Paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 09:30 olan məlumata əsasən, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhər istiqamətində) sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyi sürücülərin diqqətinə çatdırır ki, yollar buz bağladığına görə nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.
“Yerevana kimi uça bilmirik. Azərbaycan buraxmır. Uçuş qadağan olunub”-deyə dispetçer səs yazısında deyir. Sonradan ekipaja geriyə - Soçidəki hərbi aerodroma qayıtmaq əmr olunub. Gecə saatlarında təyyarə Soçidə eniş edib.
Azərbaycanda taksilərə onlar üçün ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etmələri qadağan edilir və buna görə cəzalar müəyyənləşdirilir.
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə edilib.
Məcəlləyə əlavə edilən 322.0.8 maddəsinə görə, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir və buna görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycandan Ümrə (kiçik həcc) ziyarətinə getmək istəyənlər üçün üç müxtəlif məbləğdə qiymət müəyyənləşdirilib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib. Onun sözlərinə görə, bu il Ümrə ziyarətinə gedənlər xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait ödəməli olacaqlar: "İndi sənədlərin qəbuluna başlanılıb və ilk qrup düzələn kimi ziyarətlər reallaşacaq. Hər qrupda 25-30 nəfər olur. Ziyarət üçün nəzərdə tutulan qiymətlər oradakı otellərin, xərclərin əsasında müəyyənləşir. Ümrə ziyarəti 10 gün müddətində başa vurulur. İkinci dəfə Ümrə ziyarətinə gedəcək olanlar 530 dollar əlavə vəsait ödəyəcəklər. Sənəd verənlər arasında ikinci dəfə Ümrə ziyarətinə getmək istəyənlər də var".
ÖIkədə yeni qızıl, gümüş və mis sahələri aşkarlanıb
Kiçik Qafqazın Azərbaycana aid hissəsində köklü qızıl yataqlarında aparılan axtarış nəticəsində Tülallar qızıl təzahürünün yüksək perspektivliyə malik olması müəyyənləşib. Təzahür Göygöl rayonunun eyni adlı kəndi yaxınlığında, rayon mərkəzindən 45 km məsafədə yerləşir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib kim, təzahürün güclü kvarslaşmaya məruz qalan sahələrində keçilən dağ qazmalarından alınan nəticələrə əsasən, zonanın filizli hissəsinin qalınlığı yer səthində və mağara horizontlarında 12-90 m arasında dəyişir və burada qızıl 0,4-33,5 qram/ton, gümüş isə 0,5 - 48,4 q/t arasında qeyd olunur: “Tülallar təzahüründə qızılın resursları, hazırda istismar olunan Gədəbəy qızıl-mis və Çovdar qızıl yataqlarının ehtiyatlarına yaxındır və yatağın dağ-texniki şəraiti hər iki yatağa nisbətən istismar üçün daha əlverişlidir.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müstəqil qurumu laboratoriya şəraitində Tülallar yatağının filizlərinin texnoloji işlənməsi prosedurlarını araşdırırkən ekoloji cəhətdən daha səmərəli hesab olunan flotasiya üsuluna üstünlük verilib və qızılın yüksək çıxımına (90%) nail olunub”. “Son illərdə, Goranboy rayonunda yerləşən Başqışlaq sahəsində axtarış zamanı müsbət nəticələr əldə olunub, qızıla, gümüşə və misə perspektivli sahə ayrılıb. Bundan başqa, Göygöl rayonunun Əzgilli sahəsində də qızıla və gümüşə müsbət nəticələr alınıb”, - deyə Xidmətdən bildirilib.
Ölkədə yağış, sulu qar, qarlı hava şəraiti müşahidə olunacaq
Bakı və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İverilən məlumata görə, havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-5° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütгnundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Dekabrın 6-da Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü küləkli və rütubətli hava şəraiti əksər insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Dekabrın 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yolların buz bağlama ehtimalı var.
Qoç - çox uğurlu gündür. Başladığınız işlərin praktiki olaraq hamısını başa vura bilərsiniz. Peşəkar fəaliyyət sahəsində qeyri-standart və mürəkkəb problemlərin həlli ilə bağlı problemlər yaranmayacaq.
Buğa - eksperimentlər aparmaq, qarşınıza qoyduğunuz məqsədə doğru fərqli yollar aramaq olar. Məhz belə davranmağınızın səbəblərini yaxın ətrafınızdakı insanlara açıqlamaya da bilərsiniz.
Əkizlər - lider məziyyətlərinizi nümayiş etdirin. Yaxınlarınızla tərəfdaşların təşəbbüslərinə mane olmayın. Maliyyə məsələləri baxımından əlverişli zamandır. Alış-veriş etmək olar.
Xərçəng - baş verənlərə rəğmən sakit və təmkinli olun. Çətin olsa da, çalışın. Günün ortaları ən mürəkkəb zamandır. Emosiyaların əsirinə çevrilsəniz, işlər alt-üst olacaq. Aqressiv, davakar, qıcıqlı davranmayın.
Şir - işdə rəhbərliklə münaqişə istisna deyil. Günün ikinci yarısında planlaşdırılmamış alış-verişdən, bədxərclikdən uzaq olun. Ən xırda və kiçik məsələlərdə belə, sayıq davranın. Sonradan acı təəssüf hissi yaradacaq yanlışlıqlara yol verməyin.
Qız - asan və sadə gündür. Faydalı təmaslar qurmaq, yaxşı məsləhət verəcək və ya dəstək olacaq insanlarla tanış olmaq mümkündür. Yeni tanışların rəğbətini qazanmağa çalışın.
Tərəzi - gks cins mənsubunun diqqətini cəlb edəcəksiniz. Təcrübənizdən maraqlarınızın təminatı üçün yararlanmaq zamanıdır. Axşam saatlarında diqqətli olun.
Əqrəb - uğur vəd edən gündür. Diqqətli olun, yeni təmayülləri izləyin. Fikir və təşəbbüslərinizin yaxın ətrafınızdakı insanlar tərəfindən qəbulu üçün təsirlərə əl atmayın. Yaşamınızda yeni imkanlar paradoksal şəkildə yarana bilər.
Oxatan - qüvvənizi mənasız işlərə sərf etməyin. Ən vacib məsələ ilə məşğul olun. Daxili gərginlik sizi yora bilər. Günün ikinci yarısında işlərə yardımçı cəlb edin.
Oğlaq - layihənizi reallaşdırmağa başlayın. Avadanlıq, texnika və mexanizmlərlə çalışarkən diqqətli olun.
Dolça - dəqiq niyyətləriniz olmadan danışıqlar aparmayın. Planlar və ideyalar cazibədar təsir bağışlaya bilər. Lakin dəqiq hesab və ilkin hazırlıq olmalıdır.
Balıqlar - başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın. İşgüzar münasibətləriniz və yaxın təmaslarınızın olduğu insanlarla sərt davranmayın.
Gələn il Azərbaycanda minimum əmək haqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumunun həddinin tədricən artırılması nəzərdə tutulur.
Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nın layihəsində deyilir.
Layihədə qeyd olunub ki, gələn il həmçinin əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərinin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və bir yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri adları olanların, fərdi təqaüdlərin, Milli Qəhrəmanların, 20 yanvar və digər kateqoriyalardan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhid ailə üzvlərinə, müharibə veteranlarının aylıq, uşağın doğulması və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərə birdəfəlik müavinətlərin artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Hakerlər “Emirates” şirkətinin reyslərinə pulsuz biletlər söz verərək fərdi informasiyanı toplayırlar.
İstifadəçiyə “Emirates” şirkəti ilə uçuşlar təcrübəsi haqda bir neçə suala cavab vermək və anketi 10 “WhatsApp” istifadəçisi ilə bölüşmək təklif edilir.
ICTnews bildirir ki, şərtləri yerinə yetirdikdə “uduş”a görə təbrik edilir və “mükafat”ın rəsmiləşdirilməsi üçün aviaşirkətin saytına keçmək təklif olunur.
Reallıqda isə istinad kənar saytadır və istifadəçi “təşkilatçılarla əlaqə yaratmaq üçün” mobil telefonunun nömrəsini qeyd etməlidir. Nömrə bahalı SMS xidmətlərə abunə üçün istifadə ediləcək.
Ekspertlər ingilis, alman, ispan və portuqal dillərində spam göndərmələr və müvafiq saytlar aşkar ediblər.
İstifadəçilərə “WhatsApp” messencerində spama məhəl qoymamaq, belə “aksiyalarda” iştirak etməmək və şübhəli saytlarda fərdi informasiyanı daxil etməmək tövsiyə edilir.
Qoç - önəmli sənədlər imzalamaq, uzunmüddətli anlaşmalara varmaq məsləhət deyil. İşgüzar təmaslarda həddən artıq diqqətli və sərvaxt olun. Mühüm danışıqlarla görüşlərdə səlis davranın, formal şərtlərə riayət edin.
Buğa - ekstravaqant təsir bağışlamağa can atmayın. Hüquqi məsələləri həll etmək, məhkəməyə şikayət etmək sərfəli deyil. Yaxınlarınızdan biri ilə əldə edilmiş razılığı unutmaq, birgə layihənin təfərrüatlarını yaddan çıxarmaq təhlükəsi var.
Əkizlər - bir qədər ehtiyatlı və sayıq olun. Özünüzə həddən ziyadə güvənməyiniz nəticəsində müttəfiqlərlə rəqibləri yanlış dəyərləndirərək sonradan peşmançılıq hissi yaradacaq səhvlər edə bilərsiniz.
Xərçəng - uzaq səfər və ya trivial gəzinti üçün sərfəlidir. Uzaqdan gələn insanla qarşılaşa bilərsiniz. Hədiyyə, yaxınlarda sürpriz istisna deyil. Ailə üzvlərinizi sevindirmək şansını əldən verməyin.
Şir - gün uğurlu olacaq. Nailiyyətlərinizə paxıllıq edirlər. Maliyyə məsələlərində irəliləyəcəksiniz. Sərfəli anlaşmalara nail olacaqsınız. Alış-verişdə simiclik etməyin. Yeni tanışlıqlar olacaq. Fəqət, münasibətlər istədiyiniz kimi dinamik və sadə deyil.
Qız - başqasının mövqeyini dinləməmək cəhdi problem yarada bilər. Liberal olun. Tənqidə sərt reaksiya verməyin. Dözümlü davranın. Sağlam məntiqdən xəbər verən qeydlərə huşyar olun.
Tərəzi - rəqabət mübarizəsində təmkinli, amma iradəli olun. Bədxahları üstələyin. Sövdələşmək, əməkdaşlıqla bağlı sənəd imzalamaq olar.
Oxatan - imicdə dəyişikliklər üçün əlverişlidir. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Qeyri-standart, parlaq ideyalar ola bilər. Yaxşı gəlir istisna deyil.
Oğlaq - əlverişli gündür. Qarşınızda yeni, perspektiv imkanlar yaranır. Mürəkkəb işlərdə uğur qazanmaq, çətin işləri həll etmək imkanları var. İstənilən format və səviyyəli görüşlər uğurla başa çatacaq. Əvvəllər rəqiblərinizi dəstəkləyən insanlar indi sizə yardım edirlər.
Dolça - özünüzü peşman və günahkar hiss edəndə yanlışlıqların fəsadlarını aradan qaldırmaq üçün konkret addım atın.
Balıqlar - emosiyalarınızın öhdəsindən gəlin. Hirs və qıcıq problemlər yarada bilər. Dəyər verdiyiniz insanlarla münasibətləri sərinləşdirməyin, münaqişə etməyin.
Qarabağda "dünya müharibəsi”, yoxsa... - Böyük hücuma hazırlıq
"Rusiya Ermənistana "İsgəndər”ləri verdi. Azərbaycan dərhal İsraildən "Dəmir günbəz” almaq üçün hərəkətə keçdi. Azərbaycan həmçinin, Pakistandan müasir silahlar almağı düşünür. Bakı bu hüquqa malikdir və heç kim ona necə hərəkət etməli olduğu ilə bağlı göstəriş verə bilmir”
Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün danışıqlar masasında yer almaqla yanaşı, öz hərbi arsenalını da gücləndirir. Bu, işğal olunmuş torpaqların azad olunması alternativinin hər an qüvvədə olduğu deməkdir.
Bir neçə gün öncə "Bloomberg” agentliyi dünyadakı münaqişələrin tədqiqatını aparan Stokholm İnstitutunun məlumatlarını dərc etdi.
Məlumatda deyilir ki, Azərbaycan son 10 ildə silah alınmasına 22,7 milyard dollar pul xərcləyib. Bu, Avropada hərbi texnikanın ən böyük idxalçısı olmaq deməkdir.
"Bloomberg” qeyd edir ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistan dövlət büdcəsindən çoxdur.
Ötən həftə "2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin məxaric hissəsinə müdafiə xərclərinin artırılması ilə bağlı əlavələr edildi. Yenilənmiş layihədə müdafiə xərcləri 63,6 faiz oldu, yaxud 1027 milyard manat artdı. Bu, 1 milyard 545 milyon dollar, yəni 2 milyard 642 milyon manat deməkdir.
Ermənistanın 2017-ci il büdcəsində isə müdafiə xərcləri cəmi 440 milyon dollar təşkil edir.
Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan hərbi arsenalının inkişafı üçün İsrail, Rusiya, Türkiyə, Cənubi Koreya və s. ölkələrdən silah alır. Bu siyahıya Pakistan da əlavə edildi.
Ermənistan Azərbaycanla ayaqlaşmaq üçün bir sıra cəhdlər edir. Rusiyanın Ermənistanla vahid ordu yaratmaq müqaviləsi İrəvanın əlini gücləndirmiş kimidir. Digər tərəfdən, İrəvan "İsgəndər”lərlə öyünür və sentyabrın 21-də paradda nümayiş etdirdiyi raketlərin "İsgəndər-M” olduğunu iddia edir. Halbuki, bunun "İsgəndər-E” raket kompleksi olduğu və Rusiyanın Gümrüdəki hərbi bazasına məxsus olduğu məlumdur.
Bütün bunların fonunda Dağlıq Qarabağ ətrafında diplomatik danışıqlar dayanıb. Prezidentlərin sonuncu görüşü iyunun 20-da Sankt-Peterburqda baş tutub və o zamandan artıq 5 ay keçir. İlin sonuna yaxın yeni bir görüşün olacağını demək çətindir.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü isə dekabrın 8-də Hamburqda baş tutacaq. Bu, prezidentlərin növbəti görüşünün hazırlanması məqsədi daşıyır. Təbii ki, razılıq olarsa.
Bütün gözlər Hamburq toplantısına dikilib. Əgər bu toplantıda hansısa müsbət məqamlar olmasa, o zaman proseslər qaynar mərhələyə keçə bilər. Rəsmi Bakı bunu istisna etmir. 12-18 noyabr tarixlərində keçirilən genişmiqyaslı təlimlər də bu mesaja hesablanmışdı. Proseslərin bundan sonra hansı məcrada inkişaf edəcəyi müəmmalı olaraq qalır.
Rusiyalı hərbi ekspert Dmitri Litovkin hesab edir ki, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır: "Hərbi büdcənin artırılması, hərbi texnikanın alınması təhlükəsizliyin təmin olunmasına hesablanıb. Görünür, tərəflər münaqişənin sülh yolu ilə həllinə artıq ümid etmirlər”.
Ekspert qeyd edir ki, Moskva hər iki tərəflə hərbi əməkdaşlığı davam etdirməklə, balansı saxlayır.
"Rusiya Ermənistana "İsgəndər”ləri verdi. Azərbaycan dərhal İsraildən "Dəmir günbəz” almaq üçün hərəkətə keçdi. Azərbaycan həmçinin, Pakistandan müasir silahlar almağı düşünür. Bakı bu hüquqa malikdir və heç kim ona necə hərəkət etməli olduğu ilə bağlı göstəriş verə bilmir”, - deyə ekspert vurğulayıb.
Digər hərbi ekspert Pavel Felqenqauer də Dağlıq Qarabağda müharibə riskinin yüksək olduğunu deyir.
"Azərbaycan və Ermənistanda atılan addımlar təkcı qızğın silahlanma deyil, bu, ciddi hərbi qarşıdurmaya hazırlıqdır. Bu gün münaqişədə diplomatik həlli tapmaq faktiki olaraq sıradan çıxıb. Lakin xarici güclər Qarabağda müharibəni istəmirlər. Suriya, Ukrayna münaqişələri var, Avropa "Brexit” problemini yaşayır, ABŞ isə müəmmalı dövrə qədəm qoyur. Rusiyanın da başı başqa işlərə qarışıb. Həmçinin, Kremlin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşü keçirildi. Nəticə isə yoxdur. Görünən odur ki, hələlik heç kim münaqişənin həlli ilə məşğul olmayacaq. Ermənistanda vəziyyət belədir ki, rəhbərlik güzəştə getsə, siyasi ölümlə üzləşəcək. Azərbaycan isə regionda ən güclü orduya malik olan ölkə kimi güzəştə getməyəcək. Apreldə "dördgünlük müharibə”dən sonra, artıq genişmiqyaslı müharibə riski var. Əgər eskalasiya yenidən olacaqsa, bu daha böyük olacaq və ciddi nəticələrə gətirib çıxaracaq”.
Ermənistanda daxili vəziyyətin pis olduğuna diqqət çəkən ekspert bunun fonunda Azərbaycanın dəfələrlə güclü olduğunu vurğulayıb.
P.Felqenqauer hesab edir ki, müharibə başlayacaqsa, bu, iki ssenari üzrə davam edə bilər.
"Birinci ssenari aprel variantıdır. Yəni, əsas mövqeləri tutaraq, dayanmaq.
İkinci ssenari, genişmiqyaslı müharibədir və bura başqa ölkələr də qoşula bilər”, - deyə hərbi ekspert diqqətə çatdırıb
İsveçli proqramçıların hazırladığı Deseat, internetdəki bütün hesablarınızı tık kliklə silməyinizə şərait yaradır. Artıq internetdən özünüzü silmək çox daha asandır.
Günümüzdə ortalama bir internet istifadəçisinin onlarla fərqli platformada hesabı olur. Bu da, bir gün özünüzü internetdən silmək istədiyinizdə tək-tək hamısını silməklə məşğul olmaq deməkdir.
Xəbərimizə mövzu olan Deseat.me platforması isə, özünüzü tək kliklə internetdən silə bilməyinizə şərait yaradır.
Bütün hesablarınızı tək ekrandan bağlayın
İsveçli proqramçılar Wille Dahlblo və Linus Unneback tərəfindən hazırlanan Deseat.me, bütün hesabları sırası ilə tək paneldən silərək sizi böyük bir işdən xilas edir.
Web saytına Google hesabınızla daxil olursunuz və daha sonra internetdə o hesaba bağlanmış Evernote, Facebook və ağlınıza gələbiləcək digər bütün servisləri siyahılayır.
İstəsəniz bu hesablar arasından bəzilərini ya da hamısını bir anda silə bilmək mümkündür.
Əgər siz də internetdə yer alan bütün hesablarınızı bağlamaq kimi radikal bir qərar versəniz, bu linkdən bütün hesablarınızı asanlıqla silə bilərsiniz.
2013-cü ildə “Reuters” ABŞ-ın Geologiya İnstitutuyla birgə maraqlı bir araşdırma aparmışdı. Hər iki qurum 856-cı ildən bəri dünyada ən çox insan tələfatına səbəb olan 28 ən böyük zəlzələsinin siyahısını hazırlamışdı. Siyahıya Çinin Şansi şəhəri başçılıq edirdi. 1556-cı ildə bu şəhərdə baş vermiş zəlzələ nəticəsində 830 min insan həlak olmuşdu.
Siyahıda Azərbaycanını da adı vardı. Söhbət Şamaxı zəlzələsindən gedirdi. Sən demə, 1667-ci ilin bu günündə, 25 noyabrında Şamaxıda baş vermiş zəlzələ nə az, nə çox 80 min can almışdı. Bu, Azərbaycan tarixinin ən dəhşətli zəlzələsiydi.
Orta əsr səyyahlarının yazılarında bu zəlzələnin çox güclü və davamlı olduğu qeyd edilir. Həmin mənbələrə görə Şamaxı şəhəri və ətraf kəndlərdə on minlərlə insan həlak olmuş, əksər evlər dağılmış, torpaq sürüşmələri baş vermiş, yer səthində uzun və enli çatlar yaranmışdı. Səyyahların qeyd etdiyi zəlzələnin davamlı olması fikirləri göstərir ki, bütün güclü zəlzələlər zamanı olduğu kimi 1667 il zəlzələsi də çoxsaylı afterşoklarla müşayiət olunmuşdu. Həmçinin məlum olur ki, afterşokların xeyli hissəsi nisbətən güclü olmuş və yer səthində kifayət qədər yüksək intensivlikli titrəyişlər yaratmışdı.
ABŞ Geologiya institutunun tədqiqatlarında 1667 il Şamaxı zəlzələsinin maqnitudu (Rixter şkalası ilə intensivliyi) 9 bal göstərilir. Bu zəlzələ çox güclü və nəticələrinin fəlakətli olması səbəbindən alim və mütəxəssislər tərəfindən dəfələrlə araşdırılmışdı. Məsələn, akademik Nikonov çoxsaylı tarixi, memuar və digər formalı əlyazmaları toplayaraq zəlzələnin makroseysmik sahəsini və maqnitudunu dəqiqləşdirməyə cəhd edib. Topladığı məlumatlar əsasında Nikonov həmin seysmik təkanın maqnitudunun azı 8 bal olduğunu qeyd edir.
1667 il Şamaxı zəlzələsinin digər tədqiqatçısı B.A.Borisov öz məqaləsində yazır ki, A.A. Nikonovu bu qənaətə gətirən onun həmin dövrlərdə Dağıstan ərazisində də olan güclü zəlzələlər haqqında informasiyaları əldə edərək, onları Şamaxı zəlzələlərinin effekti kimi qəbul etməsi olmuşdu. Borisovun qənatinə görə isə, zəlzələnin gücü 10 bala yaxın olub.
Zəlzələnin dəhşəti öz yerində, amma bir maraqlı məqam da var. Söhbət bilirsinizmi nədən gedir? “Şamaxı batan kimi” ifadəsindən. Yox, bu ifadə tarixin ən böyük zəlzələsindən sonra yaranmayıb.
Söhbət 1859-cu il zəlzələsindən gedir. Bu zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılmışdı, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb və quberniyanın özünün adı da yenilənib – Bakı quberniyası. Zəlzələ nəticəsində cəmi 1000 nəfər dünyasını dəyişib. Məhz bu zəlzələdən sonra “Şamaxı batan kimi” ifadəsi yaranıb.
Bu hadisədən 43 il sonra isə Şamaxıda daha böyük zəlzələ baş verib. 6.9 bal gücündə baş verən zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.
Hətta İspaniyanın “La Vanguardia” qəzetinin 12 mart sayında bu zəlzələyə böyük bir yazı həsr edilib. Sitat:
“Şamaxı bir neçə il öncəyə qədər vilayətin paytaxtı olmuş, Zaqafqaziyada yerləşən və 30000 əhalisi olan, inkişaf edən bir şəhər idi. Amma Şamaxı kimi “bədbəxt şəhər” təsəvvür etmək çətindir. Zaqafqaziyanın geoloji strukturunu 40 il araşdıran geoloq Abix deyirdi ki, Şamaxı Zaqafqaziyanın ən təhlükəli nöqtəsində yerləşir, ya bu şəhəri tərk etməli, ya da güclü sarsıntılara dözə biləcək binalarla yenidən inşa etmək lazımdır.
Amma alim olmağına baxmayaraq ona fikir vermədilər. Bu ilin yanvarın otuz birində isə, günorta saat birdə fəlakət baş verdi. Bütün şəhər ayaqda idi, bazarlarda işləyirdilər, hamamlar qadınlar və uşaqlarla dolu idi.
Və birdən gördülər ki, yer yarılır, evlər, binalar, bütün sakinlər yırğalanırdı. Bu dəhşətli mənzərə bir neçə dəqiqə davam etdi. Sonra bu yaşayış massivi insanların ah-naləsi ilə birlikdə elə bir xarabalığa çevrildi ki, sanki heç vaxt mövcud olmamışdı. Şiddətli bir gurultu ilə şəhər tamamilə dağılmışdı. Şamaxıdakı altı min evdən, doqquzu ancaq salamat qala bilmişdi. Qalan hər şey artıq uçmuşdu. Bu dəhşətli silkələnmədən sonra böyük bir toz buludu hər yeri bürüdü və şəhərdə sağ qalanların gözünü tutdu. Bu toz buludu ilə birlikdə şəhərdən alovlar da yüksəlməyə başlamışdı.
Havanın soyuq və qarlı olması səbəbi ilə demək olar ki, hər evdə soba yanırdı. Bunun nəticəsində də şəhərin hər yerində yanğınlar ortaya çıxmış, fəlakət fəlakətə qarışmışdı.
Qapqara tüstü ilə toz dumanı bir birinə qarışanda, Şamaxı şəhəri artıq alovlar içində idi. Uçqunlar arasında minlərlə ölü və yaralı qalmışdı. Zəlzələdən sağ qalanlar indi də boğulmağa başlamışdı.
Ardıcıl silkələnmələrdən qorxan və öz başlarının çarəsinə baxan insanlar, uçqun altında qalan ölülərini axtaracaq, fikirləşə biləcək vəziyyətdə deyildilər”.
Rusiyada çap olunan məşhur “Niva” jurnalı bu zəlzələ haqqında yazırdı: "Zəlzələ ərəfəsində şəhərdə 22 min adam yaşayırdı. 2000 nəfər ölmüş, 16 min adam evsiz-eşiksiz qalmış, 4000 ev, 8 məscid dağılmış, bazar yanmışdı. Zəlzələ nəticəsində 900 illik tarixə malik Cümə məscidi də dağılmışdı. 11 şəhər hamamında qadınlar və uşaqlar batmışdı. Zəlzələ qadınların hamam növbəsində (saat 3-dən sonra) baş verdiyindən, ölənlərin çoxu qadın idi. Bundan əlavə, hüzr yerlərində də 70-dən çox adam ölüb. Yaralılara cəmi 3 həkim və 1 tibb bacısı yardım edib”.
Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət “camaatın əmiri” kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərmişdir. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilib.
Terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı-şaxtalı günlərdə sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyə edir. BDYPİ bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.
Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bu səbəbdən hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində, xüsusən də Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.
Yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı 20 yanvar dairəsi, Tbilisi prospektindən şəhər istiqamətində, Yusif Səfərov küçəsindən şəhər istiqamətində və Babək prospektindən şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.
Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.
Respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır. Texniki cəhətdən nasaz olan, mövsümi qış şinləri ilə təchiz olunmamış avtomobillərin sahiblərindən, eləcədə qarlı-buzlu havalarda nəqliyyat vasitəsini idarəetmə təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Yolu və meteoroloji şəraiti nəzərə alaraq düzgün hərəkət surəti seçsinlər.
Vaqif Əsədov bildirib ki, hazırda Yol Polisi güclündirilmiş iş rejimndə çalışır. Ümumiyyətlə isə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsi, hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan şaxtalı hava hələ bir neçə gün davam edəcək.
Azərbaycanda piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb. 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Əhalinin hər 100 000 nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 2016-cı ilin əvvəlində əhalinin hər 100 000 nəfərinə düşən bu xəstələrin sayı isə 51 nəfər olub.
Ötən il piylənmə aşkar edilmiş uşaqların 46,8 faizi qız, 53,2 faizi oğlan olub. Piylənmə aşkarlanmış qızların 66,8 faizi 13 yaşına qədər, 33,2 faizi 14-17 yaşlarında olub. Oğlanlarda isə bu göstərici müvafiq olaraq 65,1 və 34,9 faiz təşkil edib.
Bəs, pislənmənin qarşısını necə almaq olar? Artıq çəkidən uzaq olmaq üçün hansı qidalardan imtina etmək lazımdır?
Musavat.com məsələ ilə bağlı diyetoloq Leyla Zülfiqarova ilə əlaqə saxlayıb. Diyetoloq bildirib ki, piylənmənin getdikcə çoxalması meqapolis həyatı yaşamağımızla əlaqədardır: “Qloballaşan şəhərlərdə insanların piylənməməsi mümkün deyil. Piylənmə yaşı da çox azalıb, bu problemi 5 yaşlı uşaqda da görmək mümkündür. Ən təhlükəlisi də odur ki, cinsi yetişkənlik dövrünə girən uşaqlar çəki problemi yaşayır, bu da 8–13 yaş aralığında olan mərhələdir. Qız uşaqları əsasən piylənmədən, oğlan uşaqları ya piylənmə, ya da əksinə, çəki itirmə problemindən əziyyət çəkir və bununla bağlı bizə müraciət edirlər. Artıq metabolik xəstəliklərin tüğyan etdiyi ölkəyə çevrilmişik. Buna səbəb də hazır və süni qidalardır. Uşağını bağçaya yola salan ana onun çantasına paketləşdirilmiş şirniyyat növü qoyur.
Əslində isə meyvə, çərəz, quru meyvə qoysa, uşağın sağlamlığına daha müsbət təsir etmiş olar. Piylənmə bütün dünyada problemə çevrilib, amma bu problemin həlli yolları da var. Süni, işlənmiş qidalarla mübarizə aparan komandalar var. Azərbaycanda da biz dietoloqlar media vasitəsilə insanları məlumatlandırmağa çalışırıq. Piylənmənin aradan qaldırılması üçün tədbirlər görülməlidir, bağça və məktəblər üçün özəl menyular hazırlanmalıdır. Bir çox ölkələrdə məktəblilərə süd verilir, bu, gözəl addımdır.
Protein qəbul edən uşaq bəsit, aşırı karbohidratlı qidadan uzaq durur. Bizdə isə hələ də analar uşaqlarına səhərlər şirin çay içirdir. Artıq kiçik yaşlı uşaqlar da şəkərli diabetdən əziyyət çəkir. Bir an öncə tədbir görmək lazımdır. Çünki biz stereotipləri qıra bilməyən millətik. Gündəlik alışqanlıqlarımızdan xilas olmalıyıq. Uşaqlarımızı düzgün qidalandırmalıyıq. Yoxsa, piylənmənin qarşısını ala bilməyəcəyik”.
L.Zülfiqarova qeyd edib ki, insanlar axşamlar yediyi qidalara xüsusi diqqət etməlidir: “Elə peşə sahibləri var ki, onlar vaxtı planlamada əziyyət çəkir, bütün günü ora-bura qaçır, ayaqüstü qidalanır, “fast food”a üstünlük verirlər. Onu deyim ki, axırıncı qida yatmazdan 3 saat öncə qəbul olunmalıdır. O zaman da nə yediyimiz önəmlidir. Süni, işlənmiş qidalar, qazlı içkilər qəti şəkildə axşam qəbul edilməməlidir. Insanlar çalışmalıdır ki, gün ərzində bol su içsin. Amma plastik qablarda suyun saxlanılması və içilməsi ziyandır. Həyat rejimimizi düzgün qidalanma prinsipi üzərində qurmalıyıq. Havalar soyuyan kimi insanlar xaşa, xəngələ üstünlük verirlər. Xəmir xörəkləri orqanizmə heç bir vitamin ötürmür. İnsanlar deyirlər ki, “R” hərfi olmayan aylarda balıq yeməzlər. Bu, səhv fikirdir. Ondan əlavə düşünürlər ki, xaş, xəngəl qış yeməyidir. Əslində xaşın da orqanizmə zərərləri çoxdur. Xaş bir gün ərzində bişir, hazırlanması o qədər uzun çəkən qida orqanizmə ziyan etmədən keçə bilməz. Xaşı səhər yeyirlər ki, bütün gün ərzində həzm olunsun. Xaşda doymuş yağ qidaları çoxdur, bu da qan damarlarında dövriyyəni çətinləşdirir və kirəcləşib damarlarda qalır. Ürək, qan-damar xəstəliklərinin yaranmasına səbəb olur. Qeyri-düzgün bəslənmə bizim bir çox xəstəliklərlə üzləşməyimizə səbəbdir. Ona görə də uşaq yaşlarından düzgün qida proqramı hazırlanmalıyıq”.