. Sinif rəhbəri Svetlana Rəhimxanova onun xatirəsinin həmişə yaşayacağını deyir.
- Onu unutmayacağıq. Bizim məktəbin, kəndin adını uca tutdu. İndi Həzrə deyəndə ilk yada düşən Çingiz olacaq. Bizim tərbiyəli, vətənpərvər şagirdimiz, Çingiz.
İndi Çingizin məzarı həzrəlilərin ziyarət yerinə çevrilib. Üç mərasimi bitsə də qarlı-çovğunlu havaya baxmayaraq, hələ də insanlar Həzrəyə axışır.
Anar Şıxızadaylə rastlaşırıq. Xaçmazdan gəldiyini deyir.
- Nə qohumumdur, nə yaxınım. Düzü, bu kəndin yolunu da bilmirdim, ilk dəfəydi gəlirəm. Amma özümə borc bildim. Ən azı təskinlik verə bildimsə, xoşbəxtəm.
Elə biz də ilk dəfəydi Həzrədəydik. Anar kimi, yolunu belə bilmirdik. Şəhidlərin yeri cənnətdir, sözsüz. Və bu kəndin özü sözün həqiqi mənasında cənnət kimi bir yerdir. Bu kənddə Şeyx Cüneydin məqbərəsi var. Şah İsmayılın babası Cüneydin. Çingizin böyüyüb başa çatdığı evin 100 addımlığında. Çingiz Həzrənin ilk şəhididi. Elə Cuneyd də şəhid idi. Bu isə tamam başqa bir tarixdi.
"Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik".
Bunu baş nazirin müavini Əli Əhmədov deyib. Ə. Əhmədov bildirib ki, hökumət tərəfindən qiymətlərin daha sürətlə artmaması üçün vacib olan tədbirlər görülür: "Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənardayam. Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat , yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır".